adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Avqust 2018 09:26
25685
GÜNDƏM
A- A+

SÖZDƏN BƏNZƏRSİZ BİR ABİDƏ

Nə vaxtsa əlimə yeni kitab alanda mətbəə qoxusu əvəzinə isti təndir çörəyinin ətrini duyuram. Xəyal məni uşaqlıq çağlarıma aparır. Təndirdən çıxan ilk çörəyi çox sevirdim. Amma rəhmətlik anam onu bizə verməzdi. Ağ dəsmala büküb həyətimizdən küçəyə açılan qapının ağzında kiçik stol üzərinə qoyar, yanına da pendir, nəhrə yağı, ya da bir kassa şor düzərdi: "A bala, yoldan ötənlərin nəfsi keçə bilər! Bəri gəlin, qoy yoldan ötənlər utanmadan kəsib nəfsini öldürsün" deyib, bizi həyətə salardı.
Deyim ki, o dövrün çörəklərinin ətri də xeyli uzaqlara yayılardı, ha!..
Ötən bu son yarım əsrdə dost-tanışın, hörmət bəslədiyim, yaradıcılığına az-çox bələd olduğum qələm sahiblərinin yeni kitabını da alan kimi vərəqləyib, ilk təəssüratımı yazmağa, oxuculara çatdırmağa çalışmışam. Axı, mətbəə qoxulu yeni kitab, dediyim kimi, isti təndir çörəyini xatırladır mənə!.. Məncə, hər ikisi də müqəddəsdir - çörək də, kitab da! Çörək bol olarsa - basılmaz Vətən! Kitab bol olarsa - nadanlar azalar, işıq, qəlblərə nur paylanar!
Bu günlərdə ömrünün səkkizinci onluğunu bütövləşdirməyə hazırlaşan, yarıməsrlik qələm dostum, Azərbaycan Yazıçılar Birliyinin üzvü, taleyini bütövlükdə Sözə, qələmə bağlayan Mikayıl Yanarın yeni kitabını aldım. ("Gəncənin dastanı", II cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" - 2018).

Milyon ürəklərə hikmətlər əkən,
Şahı, sərkərdəni düz yola çəkən.
Bəşərə şeirdən bir saray tikən,
Dahi Nizaminin sözüdür Gəncə!
Dahi Nizaminin özüdür Gəncə!

İlk öncə qeyd edim ki, ədəbi-bədii, tarixi salnamə olan "Gəncənin dastanı - 2" kitabı müəllifin - AYB və AJB-nin üzvü, tanınmış söz sahibi Mikayıl Yanarın sevimli oxucuları ilə onbirinci görüşüdür. Vətən, yurd sevgisi, yüksək insani münasibətlər, tarixi şəxsiyyətlər, sədaqət, vəfa, vətənpərvərlik, xeyirxahlıq üstündə köklənən Mikayıl Yanar, "Gəncənin dastanı - 2" kitabında da vurğunu olduğu qədim Gəncənin keçmişini və bu gününü məhəbbətlə, sevə-sevə tərənnüm etmişdir.
Kitabın ilk səhifəsində oxuyuruq: "Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlmişəm. Nizami yurdunda - qədim Gəncədə doğulmasam da, bu torpağın hər qarışı mənə doğmadır, əzizdir. Qədimliyi və müasirliyi özündə ehtiva edən, Gəncəmizin füsunkar gözəlliyini dünyanın poeziya günəşi, dahi şair və mütəfəkkir Nizami Gəncəvi qoynunda ərsəyə çatdığı bu müqəddəs şəhəri yaradıcılığı boyu tez-tez, poetik dillə təsvir edirdi:

Gəncə Harut sehrli Babil deyil, bəs nədir?
Ürəyim ulduzlara nur saçan bir Zöhrədir..."

