adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Avqust 2018 13:28
13840
GÜNDƏM
A- A+

Manatımız tam üzməyə hazırdırmı?

Xəbəriniz var yəqin ki. Azərbaycan 2020-ci ildə tam üzən məzənnəyə keçəcək. Artıq bununla bağlı hökumət səviyyəsində iş aparılır. Cəmiyyətdə isə ciddi sual yaranıb. Manat üzməyə başladığı dövrdə olan pul kütləsinin azalması müşahidə olunmaqdadır. Tam üzən məzənnəyə keçid bizə nə verəcək? İqtisadçılar məsələyə münasibət bildirir. 

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarında biri ola bilər. Baxmayaraq ki, Mərkəzi Bank dekabrın 21-dən sonra üzən məzənnəyə keçidi elan edib, proseslər göstərdi ki, baş bankımız yumşaq desək, buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincini inzibati müdaxilələri müəyyənləşdirir.

Belə olmasaydı, Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı. Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollar satıb. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub”.

Keçid mümkün deyil?

S. Əliyev vurğulayıb ki, Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil: "Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda "oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub.

Bu gün hiss olunur hökumətin əsas fikri daxili istehsalın artımı hesabına idxalı məhdudlaşdırmaqdır. Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarında xaricdən asılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdə qaçırılmamalıdır”.

Manatın məzənnəsi qeyri sabit olacaq

Onun sözlərinə görə, tam üzən məzənnəyə keçidin narahatçılığı təkcə manatın ucuzlaşması ilə bağlı deyil, üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir: "Ölkə iqtisadiyyatının diversifiksiya səviyyəsi nə qədər aşağı olsa manatın məzənnəsinin oynaması bir o qədər kəskin olacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər.

Tam üzən məzənnəyə keçid zamanı manatın məzənnəsinin nə qədər olması ilə bağlı suallara gəlincə, onu deyə bilərəm ki, bu sahədə səsləndirilən istənilən rəqəm əsaslandırılması mümkün olmamaqla yanaşı reallıqdan uzaqdır. Tam üzən məzənnəyə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam üzən məzənnəyə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək”.

İqtisadçı ekspert Pərviz Heydərov da bildirir ki, manat tam üzən məzənnə rejiminə hazır deyil: "Xatırladım ki, 2015-ci ildə 2 dəfə devalvasiya hadisəsi baş verdikdən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə buraxıldığını elan etdi. Manatın dollara nisbətdəki kursu bundan yalnız 2 il sonra, yəni 2017-ci ildə sabitləşdi. Belə ki, keçən ilin yanvar və fevral ayının birinci yarısında manata nisbətdə möhkəmlənənABŞdolları fevral ayının ikinci yarısından etibarən bir az ucuzlamağa başladı. 2016-cı ilin sonunaABŞdollarının manata qarşı məzənnəsi əgər, 1.7707 azn səviyyəsinə bərabər idisə, keçən ilin fevralın 2-də o, özünün dövr üzrə maksimum həddinə - 1.9200 azn-ə qalxdı. Sentyabrın 27-si tarixində isə minimum həddə - 1.7002 azn-ə endi".

Ekspert onu da vurğulayıb ki, ümumiyyətlə, 2017-ci ildə milli valyutamız möhkəmlənməyə, yəni bahalaşmağa başladı ki, buna da həm neftin dünya bazarlarında qiymətlərinin 2016-cı ilin ikinci yarısından etibarən sabitləşməyə başlaması, 2017-ci ilin ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməyə başlaması, o cümlədən, valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" və ümumiyyətlə, spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+ 4 %-lik marjanın ləğvi səbəb oldu.


Onun sözlərinə görə, manat valyuta bazarında faktiki olaraq AMB tərəfindən idarə olunur: "Bu da onu sübut edir ki, milli valyutamız olan manatı digər ölkələrdə olduğu kimi, tam üzən məzənnə rejiminə buraxmaq real olaraq mümkün deyil. Çünki milli valyutanın kursunu əsasən neft amili tənzimləyir. Bugünkü gündə ölkənin ixrac potensialının 90-95 faizini xam neft təşkil edir. Bu isə o deməkdir ki, manatın arxasında əlavə heç bir yerli məhsul dayanmır.

Proqnoz vermək düzgün deyil..

Ona görə də, əslində, hətta AMB özü də hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir "döşəmə” həddi var ki, bu da 35-40 dollardır, əgər ondan aşağı düşərsə, məzənnəni 3 aydan artıq saxlamaq mümkün deyil. Yeri gəlmişkən, manat keçən ilin fevral ayından etibarən, düz ilin sonunadək 11,5% möhkəmləndi. 1 il əvvəl, yəni 2016-cı ildə isə 15%-ə yaxın ucuzlaşmışdı. Sual yarana bilər ki, məzənnə əgər kənar müdaxilə yolu ilə idarə olunursa, bəs, bu cür əks tendensiya necə baş verir? Təkrar edirəm ki, keçən ilin fevralın 2-də manat 1,92-dək ucuzlaşmışdı. Onda 1,70-ə niyə endi? Bu sualların cavabı isə ondan ibarətdir ki, AMB sonrakı dövrdə manatınABŞdollarına nisbətən 1,70-dən də aşağı səviyyədə möhkəmlənməsinə imkan vermədi. Və bunu valyuta bazarına müdaxilə, yəni intervensiya etmək yolu ilə təmin etdi. Başqa sözlə desəm, tənzimlədi. Odur ki, ölkəmizin valyuta bazarında sabit vəziyyət qalmaqda davam edir və 3 il bundan öncə, yəni 2015-ci ilin fevralın 21-nə kimi vəziyyət necə idisə, manatınABŞdollarına görə məzənnəsi yenə o cür "bir nöqtədə” ilişib qalıb. Belə ki, o vaxt 0,78 qəpik səviyyəsində idisə, indi də xeyli müddətdir 1,70 qəpik səviyyəsində sabitləşib. Sözün qısası, AMB bu cür məzənnə siyasətini hələ uzun müddət saxlayacaq. Və sözügedən qurum manatın əsaslı makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli şəraitdə dəyişkən risklərinin qarşısını almaq məqsədilə məhdud sayda və həcmdə olsa da, valyuta bazarına müdaxilə edir və edəcək də. Ona görə ki, AMB-nin müvafiq açıqlamasında da qeyd olunduğu kimi, manatın əhəmiyyətli möhkəmlənməsi və yaxud ucuzlaşması bir sıra mikro və makro risklərin reallaşmasına yol aça bilər. Ona görə də manatı tam üzən məzənnə rejiminə təkrar edirəm ki, buraxmaq olmaz. Əslində indidən 2020-ci il üçün proqnoz vermək düzgün deyil. Əgər, Azərbaycanın ixrac potensialının 40-45 faizi qeyri-neft məhsullarından ibarət olsaydı, manat tam üzən məzənnə siyasətinə keçid edə bilərdi. Biz yalnız o halda tam üzən məzənnə rejimindən danışa bilərik".

Ədil Ədilzadə