adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Avqust 2018 09:37
16760
GÜNDƏM
A- A+

QARDAŞ ƏDƏBİYYATLARIN OXŞAR TENDENSİYALARI

(Söhbət ədəbiyyatşünas Yaşar Qasımbəylinin
"Milli oyanış və özünəqayıdış lirikası" monoqrafiyasından gedir)

(əvvəli ötən sayımızda)
Azərbaycan poeziyasından: Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca, özbək poeziyasından: Abdullva Aripov, Rauf Pərfi, Erkin Vahidov, Çolpan Erqaş, Akif Azalp..Əlbəttə, ədəbiyyat üçün çox əhəmiyyətli və yeni mərhələ xarakteri daşıyan bir dövrdə üç-dörd şairin yaradıcılığı da qaynaq, mənbə rolunu oynaya bilər, hətta bir az ifrata varıb deyə bilərik ki, lap bir şairin poeziyası timsalında da müəyyən bir dövrün "milli oyanış və özünəqayıdış" prosesini izah etmək olar.
Təbii ki, bunun üçün elmi mülahizələrin dəqiqliyi, konkretliyi, necə deyərlər, damlada dəryanı əks etdirmək məharəti diqqəti cəlb edə və bu kəmiyyət azlığı müqabilində keyfiyyət balansının yetərincə olduğunu hiss etməmək insafsızlıq olardı.
Amma başqa bir məqamda-haqqında söz açılan dövrün poetik mənzərəsini daha dolğun əks etdirmək mənasında elə bu kəmiyyət azlığına ciddi irad da tutmaq olar. Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca-əllinci illərdə yaradıcılığa başlasalar da, onların bir şair kimi etiraf olunması altmışıncı illərə aiddir, buna heç bir etirazımız yox. Amma adları sadalansa da, şeirlərinə demək olar ki, müraciət olunmayan, yaxud da ötəri müraciət olunan Uabir Novruz, Nəriman Həsənzadə, Sərdar Əsəd, Tofiq Bayram, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Fikrət Sadıq da "altmışıncılar" sırasındadır.
"Altmışıncılar" nədən yazmalı? sualına elə 60-cı illərdə cavab verdilər və burada Y.Qasımbəyli çox haqlı olaraq düzgün seçim edib Məmməd Arazdan belə bir misal gətirir:

