adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Avqust 2018 22:10
31756
LAYİHƏ
A- A+

Əsl sənətkarları qorumaq lazımdır

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

Azərbaycan Respublikasının Xalq artisti Məzahir Süleymanov. Bu ad və soy ad çoxminli oxucularımıza yaxşı tanışdır. Çünki bu sənətkarı oxucular həm teatr və həm də televiziya ekranlarında uzun illərdir tez-tez görürlər. Və onun çox ustalıqla, böyük sənətkarlıqla yaratdığı obrazlara maraqla tamaşa edirlər. Bəziləri onu oynadığı müsbət obrazlarda sevir və bəziləri də yaratdığı mənfi obrazlara görə yamanlayırlar. Deməli, aktyor oynadığı hər bir obrazı sevərək yaradır və bu obrazın ərsəyə gəlməsində, tamaşaçılar tərəfindən məhəbbət və nifrət qazanmasında böyük zəhmət sərf edir. Onu 42 ildir ki, tanıdığıma görə, mənim və başqa rejissorların quruluş verdiyi çoxlu tamaşalarda maraqlı obrazlar yaratdığından onun haqqında qətiyyətlə bu sözləri deyə bilərəm: "Məzahir Süleymanov zəhmətkeş, çox məsuliyyətli insan olduğuna görə, yaratdığı hər bir rola da bu zəhməkeşlik və cavabdehliklə yanaşdığından oynadığı rolları obraz səviyyəsinə yüksəldə bilir. Bu isə hər aktyora nəsib olan bir xüsusiyyət deyil. Bunu isə yalnız əsl ustad sənətkarlar bacarırlar".
Əziz oxucular gəlin birlikdə Məzahir Süleymanovun həyatda və sənət yollarında keçdiyi keşməkeşli, maraqlı yola və qısa tarixçəyə nəzər salaq. Onda siz də Azərbaycanın belə bir aktyorunun əsl sənətkar olduğu ilə razılaşacaqsız.
Məzahir Həbulla oğlu Süleymanov 1944-cü ilin 29 yanvar tarixində Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Razin ( indiki Bakıxanov) qəsəbəsində 2 nömrli tiexniki peşə məktəbdə bir il tərsil alıb. Orada çilingər peşəsinə yiyələnib. Texniki peşə məktəbində oxuyan zaman o, Montin qəsəbəsindəki "Elm və Texnika" Mədəniyyət Sarayında fəaliyyət göstərən dram dərnəyinin üzvü olub. Aktyor olmaq həvəsi də Məzahirdə elə həmin vaxtdan yaranıb. Texniki peşə məktəbini bitirəndən sonra Məzahir Süleymanov bir müddət ayrı-ayrı müəsisələrdə işləyib. Sonra 1962- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sonra ordu sıralarına gedib. Dörd il hərbi dəniz donanmasında xidmət edib. Ordu sıralarından qayıdandan sonra yenidən 1967- ci ildən təhsilini həmin institutda davam etdirib.
