adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Avqust 2018 09:56
23758
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlunun şeirləri: Bir az gecikdim mən bu etirafda

VAR İDİ

Bu qocalan umidlərim,
Vaxtsız-vədəsiz qarıdı...
Ümidsiz, umidli yerim-
Güldü, həsrətim yarıdı!..

Gözümdə hər gün ucalan,
Ucaldıqca da qocalan...
Sevgim, zamanla puç olan-
Bardı, həm də ki barıdı!..

Ruhum bükülən ərəndi,
O, mənim bəndim, bərəmdi,
Günlərim pərən-pərəndi-
Sankı dağılmış darıdı...

Hay vermir məscid, kilsə
Gələn də deyil ta kimsə,
Sən deməsən də, kim isə-
Deyər Əbülfət varıdı.

YAŞ

Başımın üstə bulud-dam ,
Kövrəlib dolmuş buludam!..
Bilmirəm necə qurudam? -
İçimə süzülən yaşı...

Aylardan, illərdən qopur
Beli bükük, üzü çopur
Canıma bir təklik hopur -
Seçmədən qurunu, yaşı!..

Sözün tağına baxıram
Gözün ağına baxıram...
Özüm yaxına baxıram -
Kökləyib uzağa yaşı!

AND YERİM

Sənsiz ölüb-dirildim,
bunu heç kim görmədi.
Hörgümdən kərpic düşdü,
onu heç kim hörmədi -
yerinə...

Çıxdım yolun ağına,
İçimdəki ümidlə.
Eşqin Sənan dağına
Məni təzdən kilitlə -
yerimə.

Ruhum uçub qayıtsın,
Bir də sənin yanına.
Səni qəmə caladım
Bağışla öz canına -
and yerimə...

CÜMƏ GÜNÜNÜN ŞEİRİ

Özümü Məcnun bilirdim-
bitməyən dərdə dözümdə...
Bir Şair gözümdə öldü-
bir sevən isə özümdə!..

Qətliam oldu içimdə-
nə dodaq bildi, nə də dil..
Gələ bilmədin üçümdə-
Bunu da bağışladım, bil!

Sadəcə yaddaşı yandır-
tüstüsünə fatihə ver...
Gətirmədi bəxtim, andır-
Tikanlıdı yatdığım yer!..

BİR QADINA

Seçdiyim yolu geyindim -
Ümid adına, adına...
Öz dərdlərimdən deyindim -
Mən bir qadına, qadına...

Deyindim başı ağrıdı
Gördü ki, daşı ağırdı...
Gözünün yaşı axırdı -
Yetməz dadına, dadına...

Deyindim huşu da getdi...
Baharı, qışı da getdi...
Bir sevgi boşuna getdi -
Düşməz yadına, yadına!..

ÜRƏYİM

Qu tükündən yumuşaq,
Bir beşikdi ürəyim.
Sığışa bilmədiyin -
ev-eşikdi ürəyim...

Gözümə Yer-Göy dəyir,
Qamətimi Göy əyir.
Hava çəkir, göynəyir -
Gəl, deşikdi ürəyim.

Batıb aha, günaha,
Əlin açıb Allaha!
Dinindən dönüb daha -
Bax, keşişdi ürəyim.

BU AXŞAM

Hələ də bilən yoxdur,
dərdimin adı nədir...
Hamı da mənim kimi-
bu dərdə abunədi!..

Yuxum perik, günüm ah
alın yazımdı günah..
Boşdu məndə dörd cinah-
Səndə Çin səddi nədi?!

Qəm bitib çıxıb dizə,
Xəfəsi dəyir bizə...
ruhum gələcək sizə-
bu axşam adnadı!..

EHTİYAC YOX...

Ay işığı sönmüş adam,
Daha qora ehtiyac yox...
Ayaq üstə ölmüş adam -
Gecdi, gora ehtiyac yox!..

Doğulandan qəm daşıdın
Qəmdi sənin həmyaşıdın...
Həm od idin, həm daşıdın -
Daha zora ehtiyac yox...

Bu yer bir tala - düşmüsən
Tapmısan bəla - düşmüsən!
Çıxılmaz hala düşmüsən -
Daha ... tora ehtiyac yox!..

