… Onunla bir neçə gün bundan əvvəl həmişə görüşdüyümüz çayxanada yenidən bir yerdə əyləşdik. Daha doğrusu, 60 illik münasibətilə qələmə aldığım və qəzetdə çap olunan yazını ona təqdim eləyirdim. Və mənim dostum da həmişə olduğu kimi görüş yerinə vaxtında gəldi. Qucaqlaşıb öpüşüb görüşdük və bir daha yubiley münasibətilə onu təbrik elədim. Sonra süfrəyə çay gətirdilər.
… Bir stəkan çay içə-içə tələbəlik illərinə qayıtdıq. Amma bir də gördüm ki, dostum xidmətçini yanına çağırıb yemək sifariş eləyir. Nə illah elədim mənimlə razılaşmadı və öz bildiyi kimi hərəkət elədi. Onun özü də, mən də hər yerdə yemək yeyən deyilik. Çünki hər ikimiz pəhriz saxlayırıq. Buna görə də qarabaşaqla mal ətinin birgə hazırlanmasından bişmiş yeməyi stola gətirtdi. Biz nuşu canlıqla şirin-şirin o yeməyi yeməyə başladıq. Arada dedi ki, axşam saat 6-da bir şad xəbər olmalıdır, saytlara baxarsan. Hər ikimiz yeməkdən sonra ayağa qalxdıq və onun maşınına əyləşib ordan çıxdıq. Və çıxanda da həyat yoldaşı Yeganə xanımın onun barəsində qələmə aldığı kitabı mənə verdi. Onu da qeyd edim ki, Yeganə xanım hələ telefonda mənə demişdi ki, Məhərrəm müəllimdən xəlvət bir kitab yazmışam, baxın görün necədir?
… Otuz iki səhifədən ibarət «Ürəyimdən keçənlər, yadımda qalanlar» kitabını metronun «Xalqlar dostluğu» stansiyasına çatana qədər oxuyub qurtardım. Sözün açığı, kitabın dili, üslübü və müəllifin orijinal yanaşma tərzi mənim çox xoşuma gəldi. Heç kitab haqqında yazı qələmə almaq fikrim də yox idi. Sadəcə olaraq, kitab mənim qəlbimin sarı siminə toxundu və mən də xəbərim olmadan bu yazını qələmə aldım. Ümumiyyətlə, şairlərin, yazıçılarn, böyük alimlərin həyat yoldaşları həmişə onların birgə yaşadığı ömrü pis-yaxşı qələmə alıblar. Yadıma Dilbər Axundzadənin qələmə aldığı «Müşfiqli günlərim» kitabı düşür. O kitabı Dilbər Axundzadə 70-ci illərdə Azərbaycan Dövlət Filormoniyasında Mikayıl Müşfiqin 70 illiyi keçirilərkən aftoqraf yazaraq mənə bağışlayıb. Və həmin kitabı bu gün də sevə-sevə öz rəfimdə saxlayıram.
Elə Yeganə xanımın Məhərrəm Qasımlıyla bağlı qələmə aldığı kitab da hardasa həmin kitaba bənzəyir. Yəni başdan-ayağa ürək döyüntüsü, səmimiyyət və ailə sədaqəti hiss olunur bu kitabın hər cümləsində, hər sətirində. Bir sirri də açım ki, Yeganə xanım Məhərrəm müəllimin qrup yoldaşı olub. Yəni onlar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bir yerdə oxuyublar və oranı bitiriblər. Sonra isə ailə qurublar. Siyəzən rayonunda Məhərrəm Qasımlı müəllimlik fəaliyyətinə başlayanda bir sədaqətli xanım kimi Yeganə xanım həmişə onun yanında olub. Kitabın ön sözündə yazılır: «Məhərrəmi tanıyandan, onun savadına və istedadına bələd olandan sonra ürəyimdən belə bir fikir keçdi: belə savadlı və istedadlı oğlanın yanında onu başa düşən, dəyərləndirən bir həyat yoldaşı olmalıdır. Bu yol çətin bir yol olacaq. Bunu fikirləşəndə heç ağlıma gəlməzdi ki, bu yolun pərvanəsi mən olacağam. Odun-ocağına başına fırlanan bir pərvanə. Həmişə Məhərrəm haqqında nəsə yazmaq istəmişəm. Bunun çox çətin və məsuliyyətli olduğunu bilirəm. Həm də buna gücüm yetməz. Elə buna görə də sadəcə bir söhbət etmək istədim. Mənimlə həmsöhbət olmaq istərdinizmi?..»
