adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Avqust 2018 00:37
24480
ƏDƏBİYYAT
A- A+

Mənalı və şərəfli ömür yolu

Günlər, aylar, illər bir-birini qova-qova insanı ömrün zirvəsinə qaldırır, sonra isə asta-asta endirib, sakit bir axına salır. Mənalı ömrün, yazıb-yaradan insanın, duyub-düşünən hər kəsin zaman və məkan etibar ilə zirvə yolu da, enişi də, sakit həyat axarı da zəngin və dalğın olur. 1938-ci ildə dünyaya gələn, uşaqlığı və gəncliyi 40 - 50-ci illərin iqtisadi çətinlikləri içərisində keçən, Böyük Vətən müharibəsinin ağır illərində ehtiyacın bütün çətinliklərini kövrək uşaq qəlbinə köçürən, 60-cı illərdə öz duyğu və düşüncələrini ürək çırpıntıları ilə kağıza köçürməyə başlayan və həmin illərdə poeziya üfüqlərinə doğru qanad açan, zaman-zaman havalanaraq yüksələn, nəhayət, bugünkü şeirimizin tanınmış nümayəndəsinə çevrilən Əşrəf Veysəllinin həyat yolu məhz belə eniş-yoxuşlu, mənalı və məzmunlu olmuşdur. Onun həyatı doğma şəhərimizlə sıx bağlı olmuş, bir sıra məsul vəzifələrdə işləmiş, həmişə, hər yerdə sadəliyi və səmimiliyi ilə öz şəxsiyyət bütövlüyünü təsdiqləmişdir.
Əşrəf Veysəllini oxuculara sevdirən nədir? İlk növbədə, həqiqi vətəndaşlıq keyfiyyəti, qırılmaz tellərlə xalqın həyatına, doğma torpağa bağlılığı və səmimiyyəti Şairin şəxsiyyəti ilə yaradıcılığı arasındakı birliyin, vəhdətin rolu xüsusilə diqqəti cəlb edir. Əşrəf Veysəllinin yaradıcılığına və onun şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki, onun şeirləri ilə şəxsiyyəti bir-birini tamamlayır, şairin düşüncələri və hissləri, istəyi ilə dedikləri çarpazlaşır, bir-birini tamamlayır. Bu əsasda yazılan əsərlər səmimi olmaya bilməz. Məsələn: "Vətən dardadır" şeirində yazır:

Dağların bürünüb dumana, çənə,
Bu dünya gözümə qaranlıq gəlir.
Murdar əl toxunub Xudafərinə,
Arazın suları bulanlıq gəlir.

"Şuşa - Vətənimin Eyfel qülləsi,
Dağılıb tökülür, düzlərə doğru.
Min ölüm gülləsi, min top lüləsi,
Yüz ildir tuşlanıb bizlərə doğru.

Bu hisslər, bu ağrılar illərdir ki, milyonlarla soydaşlarımızın qəlbində bir göynərti, bir sızıltı yaratmışdır. Şair öz fikirlərini oxucuya çatdırmaqla kifayətlənmir ,həm də onun qəlbinə və hissinə təsir göstərir, onu duymağa və düşünməyə, sevməyə və kin bəsləməyə təhrik edir. Oxucu onun ifadə etdiyi fikirlərə biganə qala bilmir, şairlə həmfikir olmağa, onunla sevinməyə və kədərlənməyə çalışır.
Mücərrəd mühakimələrdən, mənasız təmtəraqlardan uzaq olan Əşrəf Veysəlli şeiri həyat hadisələrinə yanaşma metodu, mövzu konkretliyi ilə diqqəti cəlb edir. İlk baxışda adi görünən, lakin böyük ictimai əhəmiyyətə malik olan məsələləri hadisələr silsiləsinə bağlamaq yolu ilə ümumiləşdirmələr aparmaq və bu istqamətdə nəticələr çıxartmağı yalnız ilhamın deyil, həm də ağlın məhsulu kimi qiymətləndirmək lazım gəlir.

Xəzərəm, Göy göləm, Kürəm, Arazam,
Bir ürək dolusu aham, naləyəm.
Məni qoymadılar şeirimi yazam,
Məni qoymadılar sözümü deyəm.

