adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Rafiq Yusifoğlunun uşaq poeziyası

VAQİF YUSİFLİ
65567 | 2018-08-08 22:21
(əvvəli ötən sayımızda)

HƏDİYYƏ ŞƏFAQƏTİN "QAPI"SI. Şeir həm də ruhun nəfəsidir. Ruh insanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsinin maksimal ifadəsi deməkdir və ruh deyəndə ən çox ürək-qəlb yada düşür.Gənc şair Hədiyyə Şəfaqətin şeirləri məhz ruhdan gələn səsləri xatırladır. Onun "Qapı"sından (şeirlər kitabının adıdır) içəri girib ruhunun səslərini dinləyək.

Dənizin sinəsində yanıb-sönür işıqlar
Pəncərəyə çırpılır damcılar gecəyarı
Axı sən nə bilirsən yollar niyə uzaqdır
Qadın niyə oyaqdır.
...Yer qarışıb yuxuya
Göy qarışıb yuxuya
Qadının nə eyninə...
Axşamların istisinə,
Gecələrin üstünə dərin bir ağrı enib...
Qadının göz yaşları yastığında göyərib,
Qadının göz yaşları
Ağ çiçəyə çevrilib...

Hədiyyə Şəfaqətin hər hansı şeirində təbiətdən gələn və insan ruhu ilə harmoniya-vəhdət təşkuil edən çox şey var. Çiçək, su, dəniz, ağ duman, axşam, səhər,çöl, alma çiçəkləri,göy, yer, külək, yol, yarpaq,, kövşən, ay işığı, qış gecəsi, payız, tufan, sel, günəş, bulud və s. Doğrusu, Hədiyyənin yaşıdları arasında təbiətlə baş-başa verən ikinci bir şair görmədim. Amma təbiət atributları onun şeirlərində "fiziki" göstərici kimi iştirak eləmir, həmin o ruh dediyim nəfəslə, hisslə, duyğuyla qaynayıb-qarışır. Baxın:

Bəlkə
Bir köynək qoxusudur sevgi,
Bəlkə
Bir dəstə çöl çiçəyi ətri.
Sahil...
Üzü dənizə
Dayanmışam...
Gözəldir...
İnsanlar gəlib keçir
İnsanlar gülüb keçir
İnsanlar dənizləşib
İnsanlar tərtəmizdir.

Onun şeirlərində ruhun təhtəlşüur siqnallarını eşidirsən. Səbəbsiz bir kədərlə ürəyin sıxılmasından baxışlar elə donmuş ki, min ilin yorğunluğundan boşluqlara yıxılmış kimidir ürək. Bu ürək nigaran bir sevginin əsiridir, amma bu əsirlik Leyli əsarətinə bənzəmir. Ağlamaq, hıçqırtı, göz yaşları - bunlar qadın sevgisinin kədərdi bəlirtiləridir, amma əbədi deyil bunlar. Çünki:

Döyüntülər deyir ki,
Döyüntülər-
Hər şey gözəldir.
Nə qədər ki,
son ağacları kəsməyiblər,
Dağıtmayıblar son sehrli xəyalları,
Qəlbimizdə kəpənəklər uçuşur.

İlk baxışdan Hədiyyə Şəfaqətin şeirləri "pıçıltı şeirləri" təsiri bağışlayır. Amma yox! Bu şeirləri hətta yavaşdan oxuyanda belə pıçıltıdan əsər-əlamət görməzsən. Qəlbin, ruhun müxtəlif səs çalarlarını xatırladan fəryadları, ahları, ağrıları və bir də görürsən ki, sevinc tonqalları fışqıran çırtılları eşidilir.
Amma lap fəryad olsun, lap ah, lap sevinc qışqırtıları- qadın düşüncəsinin rasionallığı ilə də qarşılaşırsan. Bu şeirlərdə fikrin ya hisslərin-hansının birinci olduğu qətiyyən səni düşündürmür. Fikirlər hisslərə, hisslər fikirlərə qarışıb. Baxın:

Ağac-ağac qanadlanıb çöl
Üfüqə sarı
Üfüq yoxdur.
Başını qaldırıb göylərə yalvarır-
Qovuşdur-deyir-məni sevdiyimə.
Göylər neyləsin?
Gözlərinin yaşı
Bənövşə-bənövşə açıb
Kiprik-kiprik kolların arasında
Çölün...
Sinəsindən keçib gedən
Qan damarlarıdır cığırlar
-Ürəyi hanı bəs?
-Üfüqün arxasında...
Üfüq...
Yoxdur...

Bu şeir müasir şeir təfəkkürünün-modern şeirin bir nümunəsidir. Çöl-üfüq sevgisi - qovuşmazlıq və yoxluq - ürəyin üfüqün arxasında qeybə çəkilməsi doğrudan da assosiativ təfəkkürdən doğur.
Beləcə, Hədiyyə Şəfaqətin "Ümid, Arzu, Xəyal, Yuxu, Qoxu-Sevgi" ruhlu şeirlərindən müxtəsər söz açdım. "Qapı" kitabındakı sonuncu şeirinə qədər Hədiyyə Şəfaqət, əgər belə demək mümkünsə, öz içinin-daxili dünyasının-ruhunun ona diqtə etdiyi səsləri, sözləri, kəlmələri ifadə edirdi. Sonuncu şeirində isə sanki yuxudan, xəyallardan ayılır, pəncərəni sındırır və dünyaya - insan cəhənnəminə, axıdılan qanlara, sındırılmış boyunlara, zindanlara boylanır. "Hər şeyi unutmuşuq Beynimiz dumanlanıb...Qəfəslərə sıxışdırılmışıq...Hələ bu azmış kimi də bimr-birimizi daşlayırıq...Savaş içimizdə, çölümüzdə Ölməyə başlayırıq". Məncə, bağlı qapıları sındırmaq gərək ki...qəlbin zaman və məkan qəfəsindən uçmağı bacarasan.
(ardı gələn sayımızda)


TƏQVİM / ARXİV