O, 1972- ci ildə həmin ali məktəbi bitirərək, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqi- Dram Teatrına işləməyə gəlib. Qırx altı ildən çoxdur ki, o, bu teatrda aktyor kimi çalışır. Bu illərdə sıravi aktyorluqdan pillə-pillə yükələrək, Xalq artisti, ali dərəcəli ustad sənəkara çevrilib. Bu da əlbəttə, oynadığı rollara çəkdiyi zəhəmtin sayəsində olub. Bu gün Azərbaycanda çoxlu aktyorlar onun oynadığı rollar siyahısını izlədikdə, Məzahir Süleymanovun yaratdığı obrazlara həsəd apara bilərlər. Bu rollar Azərbaycan klassiklərindən tutumuş, dünya klassiklərinin əsərlərinə qədərdir. Milli dramaturqlarımızın ən maraqlı pyeslərindən tutmuş, dünya klassiklərinin inci əsərlərinə qədərdir. Bu tamaşaların sayı yüzdən çoxdur. Çoxu da əsas və baş rollar. Məzahir Süleymanov özünün fitri istedadına və zəhməkeşliyinə görə teatrda işlədiyi bu illərdə demək olar ki, bütün tamaşalarda oynayıb. Çünki teatrda quruluş verən rejissorlar çox istəyiblər ki, belə istedadlı aktyor məhz onların hazırladığı tamaşada rol oynasın. Və onların müəllifi olduğu tamaşa tamaşaçılar tərəfindən sevilsin, rəğbətlə qarşılansın. Axı hər bir rejissor itedadlı aktyorla işləməyi xoşlayır. Mənim qənaətimə görə Məzahir Süleymanov oynadığı və təkrarsız formada yaratdığı bu obrazlarla Azərbaycan teatr tarixində əbədi qalacaq. "Skapenin kələkləri"ində Oktav, "Azmış oğul"da Lembit, "Domoklın qılıncı"nda Arxitektor, "Arşın mal alan"da Soltan bəy, "Ölülər"də Hacı Həsən, " Müsyo Jordan və Dərviş Məstəli şah"da Müsyo Jordan, "Adamın adamın"da Tərs Tahir, "Dəyirman"da Sarı Qasım, "Bayramın birinci günün"də Vəli Əfəndi, "Afət"də Qaplan,"13-cü sədr"də Prokuror, "Müfəttiş"də Bələdiyyə rəisi, "Sabir Rüstəmxanlının porteret cizgilərin"də Cavad xan, "Uşağa bir üç yazın"da Temiçkin, "Məlikməmmədin yeni sərgüzəştləri"ndə Şeytan, "Evlənmə"də Podkolyosnıy, "Varlı ev"də Beçir, "Şah İsmayıl"da Hüseyn Lələ bəy, "Qocaların məhəbbətin"də Qaqutsa, "Bir köpək vardı"da Çoban, "Ailə"də Jorji, " Şahzadə və Dilənçi"də Lord Hetford, "Qarağaclar altında məhəbbət"də Efraim Kebot, "Xilaskar"da Filosof-deputat, "Ağ bayraqlar"da İsidor Salidze, "Qaraca qız"da Piri baba və başqaları. Mənə elə gəlir ki, Sumqayıt teatrının tarixində hələ heç bir akytora nəsib olmayıb ki, bu qədər rollarla Azərbaycan teatr tarixinə düşsün. Məhz buna görə də Məzahir Süleymanovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona 2006-cı ildə Əməkdar artist, iki ildən sonra isə Xalq artisti fəxri adları verilib. Dəfələrlə Prezident mükafatına layiq görülüb. Haqqında 100-dən çox məqalə, ressenziya yazılıb.
74 yaşlı sənətkar bu gün də özünün peşəkarlığını qoruyub saxlasa da amma teatrın rənbərliyi və rejissorları tərəfindən artıq unudulub. Ona teatrın rejissorları rol vermir. Və bəhənə də yaş senzini gətirirlər. Televiziya və kino rejissorları da belə maraqlı sənətkarı artıq yaddan çıxarıblar. Amma Məzahir Sülunmanov bu gün teatra, televiziya tamaşalarına və kinofilmlərə çox lazım olan aktyordur. Əgər ona rollar verilsə bir-birindən maraqlı obrazlar yaradaraq, yenə də tamaşaçılarını sevimlisi olar. Həmin rejissorların quruluşlarına da yalnız və yalnız uğur gətirər.
Onun haqqında yazdığım portret cizgilərini bu fikirlərlə də bitirə bilərdim. Amma Məzahir Süleymanovu 42 ildir ki, tanıdığımdan, onunla səhnədə tərəf müqavili olduğumdan və quruluş verdiyim tamaşalarda bir-birindən maraqlı rollar oynadığından onun haqqında deyiləsi sözlərim çoxdur. Ona görə də Məzahiri bir insan və sənətkar kimi daha geniş təhlil etmək istəyirəm. Çünki insanlıq və sənətkarlığın hər ikisi eyni bərabərdə, eyni ölçüdə hər bir sənətkarda olmur.
