adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

GƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR...

VAQİF YUSİFLİ
18107 | 2018-08-11 09:50
ƏDƏBİ HƏYAT

(əvvəli ötən saylarımızda)

Şəfa Vəlinin "Poçtolyona məktub" şeirlər kitabı da ədəbi gəncliyin bir axarını, bir yönünü açıqlamaq baxımından maraq doğurur. Məsələ burasındadır ki, cavanların, xüsusilə, şeir yazan gənc xanımların şeirləri əsasən bir mövzunu əhatə edir-Sevgi onların şeirlərində başlıca xətti, deyilməli sözün özülünü, hərəkətini, axarını müəyyənləşdirir.

Dünyanın yarısıdı,
Süleymanın qarısıdı,
Bəxt gülünün sarısıdı,
Səni sevmək...

Utanan bir üz tapmaqdı,
Ömrə əbədi qonaqdı.
Quş qanadında uçmaqdı,
Səni sevmək...

"Səni sevmək" əslində, yaşamaqdı, dünyanın gözəlliyini dərk etməkdi. Şəfa Vəlinin lirik qəhrəmanı bir sevgi ömrünü yaşayır, daha doğrusu, bu sevgi "oyun" deyil, yaşanılan hisslərin, duyğuların bitməzliyidir. "Gecələr aya baxıram, Sənsizliyi yaşayıram", "Səni deyə-deyə yumdum gözümü, Səni deyə-deyə qalmışam sənsiz", "Ölmək istəyirəm, sənli ürəyi Dünyanın köksündən qoparmaq üçün", "Getdin...Arxanca səpməyə, Gözümün yaşı yetməz ki?" və s.-hiss olunur ki, onun lirik qəhrəmanı öz eşqinə vəfalı bir qızdır. Kama yetməyib, tərəf-müqabilindən ancaq xatirələr qalıb. Amma bu xatirələrdə bir sevginin yaşı var. "Yaşayıram çox illəri, Səndən qalan xəyallarla".
Şəfa Vəlinin lirik qəhrəmanı - sevən qız beləcə xəyallarla ovunur, gah sevdiyi insanın şəklini qoynuna basıb etiraf edir ki, o şəklə bircə gün baxmasa, günü axşam olacaq, gah gözünü yollara dikib "hələ də o yollar boynumu burur, günahkar, günahkar baxır üzümə" deyir, gah da poçtalyona müraciət edir ki: "Qaytar mənim məktubumu, Aparma yara, poçtalyon...Vallah, ağladacaq onu, Titrəyəcək açan əllər" söyləyir. Əlbəttə, lirik qəhrəmanın halına, ayrılıqdan doğan iztirablarına həssas yanaşırıq, sevgi ilə yaşayan bir ürəyin etirafları nə qədər qəmli olsa da, hər halda bu etiraflar səmimi təsir bağışlayır.. Amma məni maraqlandıran odur ki, Şəfa Vəli öz duyğu və düşüncələrini necə ifadə edir, axı, dərdin, kədərin də izharı, bəyanı üçün elə sözlər, ifadələr seçilməlidir ki, səni inandıra bilsin. Məsələn, Şəfanın şeirlərində ən çox işlənən sözlərdən biri də Dərddir.
Ölməyə söz vermirəm,
Gedirəm, bax, gedirəm...
Sənə vida etmirəm,
Dərdə qonaq gedirəm.

Gedişlər möhtəşəmdi,
Yola salan sağ olsun.
Dilimdə pörşələndi,
Burax, sözüm dağ olsun:

Könlünə xoş gəlmədim,
Yolum uzağa düşdü.
Mən səni tərk etmədim,
Səndən qabağa düşdüm.

Burada "dərdə qonaq gedən" sevən qız tərk edilməyi özünə dərd saymır, cismani ayrılıq-yolun uzaqlığı dərdini unutdura bilməz.Fikir var, ifadəsi də poetikdir.Yaxud, "Yanıq Kərəmi" şeirini götürək:

Tənha aşiqlərə keşik gecələr,
Mənim təkliyimə keşik çıxmadı.
Fələklə əlbirdi keşik gecələr
Ümiddən düymələr heç açılmadı.

Yiyəsiz sevdanın saçı pırtlaşıq,
Daha indən belə hörüyə gəlməz.
"Yanıq Kərəmi"yə ağlayan aşiq
Güzgü qabağında gülməyə bilməz.