Qəlbimə yol çəkib işıq selindən,
Ömrünü mənimlə bölənlər də var.
Ancaq son tikəni mənim əlimdən,
Qoparmaqdan ötrü ölənlər də var.

Bəli, milli müstəqilliyimizə qədər bu belə idi. Arzularımız, demək istədiklərimiz ürəklərimizdə pas atmışdı, Sovet İmperiyasının sərt rejimi çoxları kimi Əşrəf Veysəllini də susmağa məcbur etmişdi. Əşrəf müəllimin şeir dili sadə və aydındır. Ona görə də bu şeirlər tamamilə anlaşıqlıdır, asan başa düşülür və tez əzbərlənir. Sözləri seçmək onları şeirin tələblərinə uyğun olaraq əlaqələndirmək, sıraya düzmək nöqteyi-nəzərindən Əşrəf Veysəlli şeirləri ən yaxşı nümunələrdən sayıla bilər.
Əşrəf Veysəlli zahirən çox sakit və həlim təbiətlidir, sözün əsl mənasında, təvazökar və mehribandır, sadə və təmkinlidir. Lakin bu zahiri sakitlik və təmkinlik arxasında onun təlatümlü qəlbini, coşqun və narahat ürəyini görməmək olmur. Aşağıdakı nümunə dediklərimizi bir daha təsdiq edir.
Gözəl Qarabağa qıyan kəslərin,
Xalqı quru yurdda qoyan kəslərin,
Bizi diri-diri soyan kəslərin,
Qalın dərisini soyum, yoxsa yox?

Əşrəf Veysəllinin şeirləri ictimai həyatla, cərəyan edən hadisələrlə bağlıdır. Hansı şeir hansı ildə yazılıbsa, onda o illərin havasını duymaq olur, lakin onlar həyatın surəti deyil, onun şair qəlbindən keçib gələn poetik ifadəsidir. 1988 - 1990-cı illər. Həmin illər Azərbaycanda azadlıq hərəkatının başlanması illəri idi. Həmin illər Azərbaycan xalqının böyük sınaq qarşısında qaldığı illər idi. O illər Azərbaycanın taleyi, bir növ karta qoyulmuşdu. Azərbaycan torpağının işğalı başlayırdı. Haqla-nahaq, doğru ilə yalan, ağla-qara, üz-üzə dayanmışdı. Qeyrətli vətən oğulları meydan hərəkatında alovlu çıxışlar edir, xalqın gözünü açmağa çalışırdılar. İstiqlal şairi olan Xəlil Rza və başqaları can verməkdə olan Sovet İmeriyasının qurbanına çevrilmişdi. Moskvada Lefertova zindanına salınan Xəlil Rzaya həsr etdiyi şeirdə Əşrəf Veysəlli çəkinmədən deyirdi:

Atdılar zindana Xəlil Rzanı,
Müşfiqi yenidən güllələdilər...

Həmin şeir Xəlil Rzanın həyat yoldaşı Firəngiz xanımın cəsarətli addımı ilə çörəyin arasında Xəlil Rzaya çatdırılmışdı. Şeirdən təsirlənən Xəlil Rza cavabında yazırdı:

Sağ ol, qardaşım Əşrəf,
Ağlatdı şeirin məni.

Qansız generalların,
Ağlamadım önündə.

Dolu avtomatların,
Paqonlu cəlladların
ağlamadım önündə...

... Sağ ol, qardaşım Əşrəf,
çıraq oldun gözümə,
Hərlənən planetin
gücü gəldi dizimə.