Dahi Nizami qədim mədəniyyət beşiyi olan Babil şəhərini öz doğma Gəncəsi ilə müqayisə etməsi təsadüfdən gəlmir: Dörd min illik yaşı olan Gəncə də öz tarixi şəxsiyyətləri, şair və mütəfəkkirləri ilə həmişə seçilib. Gəncə adı kimi qəlbi də geniş bir diyardır. Əsrlərin o tayından üzü bəri çoxları bu diyarda at oynadıb, ad-san, var-dövlət, şöhrət sahibi olub. Di gəl ki, qədirbilən Gəncə həmişə özünə sadiq qalmış, yaxşıların ən yaxşısını tarixin yaddaşına köçürtmüşdür.
Şair Mikayıl Yanarın ikicildlik "Gəncənin dastanı"nda ən yaxşılar tərənnüm edilmiş, poetik dillə salnamənin bir hissəsinə çevrilmişlər. Elə buradaca qələm dostum, dünyada öz sözü ilə tanınmış, əməkdar jurnalist 40-dan artıq kitab müəllifi Qərib Mehdinin sözləri yada düşür: "Mikayıl Yanarın insani keyfiyyətləri istedadından ucada dayanır desəm, bəlkə də səhv etmərəm. O, zülmə şərik çıxmır. O, ədalətsizliyə etiraz edə bilir. O, haqqı nahaqqın ayağına vermir. Bir sözlə, o, çətinə düşənin, darda qalanın, haqqı tapdalananın öz ampulasında (gücü çatan qədər) hayına yetən, müdafiəsinə qalxandır!.."
Önəmli haldır ki, kitabın redaktoru və ön sözün müəllifləri - filologiya elmləri doktoru, "Azərnəşr"in böyük redaktoru, şair İslam Sadıq və filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli Mikayıl Yanar yaradıcılığı və "Gəncənin dastanı - 2" kitabı barədə ətraflı söhbət açmış, uğurlu məziyyətlər barədə xoş sözlər söyləmişlər.
Mikayıl Yanarı yarım əsrə yaxındır tanıyıram. Müxtəlif qəzet və jurnalda onun yaradıcılığına "işıq" salmışam. Mikayıl yaradıcılığını bir laləzara bənzətsək orada müxtəlif janrlı poeziya nümunələri - bu laləzarın bənövşəsi, nərgizi, laləsini xatırladar. Bu, təsadüfi deyildir. Poetik duyumların kövrəyi, ötkəmi, tikanlısı, tikansızı da olur. Lakin toplu halında götürsək şairin Vətənə, elə, obaya qırılmaz tellərlə bağlılığının şahidi olmaya bilmirik. Yaxşı xatırlayıram. Onun "Mən Azərbaycanam" şeirini təxminən 40 il əvvəl işlədiyim bir qəzetdə dərc eləmişdim. Çox qısa bir müddətdə dillər əzbərinə çevrildi. Hətta bəzi aşıqlar, xanəndələr onu başqa tanınmış şairlərin adı ilə oxumağa başladılar. Bu, şairin ürək ağrısı, sonsuz məhəbbətlə vəsf etdiyi Vətən sevgisi idi ki, onu çəkinmədən daha qüdrətli, müəlliflərin adına çıxırdılar. Çünki Mikayıl Yanar onu - doğma Vətənini böyük poetik duyğuların çələnginə çevirə bilmişdi.

Gör nələr yetirir, bax, bu torpağım,
Cənnət guşəsidir hər bağça-bağım.
Kəpəzim, Qoşqarım, uca Şahdağım,
Həm yerəm, həm göyəm, həm asimanam,
Mən Azərbaycanam, mən Azərbaycanam!.

Bu şeir ötən əsrin altmışıncı illərində yazılmışdı. Bu, o deməkdir ki. şair hələ o vaxtlardan "Gəncənin dastanı"nı qələmə almaq üçün sözə küsənib, axtarışlar, tədqiqatlar aparıb, zəngin tapıntılar əldə edib və son anda ikicilidli bir mənzum dastan yaratmağa nail olmuşdur.

Deyirəm, qoynunda neçə sirr yatır,
Hər bir abidənin, hər bir qalanın.
Qələmim həmişə sənə üz tutur,
Nəhəng muzeyisən Azərbaycanın!
("Gəncənin dastanı" birinci kitab).

On altı bölümdən ibarət "Gəncənin dastanı - 2" kitabının ön səhifələrində verilmiş "Ustadnamə"də oxuyuruq:

Adınla yaşadım, yazdım, yaratdım,
Vərəqə köçürdüm hər səhifəni.
Qoynunda nə qədər addımlar atdım,
Ucaltdı göylərə marağın məni...

Gəncəm, qol çəkirəm ağ günlərinə,
Ən çətin anlarda dayağım oldun.
Sevindim həyatda hər zəfərinə,
Sən mənim bir qeyrət bayrağım oldun...

