adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Avqust 2018 12:15
8831
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SƏKİSİZ KÜÇƏ

Çoxları deyəcək ki, heç səkisiz də küçə olar? Olar, niyə olmur! Məgər Bakıda belə küçələrə rast gəlməmisiniz? Sizi bilmirəm, mən dəfələrlə Bakıda belə küçələr görmüşəm və belə ünvanlardan biri də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki Abbas Fətullayev küçəsidir. Daha doğrusu, «Ballı» market və «Bərəkət» ticarət mərkəzinin yanından keçən bu küçə düz Köhnə Günəşliyə qədər uzanıb gedir.

Düzdür, son illər əvvəl bərbad olan bu küçə yenidən tikilib istifadəyə verilib. Ancaq küçə inşa edilərkən bir məsələ icraçılar tərəfindən unudulub. O da küçədə piyada səkisinin olmaması ilə bağlıdır. Əgər bir küçənin piyada səkisi yoxdusa, təbii ki, hərəkət iştirakçıları yolun nəqliyyat vasitələrinin getdiyi yolla hərəkət etməlidir.Bu isə birmənalı olaraq hər hansı piyadanın vurulması ilə nəticələnə bilər və bir çox halda elə nəticələnib.

Biz həmin Abbas Fətullayev küçəsindən bir neçə görüntünü əlaqədar təşkilatların və oxucularımızın diqqətinə çatdırırıq. Baxın görün biz düz deyirik, yoxsa düz demirik?! Bəlkə burda səki var, biz görmürük. Bayaq dediyimiz kimi səkinin də olmaması piyadaların həyatı üçün çox böyük təhlükə törədir. Çox uzağa getməyək. Təxminən bir il bundan əvvəl həmin küçənin «Şam işığı» restoranının qarşısındakı dayanacaqda ərlə arvad avtobus gözləyirmiş. Bu vaxt sürətlə gələn avtomobil idarəetməni itirir və hər ikisini vuraraq öldürüb. Düzdür, onlara ilkin yardım da göstərilib. Ancaq həyatlarını xilas etmək mümkün olmayıb. Avtomobil hər iki şəxsi vurandan sonra aşıb.



Uzun illərdir bax, həmin dayanacaqda sərnişinlər yenə avtobus gözləyirlər. Biz həmin görüntünü də lentə almışıq. Yolun hərəkət hissəsində avtobus gözləyən sərnişinləri həm də ölüm təhlükəsi qarabaqara izləyir. Bir faktı da qeyd edək ki, bu küçədə iki böyük ticarət mərkəzi yerləşir – biri «Ballı» market, biri də «Bərəkət» market. Hər an, hər dəqiqə isə yolun o tayına, bu tayına keçən piyadalar ölüm anları ilə üzləşirlər. Çünki həmin yerdə həm də piyadalar üçün keçid də yoxdur. Bəzi mədəni, nümunəvi sürücülər görürlər ki, qoca, xəstə adam yolu keçir, onlar avtomobili saxlayır, piyadaya yol verir. Ancaq üzr istəyirəm, bəzi mədəniyyətsiz və tərbiyəsiz sürücülər isə nəinki piyadaya yol verir, hətta avtomobili piyadanın üstünə sürür.

«Şam işığı» restoranının qarşısındakı dayanacaqda avtobus gözələn bir sərnişinlə söhbət edirik. Bu, Günəşli sakini Gülarə Məmmədovadır. Deyir ki, müəllim, burda səki olmadığına görə, qorxa-qorxa gəlib dayanacaqda dururuq. Bir də görürsən ki, dayanacaqda durduğun halda bir maşın gəlir, özü də elə sürətlə hərəkət edir ki, ordan geri çəkilməsən avtomobil səni vura bilər. Mənim də ayaqlarım xəstədir, qorxa-qorxa gəlib bu dayanacaqda dururam. Canı yanmışlar maşını elə bərk sürürlər ki, az qalır adamın qorxusundan ürək-göbəyi yerə düşsün. Görəsən, bu küçənin səkisi olmadığını bilən var? Əgər bilən varsa, niyə burda səki düzəltmirlər? Onda bilən yoxdusa, bir daha mən deyirəm: zəhmət çəkin, bizim təhlükəsizliyimizi təmin eləyin! Çünki hər an burda avtobus gözləyəndə bizi maşın vura bilər. Həmin məsələlərlə əlaqədar onlarla Günəşli sakininin fikrini öyrəndik. Sakinlərdən Xanım Məmmədova, Aida Əhmədova, Arif Hüseynov, Məmməd Bağırov, Tahir Əliyev, Səməndər Məmmədov, Tahirə Hacıyeva bir daha bu məsələ üçün narahat olduqlarını bildirdilər və bizdən xahiş etdilər ki, həmin problemi əlaqədar qurumların nəzərinə çatdıraq.



Təbii ki, «Ədalət» qəzeti olaraq bizim həmişə qaldırdığımız hər hansı problemə əlaqədar qurumlar, o cümlədən yol polisi müsbət reaksiya verib. Bu dəfə də mövcud problemi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun nəzərinə çatdırdıq. Onu da qeyd edək ki, Vaqif Əsədov «Ədalət» qəzetinin yaxın dostudur və bizə və hərəkət iştirakçılarına isti, səmimi münasibət bəsləyir. Telefonla söhbətimizdə bir daha həmin ünvanı cənab polkovnikə xatırlatdıq. Vaqif Əsədov bizə verdiyi məlumatda bildirdi ki, həmin məsələlər və ünvan bizim diqqətimizdə olacaq, hərəkətin təhlükəsizliyi şöbəsinə bu məsələlər bir daha çatdırılacaqdı. Heç şübhəsiz onlar həmin küçədə müayinə aparacaq, piyadaların təhlükəsizliyini təmin etmək üçün səkinin olub-olmamasını aydınlaşdıracaq və bu problemi adiyyəti qurumların qarşısında qaldıracaqdı. Üstəlik də piyadaların təhlükəsizliyi üçün aparılan müayinədən sonra hər iki ticarət mərkəzini birləşdirən yoldan piyadaların təhlükəsiz keçməsi üçün yerüstü ağ xətlər çəkiləcəkdir. Düşünürəm ki, qaldırdığınız problem çox aktualdır və bizim əməkdaşlarımız tərəfindən qısa zaman kəsiyində öz müsbət həllini tapacaqdır.

Polis polkovniki Vaqif Əsədov bizimlə telefon söhbətində bir fikri də vurğuladı ki, Bakı şəhərində yol-nəqliyyat hadisələrinin 66 faizi piyadaların vurulması ilə bağlıdır. Bu fakt rəhbərliyi və bizi çox narahat edir, mövcud problemin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülür. Hərəkətin təhlükəsiziliyi ilə bağlı mətbuat və vətəndaşlar tərəfindən qaldırılmış hər hansı problemə operativ reaksiya verilir və o məsələ diqqət mərkəzində saxlanılır. Çox sağ olun ki, bu işdə həmişə olduğu kimi, «Ədalət» yol polisinə öz köməkliyini göstərir.

Göründüyü kimi, biz mövcud nöqsanı və problemi bir daha əlaqədar qurumların diqqətinə çatdırdıq. İnanırıq ki, çox keçməyəcək Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsindəki Abbas Fətullayev küçəsində səkilər bərpa ediləcək, piyada keçidləri qoyulacaq və hərəkət iştirakçılarının təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcəkdir. Məhz camaat da elə bunu istəyir. Çünki hər səhər işə gedən adam axşam da evinə sağ-salamat qayıtmaq istəyir. Gəlin, biz bir-birimizi qoruyaq!..