adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2018 09:28
14014
ƏDƏBİYYAT
A- A+

SARAY ADAMI

Hekayə

Əlisəfa Azayev

- Salam...
- ...
- Ə, səninlə deyiləm?..
- ...
- Məni eşitmədin?! Yaxşı!.. - deyə neftçi Zəki rayon icra hakimiyyəti işçisi Möhübün arxasınca gileylənə-gileylənə qaldı: - Əsl saray adamıdı da... Özün çəkən, özündən razı... İkiüzlü, riyakar...
Onun bu dediklərini eşidənlər də oldu. Eləsi vardı ki, onu sakitləşdirmək istəyir, Zəkiyə öyüd-nəsihət, ağıl vermək istəyirdilər. Elə Zəbixan müəllim kimi:
- Ağıllı ol, bala... İş adamıdı da, nahardan qayıdır, tələsirdi... Ola bilsin ki, sənin səsini, salamını eşitmədi... Külək də üzü o tərəfə əsirdi...
- Yox... Yox... - deyə Zəki inad edirdi: - Daha onlar məni kimiləri saymırlar... Qudurublar... Halbuki onlar bu vəzifəyə məni kimilərin hesabına gəliblər...
- Bilirəm... Yenə belə deyinib-danışmağın yaxşı deyil...
- İndi gör onun atasını necə yandıracağam...
Onun qələminə az-çox Zəbixan müəllim də bələd olduğu üçün yenə də onu sakitləşdirməyə çalışdı, dedi:
- Bilirəm, yazarsan... Bu sahədə təcrübənə söz yoxdur. Səriştəli ustasan. Ancaq mənasız yazı-pozu niyə lazımdı? Yuxarıda da belə-belə işlərə, yazı-pozuya görə həmin rayona, onun sakinlərinə qiymət verirlər...
Zəki onun bu sözlərinə görə lap qeyzlənən kimi oldu:
- A kişi... Özün də müəllimsən, ziyalı adı daşıyırsan. Belə-belə işlərə elə birinci siz münasibət göstərməlisiniz.
Müəllim onun bu sözlərindən cana doymuş halda dedi:
- Ə, tay bizim dilimiz batıb da. Bir də ki, indi yazı-pozuya baxan var? Nə vaxtdan bəridir deyirlər, ancaq əmək haqqımızı qaldırmırlar ki, qaldırmırlar da...
- Çox pis... Bu cəmiyyətdə həkimə, müəllimə, mollaya daha yaxşı baxasan gərək.
- Hə... Ancaq icazənlə sənin o fikrinə bir düzəlişim olsun...
- Məsələn, nə? - Zəki heyrət içində ona tərəf baxdı.
- Əvvəlki iki peşə sahibini yaxşı dedin... Üçüncü hakim olsa, belə desən daha məqsədə müvafiqdir.
Zəki özünü çəkdi:
- Yox... Düzdü, çoxluq sənin kimi fikirləşir... Bəşəri mənada belədi... Biz həm də islami dövlətik axı... Mollalardan ehtiyatlı olmaq lazımdı...
Zəbixan müəllim söhbətin mövzusunu dəyişmək, bayaqkı mətləb üstə gəlmək istəyirmiş kimi dedi:
- O Möhüblə də işin yoxdu. Cavan adamdı. Yenə o icrada adamı dinləyən, söz eşidən odu...
- Yox, müəllim... Siz çox şeyi bilmirsiniz- deyə Zəki əlini oynatdı: - O, belə etməməli idi... Saymamazlığına bax da... Salam verirəm, özünü eşitməməzliyə vurur... Allahın salamını almır. Belə adamın orada işləməsi Allaha da xoş getməz...
- Deyirsən də... Rəhbər işçiyə hörmət-izzətlə yanaşmaq lazmıdı. Onun haqqında artıq-əskik söz demək olmaz...
- Rəhbər işçiyə bax da...
Onlar beləcə ayrıldılar. Zəki hikkəlinin biri idi. Az-çox özünə, qələminə də güvənirdi. Nahaq yerə onu rayonda nüfuzlu birisi kimi tanımırdılar ki... Deyilənə görə hətta nazirlər arasında onu tanıyanlar, hörmət edənlər vardı. Biri elə ədliyyə naziri... Prokuror onun adından Zəkiyə qol saatı hədiyyə etmiş, xoş sözlər demişdi. Zəki də müxtəlif ünvanlara yazdığı təşəkkür məktublarında naziri o ki var tərifləmiş, onu öymüşdü. Xüsusilə ingilis dilində sərbəst danışmasını, son illərdə ədliyyə sahəsində görülən işləri, aparılan islahatları, yenilikləri, həbsxanalardakı, kolonlardakı yenidənqurma işlərindən ətraflı bəhs etmişdi. Bu səbəbdən nazir rayona, məhkəmənin təmirdən sonra açılışına gələndə, polislər oraya toplaşanların qarşısını kəsəndə, irəli buraxmayanda, nazir şəxsən əli ilə işarə edərək: "Onu buraxın gəlsin..." demişdi.