Şair dostum, çaldığın saz
Eldən ayrı səs ucaltmaz;
Gəl həyatın nəfəsini
Həyatda duy, həyatda yaz.
Gur çayları səsinə qat,
Nə şöhrət gəz, nə də ki, ad.
Gəl zəhmət çək, zəhmətdəki
Şan-şöhrəti şeirə gətir.
Söz üstündə şam kimi yan,
Asan gələn gedir asan.
Mən demirəm yalnız gözəl
Bir xilqəti şeirə gətir.
Şair dostum, gəl həyatı,
Həqiqəti şeirə gətir.
Azərbaycan "altmışıncılar"ının bu poetik amalı ilə özbək "altmışıncıları"nın amalı da uyğun gəlir. Məsələn, Özbəkistanın müasir çağda da ən məşhur şairi Abdulla Aripov "Ruhum" şeirində yazırdı: " Yüksək fəzalarda sən eylə pərvaz, Səndə nə ahəng var, nə də ki, avaz. Sənə nə boranlar kar edə bilir, Heç kim nə yox edə, var edə bilir. Sən bir göy qurşağı-yüksək və solmaz, Göy qurşağını isə yox etmək olmaz". Başqa bir şair-Erkin Vahidov "Şeir gecəsi" şeirində deyirdi: "Şeirin yolu uzun, gələcək uzaq, Güllər dərəcəyəm qucaqbaqucaq. Amma bir gül mənim ürəyimdədir, Bir şeir arzusu diləyimdədir. Bu şeirlə bağlı bütün hisslərim". 
Y.Qasımbəyli "altmışıncılar"ın əsas estetik meyarlarını arayarkən, onların ədəbi genezisində də uyğun cəhətləri axtarır. Yazır ki, Ukrayna "altmışıncılar"ı T.Şevçenkonu, rus poetik gəncliyi A.SÇ.Puşkini, türkmənlər Məhdimqulunu, qazaxlar Abay Kunanbayevi, qaraqalpaqlar Berdaxı yeni bədii yüksəlişin dayaq nöqtəsi hesab edirdilərsə, özbək gəngliyi üçün Nəvai, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Alimcan milli bədii təfəkkürün yüksək zirvələri idi. Azərbaycan "altmışıncılar"ı üçünsə daha çox Füzuli, S.Vurğun və R.Rza meyar şəxsiyyətlər kimi götürülür. Əli Kərimin və M.Arazın Füzuliyə həsr etdiyi şeirlər bunun bariz ifadəsidir. Amma yaxşı olardı ki, "altmışıncılar"ın Nizamiyə və Nəsimiyə həsr etdiyi şeirlər də (xüsusilə Ə.Kərimin "Şəhidlik zirvəsi" şeiri) tədqiqata cəlb olunaydı.
Müəllifin əsərində bir fəsil də bizə maraqlı göründü və həmin fəsildə Azərbaycan və özbək "altmışıncılar"ının mövcud cəmiyyətə, şəxsiyyətə pərəstiş dövrü faciələrinə və repressiya qurbanlarına həsr olunmuş şeirlərin təhlili ilə qarşılaşırıq. Gətirilən misallar səciyyəvidir və adama elə gəlir ki, bu mövzuya müraciət edərkən Azərbaycan və özbək "altmışıncılar"ı üçün eyni poetik düşüncə hakim imiş.
Y.Qasımbəylinin monoqrafiyasında biz son altmış ilin özbək poeziyası haqqında müəyyən təsəvvür də əldə edirik. Doğrudur, o, öncə qeyd etdiyimiz kimi fikir və mülahizələrini əsasən üç-dörd şairin şeirləri üzərində qurur, amma istər Azərbaycan, istərsə də özbək poeziyasının ümumi meyl və tendensiyalarından söz açarkən mənzərəni bütöv və dolğun rəsm etməyə çalışır. Hiss olunur ki, onun Özbəkistanda yaşadığı illər havayı getməyib, Y.Qasımbəyli müasir özbək poeziyasını diqqətlə izləyib, bu mövzuda xeyli məqalələr də ərsəyə gətirib. Və onun bu monoqrafiyada müasir özbək poeziyasından ən çox Abdulla Aripov yaradıcılığına müraciət etməsini də təbii sayırıq. Bu, tədqiqatçının şəxsi zövqündən irəli gəlmir, Abdulla Aripov sözün həqiqi mənasında müasir özbək poeziyasının irəlici, avanqard şairidir. Müəllif yazır: "Abdulla Aripov yaradıcılığında, onun ilk şeirlərindən etibarən poetik fikrin müntəzəm hərəkəti, inkişaf dinamikası şeirsevərləri həmişə heyran edib. Onun lirikasındakı daxili dinamikanın, "mən"in rəngbərəng yaşantılarının əsas hədəfi həmişə ümummilli əhval-ruhiyyəni, ümumxalq kədərini əks etdirməkdir. Şairin 60-cı illərin əvvəllərində işıq üzü görmüş "Payız düşüncələri" şeirindən 80-ci illərdə yazılmış "İnam körpüləri" şeirinə qədər bütün əsərlərində xalqın dərdləri ilə yrğrulmuş cazibədar qəlb mənzərələrinin şahidi oluruq". Bu mənada Abdulla Aripovun yaradıcılığı vətənpərvərlik ideyalarının poetik təcəssümü kimi diqqəti cəlb edir və bizim poeziyada Məmməd Araza daha çox oxşayır.