YUXUMU

Yığmışam mən ovcuma
Gəzdirirəm yuxumu...
Kipriklərimlə sıxıb -
Əzdirirəm yuxumu...

Fikirləri qovmaqla
Sovurmaqla, sovmaqla...
Gözlərimi ovmaqla -
Sezdirirəm yuxumu...

Ulduz qovub, dan açdım
Öz bəxtimlə dalaşdım...
O didərgin, mən qaçqın -
Bezdirirəm yuxumu!..

BİNƏ

Sığındığım göz yaşı -
Göynəyən dağ da binə...
Qarışıb dərdin başı -
Salmışam dağda, binə!..
Olmayaydı bu gərək
Sözümə baxmır ürək!..
Ruhum xallı kəpənək -
Qurubdu tağda binə!..

Bir yolu biçdim, amma
Yüyürüb keçdim amma!
Mən solu seçdim,
amma
Qalıbdı sağda binə!..

Görürmü yar aşrımı
Aşrımı yar aşırmı?
Özün de, yaraşırmı ? -
Mənə bu çağda binə?!

KİMİ

Bu gecə sızıldadı
Ruhum da, yara kimi...
Minnətçi göndərim mən -
Bilmirəm, yara, kimi?

Elə bil xəyal qurub
Çiçək tək boynun burub...
Ölmüş çəkilib, durub -
De, məndən hara kimi?!

Yel oynayan binəm də
İmkan vermir, dinəm də!
Sim edəcəm sinəmdə -
Bilmirəm tara kimi?!

Duyğun idim, hissindim
Yaxşın idim, pisindim...
Dərdlərimlə isindim -
Bu qış -
Son qara kimi!

Üstümü çən alacaq
Məni atdan salacaq...
Həyatımda qalacaq -
Əbülfət - qara kimi!..

GƏLDİM

Mən elə darıxmışdım ki,
Yüyürdüm, yürüdüm gəldim...
Bu yorulmuş ürəyimi-
Arxamca sürüdüm, gəldim..

Düşdüyüm bu çəhlim-vərdi,
Yar əlin üstümə sərdi...
Ömrümə ələnən dərdi-
Bir yerə kürüdüm, gəldim...

Ağrı çəksə də dərinə,
Keçmədim fələk girinə.
Üz qoyduğum and yerimə-
Hələ ki, yeridim gəldim..

Üz tutub deyim, sev!- kimə?
Qalacaq bu boş ev, kimə?!
İlahi, sənə sevgimə -
Ruhumu bürüdüm gəldim...

BUYUR, BAX, GÜL, ÖLMÜŞƏM

Yarpaq pıçıltıların
budaq duyubdu öncə...
Dərdin tumurcuğuna
Dilim deyibdi qönçə!..

Kipriklərin təması
İşıq saçan parıltı...
Bir sevginin səması-
Qığılcımdan yarıldı...

Bir sevgi çətir idi
Damdı içəridən çölə...
Səsin qayıq gətirdi-
Dərdim batam bu gölə!..

İndi bir az kösövəm
Bir az da kül-
Sönmüşəm!
Bəhanə axtarırdın-
Buyur, bax, gül, ölmüşəm!..

ÖMRÜNDƏ QALACAM

İncidin ki, soruşmadan - izinsiz
Tellərinə toxunmuşam - meh kimi...
Bilmədin ki, baxışının odunda -
Qurumuşam, yox olmuşam - şeh kimi...

Xoş danışıb verməsən də dil barı
Baxışınla kipriyimi sil barı!
Sən özünü uzaq tutdun, bil, barı -
Telindəki izlərimi beh kimi...

Ötən günü, ötən anı boş tutdun...
Ümidimi suvarmadın - qurutdun!
Elə bilmə Əbülfəti unutdun ? -
Qalacaqdı o, ömründə zeh kimi!

BAĞIRMAQLA ŞUŞA HEY!

Üstüm tozlu deyil ki?
Çırpma, dərdim tökülər!
İlmələrim də dərddi -
Çırpma, ilməm sökülər!..

Bata-bata günaha
Mən çıxsam da sabaha,
Səsim çatmır Allaha -
Çatsa, dizi bükülər!..