Bəli, ulu Gəncə çoxları kimi, Mikayıl Yanara da ağuşunu açmış, onu bəsləmiş, meydan vermişdir. Lakin Mikayıl çoxları kimi naxələf olmamış, doğması kimi sevdiyi Gəncəyə öz "borcunu" qaytararkən "Sən mənim bir qeyrət bayrağım oldun"... deyə bildi və öz əməli ilə bunu təsdiqlədi.
Əsrlərin o tayından üzübəri boylanan Gəncə və gəncəlilər həmişə haqq-ədalət, halallıq, mərdlik və qəhrəmanlıq məskəni olmuşdur. Burada haqsızlıq, ədalətsizlik, namərdlik yolverilməz sayılıb. Bu diyarın havası, suyu, ecazkar təbiəti insanları məhz bu ruhda boya-başa çatdırıb.
Mikayıl Yanarın da dastanını elə Gəncənin təbiətini uca çinarlarını, Bağman lövhələrini, qədimliklə müasirliyin harmoniyasını vəsf etməklə başlaması heç də təsadüfi deyildir. Dediyim kimi, Gəncənin təbiəti, havası, suyu dünən də belə idi, bu gün də! Bütün bunlar ilahi Sözün işığında bu günümüzə gəlib çatmışdır. Dastanın ikinci bölümü Gəncəni öz əsərlərində vəsf edən Söz adamlarına həsr olunmuşdur.
Şairin dastandakı düşüncələrinin mərkəzində eşq ilə kamilləşən insan dayanır. Mikayıl Yanar insanlıq məqamının göylərdən uca olduğunu, insana, Vətənə hörmətin mədəniyyətin, vətənpərvərliyin əsasında dayandığını cəsarətlə qeyd edir.
Müxtəlif bölümlərin hər biri geniş ürəkli Gəncənin elm, təhsil, səhiyyə, mədəniyyət, aşıq sənətinin davamçıları, vətənpərvərlik, xeyriyyəçilik və fədakarlıq simvolları, musiqi biliciləri və daşıyıcıları, səhnə fədailəri barədə müfəssəl və dəyərli qiymətini verən şair maraqlı portret cizgilərlə onları yaddaşlara köçürtmüşdü.
Ümumiyyətlə desək, M.Yanarın öz sevimli oxucuları ilə onbirinci "görüşü" Gəncə və gəncəlilər, onun dünəni və bu günü barədə, sözün əsl mənasında, uğurlu və dəyərli bir sənət abidəsidir. Bu abidənin hər bölümündə, hər səhifəsində keşməkeşli tarixin səsini eşidir, Gəncə kimləri yetirib, Gəncədən boy atanlar Gəncəni necə tərənnüm etdiyinə şahidlik edirik.
Və nəhayət... Mikayıl Yanar bu kitabındakı bölmələrdə XXI əsrin fərqli estetik sistemini, poeziyamızın yeni üslub səviyyəsini ortaya qoya bilmişdir.
Kitabın son səhifəsini çevirirəm. Bir anlıq içimdə dərin bir səssizlik yaranır. Dastanda vəsf edilmiş insanların minnətdarlıq səsini eşidirəm. Çığıran, qışqıran, bağıran yoxdur, ancaq hamı bir-birinin pıçıltısını eşidir. "Gəncənin dastanı" qədirbilən bir söz adamının əsəridir. Həm dedikləri, həm də demədikləri ilə!..
Bu dastan şair Mikayıl Yanarın böyük uğurudur. Qeyd etdiyim kimi, şair on ikinci dəfədir oxucularını öz yaradıcılığı ilə toplu halında tanış edir. O, ilk görüşdən sonuncu görüşədək hər dəfə özünü mübariz, döyüşkən, vətənpərvər şair kimi tanıtmış, sözünün, yediyi çörəyinin hallalığını itirməmişdir.
Mən yazımın əvvəlində kitabı isti təndir çörəyinə bənzətmişdim. Əslində çörək də, kitab da bolluq, adət-ənənələrimizə hörmət rəmzidir. "Çörək bol olarsa, basılmaz Vətən", kitab bol olarsa - gənclərimiz öz tarixi kimliyini unutmaz! Hər iki halda Vətən, vətəndaş qazanar.
Fikrimi şair-alim dostum, kitabın redaktoru və onun ərsəyə çatmasında, geniş təbliğ edilməsində böyük əməyi olan İslam Sadığın sözləri ilə tamamlamaq istərdim. Məncə hər ikimizin müəllifə arzu və istəyimiz eynidir: "Mənə elə gəlir ki, kitaba layiq, lakin unudulmuş insanlar da var. Bunu Mikayıl Yanar özü də bilir və ona görə üçüncü kitabı yazmaq fikrindədir. Tanrı üçüncü kitabı yazmağa da ona güc, ilham və möhlət versin".
Bəli, şair Mikayıl Yanar "Gəncənin dastanı"nı yazmaqla Gəncə və gəncəlilərə sözdən bənzərsiz bir abidə qoymuşdur.