Əşrəf Veysəllinin yaradıcılığında vətənpərvərlik mövzusunda yazılan şeirlər üstünlük təşkil edir.
Bu da təbiidir, çünki o, həqiqətən, öz elinə-obasına bağlı bir şairdir. Vətən-şairin yaradıcılığında problemləri, hərəkət və tarixi əhəmiyyətini tənzim edən bir əsas kimi daimiləşmişdir. Vətən onun şeirlərində konkret təzahür formaları, çalarları ilə əks olunur. O, öz başlanğıcını insanın göz açıb gördüyü, ilk addımlarını atdığı kəndlərdən, cığırlardan, əyilib su içdiyi bulaqlardan, arxlardan, meyvə dərdiyi bağlardan, meşələrdən, ana laylasından, ana dilindən alır. "Vətən", "Dağların gecə nəğməsi", "Getdi", "Üzü bəri baxan dağlar" " Məni qoymadılar sözümü deyim", "Ölən günlərim", "A kəndim", "Qarabağ", "Dərdim", "Vətən dardadır", "Göynəyir", "Ağlama, Vətən ağlama", "Torpaq dərdi, şəhid dərdi", "Çağırış", və bu kimi yüzlərlə şeirləri şairin qəlbindən qopan həsrət nidalarıdır. Bu nidalar öz el-obasından ayrı düşən bizlərə, xüsusən başları şəhər havası ilə dumanlanan gənclərə nələr demir. İndi biz düşmən tapdağı altında qalan dədə- baba yurdumuza, boşalmış, dağıdılmış el-obaya nə qədər əl uzatsaq da , əlimiz çatmır, həsrət odumuz sönmür. İstəyirik ki, yenə o sulu çayların qoynuna atılaq, dağlara, təpələrə dırmaşaq, ağaclarda yuva quraq, bağlardan meyvə dərib qoynumuza yığaq, ancaq bunlar hələlik arzu, xəyal olaraq qalır, ifadə etdiyi aşağıdakı misralar hər birimizin qəlbini göynədir.

O nədir- qəlbimi yandırıb-yaxır,
O kimdir həsrətlə yollara baxan.
Ərləri şəhidlik taxtına qalxan,
Cavan gəlinlərin saçı göynəyir.

Vətən harayına çatan əsgərin,
Özünü odlara atan əsgərin,
Şəhid məzarında yatan əsgərin,
Bəlkə, Xocalıda qıçı göynəyir.

Kiçik və böyüklüyündən yaxın və uzaqlığından asılı olmayaraq, torpaq həsrəti, doğulduğun yurdun varlığında yaşayan bir keyfiyyətdir. Ayaq tutub yeridiyin, ulularımızın məskən saldıqları evlərə, həyətlərə, kəndlərə olan övlad məhəbbəti ümumilikdə Vətən məhəbbətidir ki, bu da Əşrəf Veysəllinin əsərlərinin əsas qayəsini, ana xəttini təşkil edir.
Əşrəf Veysəlli yalnız bir sənətkar, bir şair kimi tanınmır. O həm də yüksək insani keyfiyyətlərə malik olan, mənəvi saflığı ilə seçilən sadə, təvazökar, səmimi bir şəxs kimi bütün varlığı ilə vətəninə, xalqına, elinə-obasına bağlı bir vətəndaş kimi, dostuna, yoldaşına, oturub-durduğu adamlara ürəkdən bağlanan, hazırcavablığı, şux yumoru ilə qəlblərə yol tapan heç bir təmənna güdməyən bir insan kimi tanınmış və özünü təsdiqləmişdir.
Əziz dostum ,Əşrəf ! Sevindirici haldır ki, ictimaiyyətimiz, şeirə, sənətə qiymət verən dostlarımız, sizin mənalı poeziya ailəminizə bələd olan yüzlərlə oxucularınız yaxşı bilirlər ki, Siz 80 illik yubileyinizə çox qiymətli, ağır şeir yükü ilə gəlsəniz də, zahirən də qəlbən cavan qalıbsınız. Bu təvazökarlığın, ürək genişliyinin, saf qəlbin nişanəsidir, tükənməz ilhamla yazıb yaratmaq eşqinin nəticəsidir. Siz yaxşı bilirsiniz ki, Şairin ən böyük mükafatı oxucu məhəbbəti, xalq məhəbbətidir. Əsərlərinin sevilməsi, oxunması, əzbərlənməsidir. Bu mükafatınızı Siz çoxdan qazanıbsınız. Siz oxucuların, dostların qəlbində həmişə sadə və səmimi Əşrəf Veysəlli kimi qalacaqsınız - insanları daha gözəl, saf görmək istəyən, Vətənin birlik, bütövlük təntənəsini arzulayan Əşrəf Veysəlli kimi, həyatda heç kəsdən təmənnası olmayan Əşrəf Veysəlli kimi. Bu münasibətlə - 80 illik yubileyiniz münasibətilə sizi təbrik edir, həyatda insan üçün ən şirin nemət olan can sağlığı arzu edirik.
Sabir MƏMMƏDOV,
Respublikanın
Əməkdar müəllimi