adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Fevral 2020 11:30
48340
MARAQLI
A- A+

Tualetdə yatıb-durmaqdan milyonçuluğa

İngiltərənin kral ailəsinə türk yeməkləri hazırlayaraq məşhurlaşan Hüseyn Özərin çox dramatik həyat hekayəsi var.

Bir vaxtlar yatmağa yeri olmadığı halda indi Londonun ən zəngin adamlarından birinə çevrilən Hüseynin həyat hekayəsini sizə təqdim edirik

63 yaşı olan Hüseyin Özər Türkiyənin Tokat vilayətində anadan olub. Amma çox çətin uşaqlıq dövrü olub. Uşaq yaşlarında anası və atası ayrılır və onu istəmirlər. Hüseyini bir kənd ağasının yanına verirlər. Məktəbə getməyən Hüseyin keçiləri güdür və çoban Cəlal əmi ona oxumağı və yazmağı öyrədir.



Amma Hüseynə ailəsinin zərbələri davam edir. Böyük qardaş anasından qalan tarlalara şərik olmaması üçün Hüseynə zəhərli əncir verərək öldürməyə çalışır. Amma məqsədinə çata bilmir. Hüseyn baş verənləri belə xatırlayır:

"Bir gün zəhərli ənciri ağzıma atdım və həmən tüpürdüm. Uşaqlara danışdım və boxçalarını açıb məni yeməyə qonaq etdilər”.

Sonra anası bilet alaraq Hüseyni Ankaraya göndərir. Qadının məqsədi Hüseynin orada işləyərək onu övladlıqdan çıxaran atasını öldürmək üçün silah ala bilməsi olub. 11 yaşlı Hüseyinə isə kimsəsiz olduğu üçün heç kəs iş vermir. O, çaxmaq daşı və benzin sataraq bir təhər özünü dolandırır. Qalmağa yeri olmadığı üçün isə bir ümumi tualetdə yatıb-durur.

Qazandığı 75 kuruş (qəpik) isə qarın doyurmağa yetmir. Bu səbəbdən yaxınlıqdakı ciyər kababı satanla razılaşır və 75 kuruşu ona verərək bir təhər qarnını doyurur.

Hüseyn atasını vurmaq üçün silah almaq əvəzinə İstanbula gedir. Bir müddət meyxanalarda komediya ustası kimi işləyir. Əldə etdiyi pul ilə yüngülvari otaq kirələyir. Burada isə həyatı dəyişir, önəmli qərarlar qəbul edir.

Məsələn, Hüseyn təqaüddə olan polkovnikdən ingilis dili dərsi alır və Londona səfərə hazırlaşır. Hərbi xidməti başa vurduqdan sonra Londona gedir. Londonda bir kababçı yanında işə düzəlir. Kafenin zirzəmisində yatıb-durur. Dörd il sonra isə öz kafesini açır. Pulu olmasa da, bir dostu ona güvənərək işə pul qoyur. Sonra isə vaxtilə işlədiyi restoranı da alır. Bu dövrdə də müəyyən çətinlikləri olur.



Hüseyn hazırda keyfiyyətli türk yeməklərinin verildiyi, qarşısında uzun növbələr yaranan Sofra restoranlarının sahibidir. Kral ailəsi də bu restoranların müştərisidir. Bu səbəbdən restoranın şüşələri gülləkeçirməzdir. Restoran həm də Bukinhem sarayının yanındadır. Madonna kimi dünya ulduzları da bura baş çəkir.

Hazırda Hüseynin 37 milyon funt sterlinqlik sərvəti var və Londonun ən zəngin aşpazlarındandır.