Onda birlikdə səmimi söhbət etmiş, hətta şəkil də çəkdirmişdilər. Nazir sadə bir adam idi. Onu belə qayğı ilə qarşılamasına məhkəmə işçiləri də mat-məətəl qalmışdılar. Ancaq di gəl ki, görüşdən sonra onunla çəkdirdiyi şəkilin birini ona vermirdilər ki, vermirdilər. Xüsusilə dəftərxana müdiri Nurxanım bacı... Ünvanına sərt sözlər, ifadələr işlədərək deyirdi: "Sən Allah qoy rədd olub getsin... Ərizəbazın biridi də... Nazir onu haradan tanısın ki..."
Möhübün həmin gün Zəkinin salamını almamasını, ona saymamazlıq göstərməsini qiymətləndirənlər də oldu. Kişini küylədilər ha:
- Ə, lap yaxşı edirsən... Qaçqınların yardımlarını yeyə-yeyə qudurublar da. Onun pal-paltarından mən də tapıb geyinim də...
- Bilirsən onun qalstukunun neçə manat qiyməti var?..
- Üstündəki zəri görmürsən?.. İşıq saçır...
- Briliantdı da...
Bu fikrində nə qədər dəqiq olmasa da, ağzından çıxdı. Daha sözünü də geri götürmədi, dedi:
- Hələ onun xarici maşını... Ev-eşiyini görəsən... Villaya oxşayır...
- Dədəsindən qalmadı... Maşın da özünün deyil.
- Yox ə... Hamısı nömrədi. İndi çoxu belə edir. Evi öz adına tikdirmir, maşını öz adına almır...
O gündən müxtəlif yerlərdə, müxtəlif məclislərdə, fərdi söhbətlərdə "saray adamı", "briliant xəstəsi", "villalı", "xarici maşınlı" sözlərini Möhüb eşitməkdən qulağı doldu, yara oldu. Əlacsız qalıb bir gün də qeyzlənmiş halda hakimin yanına gedəsi oldu.
Hakim onu çox səmimi qarşıladı. Hətta gəlişi münasibəti ilə pürrəngi çay gətizdirdi, soruşdu:
- Xeyir ola belə?
- Xeyirdi, nəhlət şərə... Ancaq buna heç xeyir də demək olmaz- deyə Möhüb başına gələnləri bir qədər əsəbi, həyəcanlı halda hakimə danışmağa başladı. Sonra da dedi: - Onu elə siz... Sizin nazir qudurdub, yerli-yersiz meydan verəndə, o da bildiyini edəcək, harada gəldi ağzına gələni deyib-danışacaq da... Saray adamı... Sən Allah bu nə sözdü o mənə deyir?!.
Hakim gülümsəyərək, onu sakitləşdirməyə çalışdı:
- Sən səbrli ol... Çayını iç. Mən bu dəqiqə onu çağırtdırıb abrını alaram.
- Yox, mən şikayətçiyəm... Ərizəni də yazmışam... Şərəf və ləyaqətimə qarşı xoşagəlməz sözlər işlədib. Cavab verməlidi... Həbs etməsəniz də onu cərimə ilə elə yükləyin ki, ağlı başına gəlsin. Bilsin ki, bir daha belə sayıqlamaq olmaz.
- O da mənim gözüm üstə...
Hakimin bu sözləri yerində səslənməsə də, o həmişə icra hakimiyyəti işçiləri ilə yaxınlıq edir, onların sözlərini az-çox eşidir, qayğılanma qalırdı. Gedəndə də Möhübə dedi:
- Sən heç narahat olma. O haramzadəni mən elə tənbeh edərəm ki, bir daha bu sözləri dilinə gətirməz.
Ancaq işin sonrakı gedişi çox gözlənilməzliklər yaratdı. Hakim əlacsız qalıb işi icraata qəbul etdi. Daha doğrusu, Zəkinin yazı-pozusundan ehtiyatlandı. Əqrəb əqrəbdi də, onu da sanca bilərdi. Görüşəndə bir daha ona dedi:
- Barışın, bu iş də qurtarıb getsin.
Zəki inad elədi:
- Siz nə danışırsınız, cənab hakim?!. Zərərçəkən kimdi?! Mən, yoxsa o?!. O qədər camaatın içində mənə saymamazlıq edən, salamımı almayıb keçən o olub, mən yox!..
