adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Londonda oxuyan qızın savadı

OĞUZ AYVAZ
50392 | 2018-12-16 13:28

Həmişə maraqlandığım suallar var ki, hələ də onların cavabını tapa bilmirəm. Çox gəzənmi yoxsa çox oxuyanmı daha çox bilir? Dünyanı gəzənlər heç də kitab oxuyanlardan geri qalmırlar. Ancaq bir məsələ var. Bir dəfə bir qızla tanış olmuşdum. Deyirdi ki, Londonda təhsil almışam. Di gəl bir dəfə nə teatra gedib, nə bir muzeyə, nə də ki, ingilislərin mədəniyyətilə maraqlanıb. İndi bu qız o boyda London görüb. Hə nə olsun ki? Bildiyi, öyrəndiyi heç nə yoxdu! Kitab oxuyan adam isə Londonu, İngiltərə mədəniyyətini o qızdan qat-qat yaxşı bilər. Nəysə...

Kitab oxumanın dadını başqa heç nədən ala bilməzsiniz. Elə kitablar var bir gün içində oxuyub bitirirsən. Əsər səni dünya səyahətinə çıxardır. Oxumaq yeni bir hekayənin küçələrində gəzmək kimi... Yeni insanlar tanımaq və hər kəlimədə fərqli prospektlər kəşf etmək. Mütaliəli insanın xəyal dünyası sonsuz göy üzü kimi ucsuz-bucaqsızdır. Bir şəhər haqda oxumaq, iliklərinə qədər hiss etmək şəhərin tarixini, küçələrini, muzeylərini, parklarını, işıqlarını... Qatarlar, təyyarələr olmasa da səyfələrcə ölkə gəzə bilərsiniz...

Ancaq oxumağın başqa cür tərəfləri də var. Aşağıdakı abzasda tanış ola biləcəksiniz. Diqqət aşağı!

Bir fransız yazıçısının fikri idi: "Nə qədər çox oxuyursan, o qədər beynindəki düşüncələr də oxuduqlarına çevrilir”.

Həmişə fikir vermişəm, çox oxuyan adamlar nə barədəsə danışanda sitatsız ötüşmürlər.Elə bil sitat onların dilini açır. Bir sitat, biri daha, axırda görürdün haqqında danışılan adamın bütün nitqi sitatdan ibarətdir.

Doğurdan da, çox oxumaq sitat verməyə yarayır. İnsan psixologiyasında dəyişiklikdir, əslində bu məqam. Çox oxuyan insan müəyyən bir dövr çatdıqdan sonra görür ki, artıq öz düşüncəsi heçə çevrilmək üzrədir. Düşüncələrinin hamısı başqadır, ancaq bunları özününkü kimi qəbul edir. İkilik meydana çıxır: başqasının düşüncəsi və öz düşüncəsinin məhvi.

Çox kitab oxuyanların keçirdikləri bu hiss mənim yazdığımdan daha şiddətli hal alır. İnsanlar da belə oxuduqlarını axtarırlar.

Onlar zənn edirlər ki, kitablarda yazılanların özünü həyatda da görəcəklər. Belə olmadığını görüncə isə onlarda qırılma yaranır və onlar həyatı kitablara gətirmək istəyirlər. Əsər yazmağı demirəm ha, çox oxuyanlar həyatı da kitab kimi oxumaq istəyirlər və belə də etməyə çalışırlar, nəticədə onların faciəsi başlayır: həyat tamamilə geridə qalır.

İqtisadiyyatda bir söz var: "Hər şeydən bir az”. Anlaşılan məsələdir. Nizami Gəncəvinin şeirində olduğu kimi "artıq içiləndə dərd verir su da”. Çox oxumaq sonda nəsihət verməyə gətirib çıxarır.

Məsələn, Şərqdə qədim vaxtdan yaranan ədəbiyyata baxaq.

Füzuli, Nizami, Sədi, Xəqani, Xətai və başqaları nəsihət stilində yazıblar. Ancaq fikir verin: onların qocalıq dövrünə düşür bu "Nəsihətnamə”lər.

Düzdü, ədəbiyyatda belə götürsək 10-15 mövzu var, ancaq mənim demək istədiyim məsələ bu deyil. Çox oxuyan yazarlar sadəcə olaraq oxuduqlarını götürüb yamaq kimi əsərlərində istifadə etməkdən bezmirlər. Və həmin adam haqqında belə bir nəticə: vaxt gələcək tükənəcək və yerdə qalan oxuduqları olacaq.

Hər şeyi normasında etmək olar. Dünya ədəbiyyatını oxumaq istəyənlər bilsinlər ki, 50-60 əsas əsər var, qalanlarını isə hər kəs öz zövqünə əsaslanaraq oxumalıdır. Vəssalam, şüttamam. Yoxsa hamısını oxumağa çalışsaq bir filimdə deyildiyi kimi başımız xarab olar...

İstənilən halda oxumaq sizin düşüncələrinizdə, hətta həyatınızda belə rol oynayacaq. Lelinin dediyi kimi: Oxumaq, oxumaq, oxumaq...

TƏQVİM / ARXİV