Daş atıram quşa hey,
Dəymir, yerə düşə hey...
Bağırmaqla, "Şuşa!" hey -
Düşmən çətin çəkilər!

BU MƏNƏM

Kiprikləri tumurcuqlu
Bəbəyi leysanla dolan...
Mən - kədəri göz muncuqlu
Sinəsi də xal-xal olan -
yarpaq!

Sən Allahın önündə lal
Mən duracam dizi üstə...
Qaçılmazdı bil ki, bu hal
Tutmayacaq bizi üstə -
torpaq!

Dünya artıq gözümdə dar
Sular demə durulubdu...
Ölümün də mələyi var
Mənim üçün qurulubdu -
tor, bax!

ÜRƏK ZƏDƏLƏNMƏSİN

Tumurcuq tər, yarpaq tər
Salxımı üz, yarpaq dərg
Dərəndə də yar, bax, dər -
Ürək zədələnməsing

Nişançı var, nişan var
Göz oxşayar nişanlar...
Sən də elə nişan al,
Ürək zədələnməsin...

Ovut, ovun və ovul
Dərd tək içindən qovul...
Səssiz sovrulub sovul -
Ürək zədələnməsin...

SEVİN

Göz önündə bir çıraq
Közərmədən sönübdü...
Gülüm, canından iraq -
Səni sevən ölübdü!..

Daha nə görünəcək
Nə yoluna çıxacaq...
Sözü, nə də söhbəti -
Ürəyini sıxacaq!
Rahatca nəfəs alıb
Qurtulmağına sevin!..
Onu öldürüb yıxdın -
Sən həm də dərdin evin...

DAN ÜZÜ DİLƏYİ

Mənim ümid payımı
Ovcumun içinə yığ...
Sonrada sən ovcumu -
Qəlbinin üstünə sıx!..

Qəlbindən süzüb gələn
İşığa mənlə bələn...
Mənə hər yerdə gülən -
Kədərin sonuna çıx!

Demirəm tez-gec eylə
Gündüzlə, ya gecəylə...
Ərəbzəngi gücüylə -
Sən məni dizinə yıx!..

ATASIZLIĞA İLK AĞI

Bitib qurtarmır ki, bu uzun gecə,
Sonu görünmür ki, bu qaranlığın.
Dərd qoşdu məni də axır bu köçə -
Əlində saxlayıb öz tiranlığın...

Uçdu söykəndiyim zirvə kökündən,
Həzm edə bilmirəm bu yetimliyi...
Səndən ayrılmağın lap ilk günündən
Duymağa başladım mən çətinliyi...

Sözümün söykəyi göyə çəkildi.
Başıma qoyulan ağılla birgə...
Dünyamın ölçüsü itdi, kiçildi,
Uşaqlıq adlanan nağılla birgə...

İndi ata sözü dilə gələndə
Rəhmət kəlməsi də qoşulur ona...
Mənə elə gəlir ata öləndə -
Bir kişi hökmü də yetişir sona...

TƏƏSSÜF...

Dərdin üzü daş olandan
"Daş" mənə yoldaş olandan...
Sağ yara, sol daş olandan -
təklənirəm!..

Düşdüyüm bir dərin qazma...
Məni ürəyimdən asma!,,
Allahım, günaha yazma -
şəklənirəm...

Yarpaq tökümü başlayıb...
Qəm artıq məndə qışlayıb!..
Daha ruhu da xışlayıb -
ləklənirəm!..


GÖZÜNÜ SİL XƏLVƏTDƏ

Yoxam, ölmüşəm artıq,
Üzülmə bu xəbərdən...
Düşün ki, qayıdacam-
Sonsuzluğa səfərdən!..

Günlərin caynaqları,
Anları üyüdəcək...
Saxlayıb qaynaqları-
Xatirə böyüdəcək!..

Kipriklərdən asdığın,
Yollar da yorulacaq...
Dodağına yazdığın -
O, ad da sovrulacaq!..

Bütün bunlar həyatın,
Gördüyümüz yuxusu...
Çəkiləcək səndən də -
Mənsizliyin qoxusu...

Axı, çiçək, düşən şeh...
Sonun bilmir əlbəttə...
Əsir artıq bizim meh-
Gözünü sil xəlvətdə..

