adalet.az header logo
  • Bakı 16°C
01 Avqust 2018 15:36
37882
TEXNOLOGİYA
A- A+

RAMİN QULUZADƏ, AZƏRBAYCANDA ŞAUMYANKƏND RAYONU VARMI?

Stepan Şaumyanı çox sevdiyimizdən adına üç dənə rayon vardı: Stepanakert, Bakıda Şaumyan rayonu və bir də Şaumyankənd rayonu. Şaumyankənd əvvəllər Gülüstan adlanırdı. Hansı ki 12 oktyabr 1813-cü ildə İranla Rusiya orda bir sülh müqaviləsi imzalamışdı, Arazın bu tayı Rusiyaya verilmişdi, o biri tayı İrana qalmışdı. Ölməz şairimiz Bəxtiyar Vahabzadə də bir «Gülüstan» poeması yazmışdı və bu poemaya görə də az qalmışdılar onu çarmıxa çəkələr. Özü də poema «kakoy-nibud» bir rayon qəzetində (Şəkidə) çap olunmuşdu. Sonra allı-güllü Sovet hökuməti gəldi, həmin Gülüstanın adını dəyişib qoydular Şaumyankənd rayonu və orda azərbaycanlıların sayı ermənilərdən çox olmasına baxmayaraq, oldu erməni rayonu. 1992-93-cü ildə bu rayon işğalçı Ermənistan silahlı qüvələrindən azad edildi və rayon kimi ləğv olunaraq Goranboy rayonuna qatıldı. Və Ağcakənd adlandırıldı.

Onda nə qoqlu-moqlu vardı (Google), nə vikipediya vardı, nə .ikipediya vardı və beləcə həmin ərazi Ağcakənd adlandırıldı.

Buyurun gedin Ağcakəndə, telefonunuzu açın, yazırlar ki, siz Şaumyankənddəsiniz.

Hörmətli, Rabitə, İnformasiya, nə bilim bir az da Nəqliyyat Nazirliyi, bundan xəbəriniz varmı? Və yaxud ölkənin belə işləriylə ilgilənən dövlət qurumları, niyə o qoqludu-moqludu, nə bilim nə zibildi, niyə onlara bir etiraz etmirsiniz ki, Azərbaycanda Şaumyankənd adında rayon yoxdu.

Rey Kərimoğlu nəsə yazanda axırda qeyd edir ki, bunu elə-belə dedim.

Amma mən bunu elə-belə demədim. Vəzifənizi yerinə yetirin.

P.S. Amma bilmirəm hörmətli nazirimiz Qubanın icra başçısı Ziyəddin Əliyev kimi qəzet oxuyur, yoxsa yox?!

Cavabınızı gözləyirik. Əks halda, 15 gündən sonra cavab alınana qədər yazacağıq ki, respublika Rabitə, İnformasiya, bir az da Nəqliyyat nazirinin maaşını Ramin Quluzadə alır. Düz cavab alınana qədər.