Bir neçə belə şeiri var ki, Şəfa Vəli bu şeirlərdə ("Hey, arabaçı..." (Açmışam bəxtimin təndir qapısın, Yanmaq da Tanrıya xəyanətdimi?"), "Səməni" ("Çərşənbə tonqalını Gözlərimdə qaladım. Getdim Bakı yolunu...Həsrətimə doladım"), "Tək səbir" ("Nə sənsiz ömrü yaşamaq, Nə də ki, bitirmək olmur"), "Uzaqlar" ("Uzaqlar...Beşik başında Dediyin bir bənd layladır. Ömrümün yarı yaşında Sənə çatmayan haraydı"), "Narıncı ayrılıq" ("Bilirəm unutmamısan. İstəyimiz bir körpəydi. Ağ rəngli gün arzuladıq, Narıncı ayrılıq gəldi"və s.. Amma Şəfa Vəlinin elə şeirləri də var ki, fikrin poetik ifadəsi zəifdir. Məsələn, "Qayıt" şeirində fikir özü də zəifdir, ifadəsi də. "Qadın-şair" şeirində "qadından şair olanı, El-obası daşlayır" kimi qeyri-real sonluq diqqətdən yayınmır. "Dadlı-duzlu ayrılıq" şeiri bəlkə ona görə yazılıb ki, deyilsin: "mən sevdiyim o zalımın Oğlu da var...Qızı da var". "Yarımömürdə şeir"i daha yaxşı sonluqla tamamlamaq olardı.
Arzum budur ki, Şəfa Vəli onun lirik qəhrəmanına dərd aşılayan motivlərdən uzaq olsun, sevgi fırtınaları qoynunda özünü itirməsin və həyatın gözəlliklərini də yaşadığı sevgi qədər duysun. Mən dostum Elçin İsgəndərzadəyə Şəfa Vəlinin şeirlərinə qapı açdığına sevinirəm, amma onun "ədəbi gəncliyimizin Şəfa Vəli kimi poetik zirvələri" ifadəsini işlətməkdən ehtiyat edirəm.
Sevinc Qəribin "Hardasa o uzaqlarda" şeirlər kitabı onun oxucularla ilk görüşüdür və mən də bir oxucu kimi deyə bilərəm ki, bu görüş çox səmimi keçir. "Sevinc Qərib xoş günlərini orada, doğulduğu Laçında "girov" qoyub, qəmini qaçıran gənc şairdir"-kitaba yazdığı ön sözdə filologiya üzrə fəlsəfə doktoru Mailə Mirzəyeva belə yazır.Sevincin Laçınlı şeirləri də bu fikri təsdiq edir.

Hardasa o uzaqlarda
bir qərib
vətənsizlikdən üşüyür.
Əynində isti paltarı,
evinin istisinə isti çatmaz,
yenə üşüyüyr...
üşüyür qışın qar dodaqlarının
buza dönmüş öpüşü kimi,
üşüyür son közü sönmüş
ocağın üşüyən ümidləri kimi.
Üşüyür...
əyninə geyməyə Vətəni yoxdu...

Sevinc Qərib Vətəndə Vətən həsrətini, yaşadığı Sumqayıtda Laçın həsrətini bir sıra şeirlərində əsl poetik yanğı ilə ifadə edir.İnsan üçün öncə Vətən onun doğulduğu torpaqdır, kənddir, sonra böyük Vətən. Sevinc Qərib qızı Səlimova Laçınlı şeirlərində də o duyğularla yaşayır. Elə duyğular ki, həsrət, yurd yanğısı dilləndirir onu. "Qavalı neynirəm, dəfi neynirəm, içimdə inləyən saz havası var"- qəmiylə qol qaldırıb oynayır və sonda "Boşuna aşmışam o gədikləri dağın o tayı da boş ümid imiş. Elə nağıl imiş söylədikləri Vətəndən savayı cənnət yox imiş" söyləyir. Əlbəttə, Sevincin şeirlərində ümidsizlik çaları da var: "Ümidin göyərməz şoran torpaqda" şeirində deyir ki:
Sən şoran torpaqda ümidlər göyərt,
münbit torpağında yağı oynasın.
Sən vaqonda yaşa, qamışdan ev qur,
sənin xanimanın yad əldə qalsın.

Xatirə yolu çək xəıyallarına,
ovundur özünü ölü ümidlə.
Düşmən atəş açsın yuxularına,
sən vüsal qapını ahla kilidlə.

Amma başqa bir şeirində ümidsizlik dumanı yox olur: "Qovuşmağa var içimdə bir güman, köç etməkdən məni ümid saxlayır". Və bir şeirində isə o ümidsizlikdən heç əsər-əlamət qalmır: "Eheyy...dağ kimi dağ, nə durmusan yerində dağıl, parçalan, daş-daş ol, tökül düşmən başına". Bu tipli üsyana, qisasa səsləyən şeirlər indii az yazılır.
(ardı gələn sayımızda)


TƏQVİM / ARXİV