TUTUR

Qəribədi, qəmin də
Gözlərini yaş tutur...
Qəm də sanki ovcunda -
Vurmaq üçün daş tutur!..

Ürəyin görükəni
Qoru, sən bu görkəmi!
Gözə düşən kölgəni -
Bəzən kiprik, qaş tutur!

Hər kəs əcəl ovudu -
Bu şair söz - sovudu!
Kimi ürək ovudur ,
Kimi isə baş tutur!

TANRININ EŞQ MƏLƏYİ

O mənim həyatımda,
Günümdə, anımdadı...
Atdığım hər addımda -
Damarda qanımdadı...

İçimdəki səsdi O,
Aldığım nəfəsdi O...
Sabaha həvəsdi O -
Ruhumda, canımdadı!

Nəşəmdi, ahımdı O
Sevgim, günahımdı O...
Yerdə Allahımdı O -
Ölüncə yanımdadı...

Tanrının eşq mələyi
Məcnunların diləyi...
Olub şair ürəyi -
Adımda, sanımdadı!..

VAXTINDA

Mənə bu gecənin duasın elə,
Qaçıb görüşünə yetim, vaxtında.
Bağışla olanı, bir bəyaz telə -
Mənim ürəyimin yetim vaxtında!..

Qatıb bir-birinə ağla qaranı
Qopar qaysağını, bağla yaranı...
Özün bildiyin tək, saxla aranı -
Mən sənə sözümü dedim, vaxtında!

Hər gün arandıqca ruhumun soyu
Göynədir sinəmi ah-ufu, oyu...
Məsafə saxlayaq bir kiprik boyu -
Dizində ibadət edim, vaxtında!

Söykəyib canımı, vallah, qəm tinə...
Baxıb bu halıma, sən heç təntimə...
Çevirib üzümü Allah səmtinə -
Sevgimə mən qurban gedim, vaxtında!

CƏNNƏT OLUR, PARASI DA CƏHƏNNƏM

Qızarıbdı gözlərimin qarası,
Sızıldayır ürəyimin yarası...
Elə bil ki, günlərimin parası-
Cənnət olur, parası da cəhənnəm...

Ah! tökülür yarpaq kimi, gah tək-tək,
Yarpaq özü "ah" da çəkir,"ah" tək-tək
Günlərimdən gün seçirəm şah, tək-tək
Cənnət olur, parası da cəhənnəm...

Lap əzəldən, bu necə bir gəlişsə,
Adıma, ya qismətimə nə düşsə...
Anlamıram inanın ki, nə işsə-
Cənnət olur, parası da cəhənnəm...

Bir şairə, bir şeirə, bir də ki..
And yeridir, bir göydə, bir yerdə ki!
Siz güldükcə, mən çəkdiyim dərddə ki-
Cənnət olur, parası da cəhənnəm...
SƏN RUHUMUN TANRISISAN

Dilim-dilim olsun dilim,
Əzabdı hər ayım, ilim...
Yuxuda gördüm ki, gülüm,
Sən ruhumun Tanrısısan!

Yanağıma yaş saldı iz,
Haqq önündə diz çökdüm, diz.
Anlaya bilmədik ki, biz -
Sən ruhumun Tanrısısan!

Kəssə də lap, əyri düzü,
Hər istəyin iki üzü...
Sən olmaz hər qızın yüzü,
Sən ruhumun Tanrısısan!

Baxt özü o baxtdı, bilir,
Vaxt həmin o vaxtdı, bilir...
Allah özü haqdı, bilir -
Sən ruhumun Tanrısısan!

İYNƏ UCU İSTƏK

Mən üzülmüş yarpağam
Çeşmədə nov edərsən...
Suyu yaxşı süzməsəm -
Bir az söz-sov edərsən...

Təki gözün önündə
Kiprik ucunda olum!..
Yolun üstümdən keçsin ...
Yolunda bitsin yolum!

Böyük istəklərim yox
Səni çətinə salsın!
Bircə qəlbim ağlında,
Ağlım qəlbində qalsın!

BUNU ZARAFAT DA SAYA BİLƏRSƏN...

