adalet.az header logo
  • Bakı 20°C
02 Avqust 2018 14:43
12845
İDMAN
A- A+

Tahir Gözəl: Çempionlar Liqasında belə bir oyuna susamışdım

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsinin "Kukesi” ilə cavab oyunundan (3:0) danışıb.

Adalet.az xəbər verir ki, o, komandanın çox gözəl çıxış etdiyini bildirib:

"Bu oyun tamam başqa idi. Çempionlar Liqasında belə bir oyuna susamışdım, həsrət qalmışdım. Biz "Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik. Ancaq bu, o demək deyil ki, yolun axırı budur. Hələ çox inkişaf etməliyik. Komandaya çox gözəl oyunçular gəlib.

İnosent Emeqara yenidən komandaya qoşulub. İnanıram ki, Dzon Delarj və Emeqara oyundan-oyuna kollektivə daha da uyğunlaşacaqlar. Oyundan çox razı qaldım. Möhtəşəm matç idi. Başda ölkə başçısı olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Biz bu stadiondan qürurla çıxdıq”.

Gözəl III mərhələdə Ağdam klubunun rəqibi olan Belarus çempionu BATE haqda da danışıb:

"Onlar çox sərt oynayırlar. İntizamlı komandadırlar. Bugünkü "Qarabağ” məni çox ümidləndirib. Sloveniyadakı "Qarabağ”dan fərqli komanda izlədik. Əminəm ki, siz də mənimlə razısınız. Komandada möhtəşəm enerji gördüm. Bu, bizə əlavə motivasiya verdi. Bu motivasiya bizə lazım idi.

Bir qolu da hələ vura bilmədik. Hesab edirəm ki, birinci oyunun evdə olması əlavə motivasiyadır. Bu, yaxşı haldır. Mən komandaya inanıram. Delarjı növbəti oyunlarda daha da aktiv görmək istəyirəm. Növbəti oyunlara hazırıq”.

Klub rəsmisi yeni transferlərin klubun Çempionlar Liqasının qurupuna düşmək üçün yetərli olduğunu bildirib:

"Hesab edirəm ki, bugünkü vəziyyətdə normaldır. Qurban Qurbanovun siyasəti düzgündür. Həmişə "Qarabağ”a uyğun oyunçuları komandaya cəlb edir. Bu işə məsuliyyətlə yanaşır. Bugünkü oyunu sərgiləyə bilsək, çox irəli gedəcəyik”.

Azərbaycana səfərinin bu oyunla bağlı olduğunu bildirən Tahir Gözəl "Qarabağ”ın sabiq futbolçusu Rişard Almeyda haqda verilən suala da aydınlıq gətirib:

"Büdcəsi böyük olan klubların 4-5 əsas futbolçusu olur. Amma bizim imkanlarımız məhduddur. Rişard kimi futbolçuları Azərbaycana gətirmək çətindir. Klubun büdcəsi buna icazə vermir. Bir futbolçu gedəndə klub özünə gəlməyə çalışır. Yeni oyunçunun komandaya uyğunlaşmağa vaxtı az olur.

Yeni gələn "Qarabağ”ın sistemini bilmir və bu futbolçularla oynamayıb. Ona görə də çətin olur. Hesab edirəm ki, bir oyunçuya bağlanmaq da düzgün deyil. Hər hansı oyunçu deyirsə ki, bu məbləği verməsəniz, mən gedəcəyəm, "Qarabağ” onunla vidalaşmalıdır.

Digər futbolçular da görməlidir ki, komandamız bir futbolçudan asılı deyil. Mən yaxşı əhval-ruhiyyə ilə buradan ayrılıram. İnanıram ki, Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Rişard Almeyda "Qarabağ” kimi Çempionlar Liqasında mübarizə aparan Qazaxıstanın "Astana” klubunda çıxış edir.