adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Avqust 2018 11:25
12319
KRİMİNAL
A- A+

DİN Pirallahıda əməliyyat keçirdi - 97 kq-dan artıq çətənə kolu və marixuana aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə mübarizə və bu qanunazidd əməllərlə məşğul olan şəxslərin ifşası istiqamətində mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir. Sonuncu belə əməliyyat nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadə saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 6 kiloqram marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Əlizadənin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kiloqram 500 qram olan 75 ədəd çətənə kolu da müəyyən olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və onlara xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.