Hakim qeyzlənmiş halda dedi:
- Bu şəxsi məsələdi... Salamdı, ala da bilər, almaya da bilər...
- Bəs etika, mərifət, qanacaq?..
- Sözünü deyirsən elə, indi ona ağıl öyrədək?
- Bilməyəni, qandırarlar da...
- Daha belə yox...
- Aydındı... Siz də onlar tərəf olacaqsınız da...
- Bu nə sözdü?!. "Saray adamı"... İndi şahlıq zəmanəsidir ki, o da saray adamı olsun?!.
- Bax elə məni ağrıdan odu da. Bunlar öz hərəkətləri ilə yuxarıdakıları da hörmətdən salırlar.
- Məsələn, nə ediblər ki?..
- İnsanlara saymamazlıq edirlər...
- Salam almırlar... Bunu demək istəyirsən?..
- Yox ey... Elə hər şeyi... Öz yersiz hərəkətləri ilə rayon sakinlərini qeyzləndirirlər. Qəbula yazıl... Saatlarla orada gözləməli olacaqsan. Sonra da əgər bəxtin gətirsə, növbə sənə çatsa...
Zəki hakimin ona tərəf uzatdığı iddia ərizəsinə nəzər salmağa başladı. Möhüb orada nələr yazmamışdı ki... Beləsinə qarşı sərt olmalı idi. Sözünü hakimə də dedi:
- Nahaq demirlər ki, beləsinin qarşısına çomaqla çıxasan gərək...
- Ağıllı ol...
- Necə ağıllı olum ey?!. Mən bir o qədər ağılsızam bəyəm?! Bu sözlər elə təhqir deyil?! Saray adamı alcaq, əclaf!.. Bunun yazdıqlarına bax!.. Ona-buna əl açır, rayonu hörmətdən salır, millətin adına ləkə gətirir...
Onların köhnə hesabları da vardı. Sevdiyi qızla evlənməsi işlərini qəlizləşdirmişdi. Hakim məsələnin ciddiliyini görüb Möhübü yenidən yanına çağırtdırdı. Dedi:
- Tanımırsan onu... Allahın bəlasıdı da. Sən də elə bil ki, cır arı pətəyini ağac budağı ilə deşdəklədin. İndi onu sakitləşdirmək çətin olacaq.
Möhüb hakimin bu sözlərinə lap çaş qaldı. Heyrət içində dilləndi:
- Yəni onda belə ehtiyatlanırsınız?!
- Yox ey... - deyə hakim mətləb üstə gəldi: - Barışın getsin də... Mülki işdi, heç nədən acı bağırsaq tək uzanacaq. Sən də iş adamısan...
- Get-gəl çox olar... Birinə etibarnamə verərəm...
Ancaq hiss olunurdu ki, hakim bu işə nəticə verməkdə hələlik qərarsızdır. Ona görə də dedi:
- Elə sən burada olmuşkən çağıraq o da gəlsin də...
- Nə deyirəm ki...
Hakim katibi səslədi. Qanı qara halda dedi:
- O ərizəbazı çağır gəlsin!
Katib çaşqın halda soruşdu:
- Kimi?.. Hansını?..
- Bu müllimə sataşanı...
Katib onun sözlərindən narazı halda başını bulaya-bulaya getdi. Hakim isə indidən Möhübü sakitləşdirməyə, razı salmağa çalışdı:
- Üzr istəyər, qurtarıb gedər də... Bir də ki, "saray adamı"... Bu pis sözlər deyil axı... O adamları deyib ki... Axı saray adamları daha mədəni, həssas, hər şeyi düzgün başa düşən, səmimi olurlar...
Möhüb isə o an dilləndi:
- Əksinə, o pis mənada deyir. Demək istəyir ki, biz aravuran, riyakar, araqarışdıran, onun-bunun malını yeyənik...
Hakim qımışdı:
- Bu sizin sözlərinizdir... Siz belə düşünür, deyirsiniz. O da uşaq deyil ki... Müəyyən yaşa çatıb, ağlını itirməyib ki... O boyda nazir onunla razılaşır, fikir mübadiləsi edir...
Zəki gələndən sonra əsl məhkəmə quruldu. Katib əyləşmişdi. Hakim telefonla prokuroru da çağırası oldu. Sözsüz ki, onlara təsir etmək üçün. Prokuror gələndən sonra isə üzünü onlara tutaraq dedi:
- Mülki işdi də... Bir hakim kimi sizin hər ikinizi barışığa dəvət edirəm. Barışın, hər şey bitsin, qurtarıb getsin.