Monoqrafiyada Azərbaycan və özbək "altmışıncılar"ının poeziyasında nəzərə çarpan və indiyə qədər tədqiqatçıların araşdırmadığı bir məsələni-yeni estetik münasibətin təzahürü və bariz görüntüsü kimi diqqəti cəlb edən tragik üsluba da ayrıca bir fəsil ayrılıb.
Nədir bu üslubun əsas xüsusiyyətləri? Çox sadə: həyatı dramatik və tragik yaşantılar vasitəsilə əks etdirmək.. Müəllif qeyd edir ki, özbək poeziyasının üslubi mənzərəsi bu gün əvvəlki dövrlərə nisbətən son dərəcə zəngin və rəngarəngdir. Əgər çağdaş poeziyanı üslubi cəhətdən 30-50-ci illərin nəzmi ilə müqayisə etsək, onların arasında böyük fərq olduğunu görərik. Saxta patetika və mədhiyyəbazlıq şəxsiyyətə pərəstiş dövrünün hökmran poetik üslubuna çevrilmişdi. Hakim dövrün üslubi özünəməxsusluğu-o amansız illərin üslubi yekrəngliyi bilavasitə fikir və görüşlərdə dərin kök atmış eyniliyin, yeknəsəqliyin nəticəsi idi. Özbək poeziyası ilə bağlı bu sətirləri oxuyursan və qətiyyən təəccüblənmirsən ki, eyni hadisə müəyyən mənada 30-50-ci illər Azərbaycan poeziyasına da aiddir.
"Altmışıncılar"ın poeziyası bu mənada üslub yeniliyi ilə də seçilirdi və hətta bu fikri də qətiyyətlə söyləyə bilərik ki, bir ədəbi nəslin ümumi nəfəs birliyi olmayıbsa, ədəbi baxışlarında bir-birini tamamlayan məqamlar olmayıbsa, onları eyni amal uğrunda nə birləşdirə bilərdi? Əslində, "altmışıncılar" təkcə nəsil yox, həm də bir ədəbi hərəkat kimi xatırlanmalıdırlar.
Altmışıncı illər artıq tarixə dönüb. Bəşəriyyətin taleyində mühüm rol oynayan, inqilablarla, beynəlxalq çəkişmələrlə, kəskin ekoloci dəyişikliklərlə və Elmi Texniki nailiyyətlərlə zəngin olan bu illər bədii ədəbiyyatda da yeniliklərlə, dəyişmələrlə yadda qaldı. Əgər belə demək mümkünsə, altmışıncı illər istər dünya, istərsə də Azərbaycan ədəbi prosesində müəyyən mənada intibah (oyanma, durulma, yenidən qurulma) rolunu oynadı. Xüsusilə Azərbaycan poeziyası (eləcə özbək poeziyası da) özünün yeni, mühüm keyfiyyət dəyişiklikləri ilə səciyyələnən mərhələsinə daxil oldu. Poeziya həm məzmunca, həm də sənətkarlıq baxımından diqqətəlayiq, oricinal əsərlərlə zənginləşdi. Sözün urvata minməsi, yeni bədii təsvir vasitələrinin poeziyada öncüllük kəsb etməsi və bununla da şablonların, stereotiplərin aradan qalxması, dövrün, zamanın özünə oxşayan lirik qəhrəmanın yaranması məhz altmışıncı illərin öhdəsinə düşdü. Bu ənənələr sonrakı onilliklərin poeziyasına da təsirsiz qalmadı.
"Yeni ədəbiyyat yeni insandan başlayır"-İ.Bexerin bu məşhur kəlamını Y.Qasımbəyli də əsərində sitat kimi verir və "altmışıncılar"ın yeni qəhrəman konsepsiyasının formalaşmasında mühüm rol oynadığını nəzərə çarpdırır.
"Yeni lirik qəhrəman zamanın ədəbi-estetik zövqünü də, ümumilikdə ictimai-mənəvi münasibətlər sistemini də təzələşdirəcək bir enercinin daşıyıcısı idi". Tamamilə doğru bir mülahizədir və biz "altmışıncılar"ın özlərini də o dövrün ədəbi qəhrəmanları kimi dəyərləndirir və sevirik.
Monoqrafiyanın son cümləsi: "Altmışıncılıq hərəkatının və altmışıncılar yaradıcılığının bütün dünya miqyasında etiraf edilməsi və sevilməsi XX yüzilin bu təkrarsız bədii təcrüğəsi və ədəbi dəyərlərinin ötəri olmadığını, bəşəriyyətin mənəvi xəzinəsinə çevrildiyini əyani şəkildə göstərməkdədir".

Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru