adalet.az header logo
  • Bakı 11°C
07 Avqust 2018 11:15
10180
ELM VƏ TƏHSİL
A- A+

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Avqustun 15-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada- mektebeqebul.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Sənədlərin qəbulu sentyabrın sonunadək davam edəcək. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi”, "Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.