adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Avqust 2018 17:12
7687
MƏMLƏKƏT
A- A+

“Azərbaycan dövlətinin yanında olmağa ilahi inancımızla borcluyuq”

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca "Mənəvi dəyərlərin təbliği: necə və nə etməli?" adlı silsilə tədbirlərini uğurla davam etdirir. Birlikdən verilən məlumata görə, bu gün növbəti tədbir Şamaxı şəhərində keçirilib.

Tədbirdə çıxış edən "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, ictimai birlik yarandığı gündən ölkəmizdə milli və mənəvi dəyərlərimizin təbliği və mühafizəsi yolunda

dayanmadan mücadilə verməkdədir: "Bizim silsilə tədbirlərimizin əsas məqsədi ölkə vətəndaşlarına xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhunun aşılanmasını, mənəvi dirçəlişimizin yüksəlişini ən əsas və müqəddəs prinsip kimi təqdim etməkdir. Milli mənəvi dəyərlər, eləcə də adət və ənənələr daima insan münasibətlərinin tənzimləyicisi və istiqamətverici qüvvəsi olub. Məhz buna görə də övladlarımızı hələ uşaq yaşlarından bu ruhda tərbiyə etməliyik. Unutmamalıyıq ki, bu həm də mükəmməl bir müsəlman üçün iman məsələsi olmalıdır”.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas

Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, mənəvi dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və bu müqəddəs dəyərləri gələcək nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür: "Çox təəssüflər olsun ki, bəzi dairələr İslam adı altında gənclərimizin dini duyğularını istismar edərək öz radikal düşüncələrini onlara aşılamağa cəhd edirlər. Belə radikal qüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütün addımlarının zərərləşdirilməsi naminə hər birimiz Azərbaycan dövlətinin yanında olmağa ilahi inancımızla borcluyuq. Azərbaycanda milli və mədəni irsimizə dövlətin göstərdiyi diqqət və qayğının şahidiyik. Bu mənada hesab edirəm ki, məhz milli və mənəvi irsimizin həqiqi himayəçisi Prezident İlham Əliyevdir”.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir Qədirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavid Əhmədov və rayonun nüfuzlu din adamları, ziyalılar mövzu ətrafında çıxış ediblər.

Qeyd edək ki, tədbirdə çoxlu sayda ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak edib.