Səslər eşidildi:
- Yox!..
- Qətiyyən!..
Hakim ciddiləşən kimi oldu:
- Belə öcəşmək nəyə lazımdı? Biriniz o boyda icra hakimiyyətinin işçisi, o biriniz də ictimai fəal, zəhmətkeş neftçi...
Prokuror qımışdı:
- Erməni səhvini başa düşmək istəyir, yaxınlaşır, bunlara nə olub, ə?!.
- Eşitdiyimə görə az-çox qohumluğunuz, yaxınlığınız da var?
- Allah eləməsin...
- Mən dağlı, o tat...
Prokuror lap kötüyündən vurdu:
- Hər ikisi höcət, tərs...
Möhüb sanki uzaq bir kənd yığıncağında idi. Qızara-qızara sözünü dedi, kükrədi:
- Bu əclaf!..
- Əclaf özünsən!..
Prokuror sanki onların tutaşmasından ləzzət alırdı. Zəkini üzünə gülsə də, əlindən yanıqlı idi. Elə hakim də. Onun yazıb-pozmadığı, ərizə göndərmədiyi təşkilat yox idi. Guya ki, kişi vətəndaşların hüquqlarını müdafiə edir, hüquq müdafiəçisi idi. Hətta bir dəfə rəisinə zəng edib demişdi: "Ə, bunun iş-gücü yoxdu bəyəm?" Rəis pərt halda prokurora demişdi: "Allah bəlasını versin onun... Onu qudurdan, ayağının altına daş qoyan elə sizsiz də... İşə getmir, intizamı pozur, mənimlə Avropa dəyərlərində danışır, dəm vurur... Belə demokrat olar?.." Onda prokuror özünü saxlaya bilməyib, pərtliyi aradan qaldırmaq üçün demişdi: "Ə, o, demokratlardan yox, respublikaçılardandır..."
İndi Zəki burada da inad edib deyirdi:
- Nə barışmaq?!. O mənə saymamazlıq edib, salamımı almayıb!..
Möhüb onun bu sözlərindən özündən çıxdı:
- Belə əcəb eləmişəm!.. Kişisən ki sənə salam verib, salam alım?!. İtlə salamlaşaram, səninlə yox!..
- Ədəbli ol!.. - deyə hakim sərtləndi.
- Görürsüz də...
- Mənə "Saray adamı" deyənə bax! Adamdan soruşarlar ki, a əclaf, hansı qəbahətli hərəkətimi görmüsən, şahidi olmusan?!.
Hakim onu bir daha intizama dəvət edərək xəbərdarlıq etdi:
- Özünüzü məhkəmədə olduğu kimi hiss edin!.. Davranış, ədəb qaydalarına riayət edin!..
Zəki qımışdı:
- İcra işçiləri... Onlarda söyüş bir qəpiyə dəyməz... Belə sözlərə həvəskardılar. Başçının dediklərini təkrarlayırlar da...
Möhüb o an ona bozardı:
- Sözün var özümə de!.. Başçı ilə işin yoxdur!..
- Bax da... Nə müdafiə edir. Əsl saray adamıdı...
- Gördüz?!.. Gördüz də?!. Yenə dedi!..
Hakim ciddiləşdi:
- Zəki, ağ eləmə, üzr istə!.. Sonra sənin üçün pis olacaq!..
- Axı nə üçün?!
Hakim ona qeyzləndi!..
- Cərimə cəzası ala bilərsən!..
- Suçum nə?!.
- Hələ də sənə aydın deyil ki, sal daşla üz-üzəsən?!. - Hakim bu dəfə barmaqları ilə işarə etdi ki, həbs cəzası alıb, qəfəsə düşə bilərsən...
- Bəlkə islah işi... Yaxşı, siz deyən olsun... Bağışla da, əmioğlu...
- Adı ilə de...
- Dilim gəlmir axı, onu adla çağırmağa.
- Uzatma, üzr istə!
Beləcə, Zəki üzr istədi, hər şey də yekunlaşdı. Qapıdan çölə çıxa-çıxa dodaqaltı deyir-danışır, mızıldanırdı:
- Nolsun ey... Vəziyyətə görə insan hər çildə girir də... Vaxtında inkivizasiya məhkəməsindən qurtarmaq üçün Qalley də yalandan and içib, sonra da deyib: "Hər halda yer günəş ətrafında fırlanır da..." İllər keçdi, haqq-ədalət öz yerini aldı. Keşişlər də həqiqəti bilib, böyük alimə bəraət verdilər... İllər keçər məni də haqlı hesab edərlər... Əsl saray adamıdı da... İkiüzlü, riyakar, cildən-cildə girən...