Bəli, Yeganə xanım, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı barəsində olunan söhbətə kim qulaq asmaz? Ailə qurduqları ilk gündən bu günə qədər olan bütün enişli-yoxuşlu və ağrılı-acılı günlər, aylar və illər bu kitabda öz əksini tapıb. Kitabda o da əksini tapıb ki, hər şey Məhərrəm müəllimin dilindən danışılır və bütün söhbətlər, bütün deyimlər maraqlı və orijinaldır.
Xalq şairi Bəxtiyar Vahabzadə öz tələbələri arasında Məhərrəm Qasımlını istedadı və savadına görə, hamıdan çox istəyib. Öncə ona sarı köynək geyindiyinə görə, «sarıköynəkli oğlan» deyirmiş. Sonradan Məhərrəmin adı da, soyadı da böyük şairin, böyük alimin, böyük müəllimin yaddaşına həkk olunur. Hətta yolda Məhərrəmi görəndə öz «Volqa»sına onu əyləşdirib aparırmış.
Mən oxucunu çox yormaq istəmirəm. Bayaq dedik axı, Məhərrəm Qasımlı heç də həmişə yağ içində böyrək kimi yaşamayıb. Çox ağır, çətin günləri olub. Hətta ağır günlərində belə Türkiyədəki dostları onu işə dəvət edib universitetdə dərs deməyə çağırıblar. Amma Məhərrəm müəllim bu dəvətin heç birini qəbul eləməyib. Deyib ki, vətənim, torpağım mənim üçün hər şeydən əzizdir. Kitabdan oxuyuruq:
«… Bir axşam Yeganə pəncərədə dayanıb bayıra baxırdı. Dedi ki, bax, ay çıxıb. Özü də gör nə gözəldi?! Mən dedim, Bakıya zəng elə, qoy uşaqlar da pəncərədən aya baxsınlar, biz də baxaq. Baxışlarımız ayda görüşsün. O zəng eləyib qızım Ləmanla danışdı. Qızım Şəhanəni və bir yaşı təzə tamam olmuş, yeni-yeni dil açmağa başlayan nəvəm Səmanı çağırdı. Onlar Bakıda, bizsə Ankarada aya baxdıq. Yeganə dedi ki, qəribə görüş yeri seçdin. Bu ancaq sənin ağlına gələ bilərdi…»
Axı dedim, Məhərrəm müəllim bildirdi ki, saytlara baxarsan, nəsə xoş xəbər olacaq. Onda avqustun 4-ü, saat 6 radələriydi. Saytlara baxdım, gördüm ki, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə, Məhərrəm Paşa oğlu Qasımlı «Şöhrət» ordeni ilə təltif edilib. Elə öncə dostum Məhərrəm müəllimin özünə telefon açdım və yüksək mükafat münasibətilə təbrik etdim. O da cənab prezident İlham Əliyevə özünün və ailəsinin adından minnətdarlığını bildirdi. Sözün düzü, bu yüksək mükafat məni o qədər sevindirmişdi ki, hətta onun yaxın dostlarına, o cümlədən filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafaya bu şad xəbəri çatdırdım. Onların da bu şad xəbər çox böyük sevincinə səbəb oldu.
Bir sözlə, Məhərrəm müəllimin cənab prezident İlham Əliyev tərəfindən «Şöhrət» ordeni ilə təltif edilməsi tək onun deyil, aşıq sənətinin, Azərbaycan folklorunun və şifahi xalq yaradıcılığının qiymətləndirilməsi idi. Layiqli insanları qiymətləndirəndə təbii ki, bundan da millət, xalq çox sevinir və ədalətli seçimə görə bir daha prezidentə öz sevgilərini bildirirlər. Bir daha dostumuz və qardaşımız Məhərrəm Qasımlını bu yüksək mükafat münasibəti ilə təbrik edir, ona elmi və bədii yaradıcılıqda böyük uğurlar arzulayırıq. Demək olar ki, Məhərrəm Qasımlı bütün elmi titullara layiq görülüb. Bircə qalıb Milli Elmlər Akademiyasına müxbir üzvi seçilməyi. O da inşallah, nə vaxtsa öz yerini tapar…