adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Avqust 2018 09:45
7958
GÜNDƏM
A- A+

Əsl sənətkarları qorumaq lazımdır

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət
xadimi

(əvvəli ötən sayımızda)

Teatrda ilk rolum isə Eston dramaturqu E. Rannetin "Azmış oğul" pyesində Lembit rolu olub. Oynadığım bu rolu teatr mütəxəsisləri çox təriflədilər. Bu tamaşanın quruluşçu rejissoru isə Moskvada A.V. Lunaçarski adına məşhur Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan, istedadlı insan, amma teatrda çoxlu konfliktlərlə qarşılaşan, keşməkeşli bir ömür yaşayan və sağlığnda layiqli qiymətini almayan, mərhum Arif Ağayev idi.
- Siz yüzdən çox tamaşalarda çıxış edibsiniz. Bu rollardan hansılar sizinçün daha əzizdir?
-Açığı aktyorçün bütün rolları əziz olur. Çünki rollar da aktyorun dünyaya gətirdiyi övladlarıdır. Övladları isə bir-birində ayırmaq olmaz. Hansının daha yaxşı olduğunu söyləmək düzgün deyil. Çünki aktyorun həyatında elə rolları olur ki, onu oynamağa tərəddüd edir amma ona verirlər. Mənə elə gəlir ki, elə rollarım var onları daha yüksək səviyyədə oynamışam. Elə rollar da var ki, bu rollar çox yüksək səviyyəli olur və aktyor qorxusundan, özünə inanmamasından onları oynamaq istəmir. Yəni özündə bu qabiliyyəti görmür. Amma rejissor onu inandıranda və ona belə ağır rollar verəndə həvəslə işləyir. Mənim də həyatımda belə rollar olub. Məsələn elə Georgi Xuqayevin "Varlı ev" faciəsindəki Beçir obrazı. Bu rol məndən başqa iki aktyora da verilmişdi. Mən bu rolu oynamaq istəmirdim. Qorxurdum ki, bu rol məndə alınmaz. Çünki Beçir çox dəhşətli, ağır xarakterli, psixoloji obraz idi. Bu rolu oynamaqçün aktyordan yüksək peşəkarlıq, cingiltili, sərt templi, amiranə səs tələb olunurdu. Bir neçə monoloqu isə çox ucadan və hətta yüksək əsəblə demək lazım idi. Buna da lazım olan kimi məşq olunmamış səs dözməzdi. Qırılardı. Mənə elə gəlirdi ki, bu rolu oynamaq mənimçün hələ tezdir. Amma siz, bu tamaşanın quruluşçu rejissoru kimi məni inandırdız ki, sən bu rolu yaxşı oynaya bilərsən. Yuxarıda dediyim kimi baxmayaraq ki, məndən başqa iki aktyora da bu rol verilmişdi. Onların hər ikisi də çox istedadlı aktyorlar idilər. Amma siz mənə daha çox inandız. Böyük səbrlə mənimlə məşq etdiz. Səs tembirimi qurdunuz. Hətta mən bu tamaşada pıçıltı ilə danışanda belə ən arxada əyləşən tamaşaçılar belə məni aydın eşidirdilər. Deyilənə görə mən bu rolu çox yaxşı oynadım. Bunu təkcə tamaşaçılar yox, hətta teatr mütəxəssisləri də deyirdilər. Çoxlu qəzetlər bu haqda ressenziyalar yazdılar. Azərbaycan Dövlət Televiziyası dəyərli ziyalı, maraqlı yazıçı, həmin vaxtı orada Ədəbi dram verilişləri redaksiyasına rəhbərlik edən Vaqif Əlixanlının təkidi sayəsində bu tamaşa çəkildi. İndi bu tamaşa televiziyanın qızıl fondunda qalır.
Hətta siz bu rola Xalq artisti, böyük aktyor, müqtədir sənətkarımız Həsənağa Turabovu da dəvət etmək istəyirdiz. O da bu rolu oynamağa razılıq vermişdi. Həsənağa müəllim bu tamaşada mənim oyunuma baxanda çox razı qaldı və təvazökarlıqdan uzaq olsada dedi ki, " Məzahir, mən bu rolu belə, sənin kimi oynaya bilməzdim". Baxmayaraq ki, bu tamaşanın premyerası 1992- ci ildə olub, bu gün də bəzi tamaşaçılar həmin rolumu xatırlayıb, oyunumdan məmnun olduqlarını bildirirlər.
-Teatr aləmində konfliktlər çox olur. Bu konfliktlər teatrın yaradıcılığına necə təsir göstərir?
- Mən teatra təzə gələndə, cəmi 27 yaşım vardı. Elə ilk günlərdən Sumqayıt Dövlət Dram Teatrındakı ab-hava xoşuma gəlmədi. Çünki teatrın direktoru və baş rejissoru arasında konfliktlər vardı. Bu da teatrın kollektivinə və yaradıcılığa pis təsir göstərirdi. Açığı təsadüfi bir adamın teatra rəhbərlik etməsi həmişə teatra zərbə vurur. Və çox acınacaqlı haldır ki, uzun illər təsadüfi adamlar teatra rəhbərlik etdiklərindən Sumqayıt teatrı artıq quyunun dibinə düşüb. İndi onu həmin quyunun dibindən çıxarmıq da çox çətindir. Açığını deyim ki, mən bütün yaradıcılığım boyu təkcə yaradıcılıqla məşğul olmamışam. Həm də bu haqsızlıqlara qarşı vuruşmuşam. Bəzən mənə deyiblər ki, sən akytorsan get öz işinlə məşğul ol. Amma mən teatrın uçuruma getdiyini gördükdə