Elə istəyirəm qovuşsun yolum
Bir az önə çıxım - öndə dayanım...
İndi ki kölgənəm - qoy özün olum -
Mən də günə çıxım - gündə dayanım!

Gecəmi gündüzə calaq vuraraq
İçimdə qəm adlı alaq vuraraq
Sənsiz dözməyəndə araq vuraraq -
Yaşım o yaş deyil tində dayanım!

Allahın hər cürə payı içində
Əbülfət gün görmür, ayı içində...
İtim adamların sayı içində -
Çıxıb adamlıqdan gendə dayanım?!


BƏŞƏRİ AŞİQLƏRƏ

Ay Məcnun, ay Kərəm, ay insafsızlar,
Mənə bu qapını Siz göstərdiniz!
Məni açıq-aşkar oda salanlar,
İndi də "döz!"-deyib, gözlədirsiniz...

Yuxum göyə uçub, xəyalım ərşə
Cismimi tərk edən ruhum da köçüb...
Durmadan tələsdim hər gün görüşə -
Hər gün də vaxt məndən arxaya keçib ...

Özümü nə qədər kökləsəm belə
Damarı düşmədi dərdin əlimə...
Görünür sevgidə naşıyam hələ -
Təzədən cəlb edin məni təlimə ...

... Ay Məcnun , ay Kərəm , a bəxtəvərlər
Sizi sevən də var, siz sevən də var...
Sevgini bir az da bəxtdə görənlər,
Kimsə, dərddən başqa, olmur mənə yar!..

GECİKMİŞ ETİRAF

Bir az gecikdim mən bu etirafda,
Amma gec olsa da pıçıldayacam..
Mənə yer olmadı, heç bu ətrafda-
Torpağın altında puçurlayacam!

Sevgim artıq oldu, aşdı ölçünü-
O da ləçək-ləçək saraldı, qopdu...
Saxlaya bilmədim xəyal köçünü-
Onun da ruhuna "əlvida" hopdu!...

Atdığım addım da, dediyim söz də,
Döndü göz yaşına, döndü tənəyə...
Mənim içimdəki dözüm də, döz də-
Adım tək yük oldu dilə, çənəyə...

Gerçək olanları susub dinləmək,
Nə qədər çətindir- çəkənlər bilir...
Nədir öz içini didib- inləmək?-
Bunu da içindən çökənlər bilir.

Bir az gecikdim mən bu etirafda,
Batan gəmi kimi izim yuyulur,
Durub su axtarma heç bu ətrafda-
Kipriyimdən damır...üzüm yuyulur.

TƏKLİF

Ömür andı - gözümdə,
Sönür odum, közüm də,
Nəzərə al, dözümdə-
Məni gücündə saxla..

Üstümə çöküb bulud,
Onu hənirlə qurut...
Umud verib, sən umud-
Məni içində tağla..

Öz içinə sin, amma,
Məqamında din, amma!
Ölən günü inanma -
Məni üçümdə ağla

DAĞLARIN

Ahım çatırmı görən
Qulağına, dağların?!
Ağlamaqdan kor olan-
Bulağına dağların...

Sürüşübmü yana qar? -
Alışa qar, yana qar!..
Duasına gərək var -
Bu ağıla, dağların!

İllər qırış salıbmı
Verdiklərin alıbmı...
Ehtiyacı qalıbmı -
Bu nağıla, dağların?!

QARA KAĞIZ

hər bir ada yazılıb -
əl boyda - para kağız...
o da həm son məktubdu ,
həm də ki, Qara kağız !

orda vida notları -
orda ayrılıq yatır...
qəribədi son məktub -
Qara kağız tez çatır !

...təlaşlanma, deyəsən
qapı döyür poçtalyon..
istəmirəm döyəsən
dizlərinə... bu da son....

DƏRDİM

Tumurcuğu çırtlamış-
təzə dərdim - tər dərdim!
Mən səni şehli-şehli-
təzə dərdim - tər dərdim!

Sarıldın sən də mənə...
eşq vardı səndə mənə!
Titrəmə, səndələmə-
sən də məni dər, dərdim!

Qarışaq sirdaş olaq
bir divar - bir daş olaq...
dərdlərə bir qaş olaq-
sən üstündə zər dərdim!