İlk öncə onu vurğulamaq istəyirəm ki, Məzahirin ürəyində nə varsa, dilində də odur. Heç vaxt heç kimə qarşı kin saxlamır və qisasqılıq mövqeyi tutmur. O, özü saf olduğuna görə həmişə haqqı müdafiə edir. Həmişə də haqqın yanında olub. Heç kimə məddahlıq eləməyib. Öz işinin xatirinə heç bir rejissora və teatr rəhbərinə yaltaqlanmayıb. Çünki o, xarakteri bütöv və möhkəm əqidəli insandır. Məzahir Süleymanov böyük şəxsiyyətdir. Bu müsbət keyfiyyətlərinə və yüksək şəxsiyyət olduğuna görə teatr rəhbərlərinin, baş rejissorların çoxunun səhvləri olanda, onlar haqsızlıq edəndə istəsələr də, istəməsələr də Məzahirin haqlı tənqidilə hesablaşıblar. Xarakterindəki bütövlük və yuksək şəxsiyyətin olması da Məzahir Süleymanovun oynadığı bütün rollarda özünü lazım olan səviyyədə göstərib. Buna görə də onun oynadığı rollar, başqa aktyorların rollarından seçilib və sevilib. Onun zəhmətkeşliyinə, rol üzərində günlərlə yorulmadan həvəslə işləməsinə, məşqlərdən bezməməsinə də aktyorların çoxu həmişə həsəd aparıblar.
O, çox yaxşı yol yoldaşıdır. Uzun illər biz onunla həm Azərbaycan Respublikasının rayonlarında və həm də keçmiş Sovetlər məkanında qastrol səfərlərində olmuşuq. Məhzahir Süleymanov özünün insani keyfiyyətini, dözümlülüyünü, yoldaşa qarşı diqqətini həmişə yaxşı formada büruzə verib. Heç kim ondan heç vaxt narazı qalmayıb. Heç vaxt özünü başqalarından üstün tutmayıb. Düşdüyümüz çətin məqamlarda belə, müdriklik, səbr və dözümlük nümayiş etdirib. Altı ay Dağıstan Respublikasında qastrolda olduğumuz müddətdə isə mən və orada olan kollektiv bunun tam şahidi olmuşuq.
Mən vaxtı ilə rəhbərlik etdiyim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında quruluş verdiyim çoxlu tamaşalardan altısında Məzahir Süleymanovun oynadığı rollar haqqında oxuculara məlumat vermək istəyirəm. Çünki bu rollar da heç biri, o birinə oxşamırdı. Nə xarakterinə, nə də dünya görüşünə görə. Bu əsərlər Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın" pyesindəki Temiçkin, Ağalar Mirzənin "Məlikməmmədin yeni sərgüzəştləri"ndə Şeytan, Georgi Xuqayevin "Qocaların məhəbbəti"dəki Qaqutsa, "Varlı ev"dəki Beçir, özümün yazdığım pyeslər-"Sabir Rüstəmxanlının portret cizgiləri"ndəki Cavad xan və "Şah İsmayıl" tamaşasındakı Hüseyn Lələ bəy rollarıdır. Temiçkin öz fikiri olan, öz məqsədi yolunda mübarizə aparan müəllimdir. Şeytan Məlikməmmədi tora salmaqçün hər cürə hiylələr quran, tez-tez cilddən-cilidə girən şər qüvvədir. Qaqutsa lirik xasiyyətli, cavanlıq illərində Babutsanı sevən, amma qocalana qədər öz məhəbbətini deyə bilməyən bir aşiqdir. Beçir sərt, tərs xasiyyətli, yalnız özünü sevən, özünə alüdə bir bəy və valideyindir. Cavad xan vətənini və xalqını sevən, igidlik mücəssəməsi olan Azəri oğludur. Və nəhayət Hüseyn Lələ bə Şah İsmayıl kimi tarixi şəxsiyyəti, sərkərdəni yetişdirən bir sadiq dost, igid döyüşçü, ağsaqqal, müdir insandır. O, bu obrazları oynayanda böyük ustalıqla, sənətkarlıqla başqalaşırdı və həqiqətən də bu obrazların daxilinə nüfuz edirdi. Hətta onun baxışı, yerişi, duruşu, gözlərinin baxış forması, düşüncə tərzi, danışığı belə dəyişirdi. Bu tamaşaların müəllifi olsam da, oynadığı hər bir tamaşada o, obrazı ustalıqla yaratması ilə məni məcbur edirdi ki, ona tamaşaçı kimi baxım. Əlbəttə, belə oyun usulu da yalnız ustad sənətkara nəsib olur.