sakit dayanıb buna baxmağı bacarmamışam. Baxmayaraq uzun illər mən baş və əsas rolları oynamışam və özü də pis oynamamışam. Amma teatrın rəhbərlərinin pis əməllərini onların üzünə dediyimə görə mənə uzun illər fəxri adlar verilməyib. Hətta heç təqdimat siyahısına belə salmayıblar. Mənə yalnız 2006-cı ildə Əməkdar artist və iki il sonra isə Xalq artisti fəxri adlarını veriblər. Onu da deyim ki, Əməkdar artistə iki il sonra Xalq artisti adı verilməsi Azərbaycan teatr tarixində nadir hadisədir. Mən buna görə ilk öncə Sumqayıtın həmin vaxtı İcra Hakimiyyətinin başçısı olmuş və bu gün Azərbaycan Mədəniyyət nazirinin birinci müavini işləyən cənab Vaqif Əliyevə minnətdaram. Vaqif müəllim Sumqayıta rəhbərlik etdiyi vaxtlarda bu şəhərçün çox yaxşı işlər görüb. Eləcə də Sumqayıt Dövlət Musiqili-Dram Teatrına indi məskunlaşdığı binanın verilməsində əvəzsiz işlər görüb. Teatr yaranandan həmin binada kirayənişin idi və bu preblemi də şəhərin heç bir rəhbəri həll eləyə bilmirdi. Amma Vaqif Əliyev müsbət həll elədi. Teatrın işçilərinə fəxri adların və mənzillərin verilməsində də onun xidmətləri əvəzsiz olub. Bu insan incəsənətin vurğunudur. Allah onun canını sağ eləsin. Azərbaycan mədəniyyəti və incəsənəti üçün Mədəniyyət Nazirliyində də çox yaxşı işlər görür. O, elə bil ki, yalnız yaxşılıq etmək üçün dünyaya gəlib.
- Sizin artıq 74 yaşınız tamam olub. Artıq dörd ildir ki, sizi təqaüdə göndıriblər. Amma 70-75 yaş aktyorun yaradıcılığında hələ çiçəklənmə dövrü və öz sənətini cavanlara öyrətmək məqamıdır. Siz, "yaş senzi" adlanan bu qanuna necə baxırsız?
- Çox pis baxıram. Mənə elə gəlir ki, bu düzgün deyil. Doğrudan da gülməli və acınacaqlıdır. Aktyoru 70 yaşında təqaüdə göndərmək çox absurd bir işdir. Dünyanın heç bir yerində belə dəhşətli bir şey yoxdur. Rus teatrında aktyorlar var ki, 90 yaşına kimi səhnədədirlər. Eləcə də bizim aktyorlar Möhsün Sənani, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağısnatlı, Süleyman Ələsgərov və onlarca belə aktyorlar ömürlərinin axırına qədər səhnədə olublar və bir-birindən maraqlı rollar oynayıblar. Axı mənim canım salamat, ağlım, yaddaşım yerində və potensial gücüm yüksək bir səviyyədə olduğu bir vaxtda teatrdan niyə getməliyəm? Axı elə rollar var ki, tərifçün demirəm, həmin rolları mənim kimi heç bir aktyor oynaya bilməz. Teatrda "yaş senzinə" fərdi yanaşmaq lazımdır. Bu gün elə aktyor var ki, 50 yaşı var, amma səhnə üçün yararsızdır. Nə canının sağlamlığı, nə də fiziki gücü imkan vermir ki, səhnədə çıxış etsin. Amma yaşı az olduğuna görə teatrda qalıb işləyir. Və hətta uzun müddət rol da oynamır, amma əmək haqqı alır. Belələri teatr üçün bir yükdür. Lakin aktyorun 70-75 yaşı var və maraqlı rollar oynayır, teatra çox lazımdır, amma onu teatrdan uzaqlaşdırırlar. Açığı bu mənə çatmır. Mən bunu başa düşə bilmirəm. Biz oxumuşuq və görmüşük ki, aktyor səhənədə ölməlidir. Bu tarix boyu sübüt olunub ki, cavan aktyorlar peşəkarlığı teatrda yaşlı aktyorlardan öyrənirlər. Bu qərar hələ də mənimçün qaranlıqdır. Yaşlı rejissorlara, aktyorlara, aktrisalara qarşı belə sərt münasibət olmasını istəməzdim. Mənə elə gəlir ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu haqda dərindən düşünməli və humanist bir qərar qəbul etməlidir. Əgər belə olmasa onlar bu yolla çoxlu peşəkar aktyorları itirə bilərlər. Onları vaxtından tez o dünyaya göndərə bilərlər. Bu da Azərbaycan teatrına, səhnəsinə çox baha başa gələ bilər. Doğrudanmı onlar bunu fikirləşə bilmirlər? Bəlkə də elə onlar, yaşlı aktyorları o dünyaya daha tez yola salmaq istəyirlər?.. Niyə?.. Nə üçün?.. Axı yaşlı rejissorların, aktyorların, aktrisaların günahı nədir? Ona görə də Mədəniyyət Nazirliyi bununla bağlı humanist qərar qəbul etməli və bu qərərı da ölkə başçısına göndərməlidir. Əgər belə davam etsə Azərbaycan teatrları və incəsənəti çox şey itirəcək. Gələcək nəsillər isə bunu bizə bağışlamayacaq. Axı biz, tarixlər boyu çoxlu səhvlər etmişik və bu səhvlər də bizə çox baha başa gəlibg Bu səhvlərdən isə itirən yalnız xalq olub. Düşünən beyinləri, istedadlı insanları qorumaq lazımdır. Bu, Vətəni qorumağa bərabər bir müqəddəs işdir.