Mən fikirlərimi bu cümlələrlə də tamamlaya bilərdim. Amma fikirləşdim ki, bu gün artıq bəzi şər qüvvələrin unutdurmağa çalışdığı Məzahir Süleymanov kimi bir sənətkar haqqında yazdığım portret cizgilərində o, öz ürək sözlərini deməsə yenə bu yazı yaramçıq alınar. Ona görə də belə qərara gəldim ki, 74 yaşlı sənətkara bir neçə sualla müraciət edim. İlk sualım isə belə oldu.
- Teatra gəlişinizi necə xatırlayırsınız?
- Mən Azərbaycan Dövlət İncəsənət İnstututunun axşam şöbəsində təhsil almışam. O vaxtlar da axşam şöbələrində oxuyanlara təyinat verilmirdi. Biz özümüz teatrlara müraciət edib, iş tapmalı idik. Amma həmin vaxt mən institutun rektoru, böyük ziyalı, yüksək təşkilatçı insan, sənətşünaslıq elmləri doktoru Rahib Hüseynova müraciət etdim. O, məni diqqətlə dinlədi və dedi ki, gəl səni təyinatla göndərək Naxçıvan Dövlət Musiqili-Dram Teatrına. Həmin teatra cavan aktyorlar lazımdır. Mən razılaşdım. Təyinat götürüb, Naxçıvana getdim. Açığı elə vağzalda qatardan düşəndə Bakıdan sonra bu şəhər heç xoşuma gəlmədi. Bura mənə kənd təsiri bağışladı. Naxçıvan indi isə çox gözəl, müasir şəhərə çevrilib. Həmin vaxt teatr qastrolda olduğuna görə rəhbərliklə görüşə bilmədim və yenidən axşam Bakıya qayıtdım. Teatr rəhbərliyi ilə görüşə bilmədiyimə sevindim. Bəlkə də bu, işin xeyrinə oldu. Yenidən institututa qayıtdım. Əhvalatı olduğu kimi Rahib müəllimə dedim. O da məsləhət bildilər ki, Sumqayıt teatrına gedim. Çünki bu teatr üç il idi ki, açılmışdı və ali təhsilli aktyor kadrlarına burada ehtiyac vardı. Həmin vaxt teatrın direktoru Salman Dadaşov və baş rejissor Ağakişi Kazımov idi. Açığı onlar məni elə də yaxşı qarşılamadılar. Bir ay get-gələ saldılar. Sonra Ağakişi müəllim mənim kurs rəhbərim, Əməkdar incəsənət xadimi Əşrəf Quliyevlə söhbət edəndən və müəllimim də məni tərifləyəndən sonra ən aşağı dərəcə ilə məni işə götürdülər. Beləliklə, 1972-ci ilin noyabr ayından mən Sumqayıt Dövlət Dram Teatrında işə başlamışam. Həmin vaxtdan artıq 46 il ötür.
(ardı gələn sayımızda)