adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Iyul 2018 14:51
9447
MƏMLƏKƏT
A- A+

FAİQ QİSMƏTOĞLU: TƏBİƏTƏ QƏNİM KƏSİLƏNLƏR

Heç sizin xəbəriniz varmı ki, hər il neçə hektarlarla meşə sahələri insanların səhlənkarlığı üzündən yanıb külə dönür? Və heç sizin xəbəriniz varmı ki, hər il atmosferə nə qədər zəhərli qazlar atılır? Mütəxəssislər aydınlaşdırıb ki, hər il ölkəmizdə kimlərinsə səhlənkarlığı üzündən on hektarlarla meşə sahəsi yanaraq sıradan çıxır. Eyni zamanda atmosferə müxtəlif istehsalat sahələrindən və nəqliyyat vasitələrindən min tonlarla zəhərli qazlar tullanır. Bütün bunlar isə təbiətə qənim kəsilməklə yanaşı, insanların öz ömürlərini baltalamaq deməkdi.

Ölkəmizdə hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi birgə «Təmiz hava» aylığı keçirir. Məhz bu il də avqustun 1-dən 31-dək bu aylıq yenidən keçiriləcəkdir. Təbii ki, öncədən hər iki nazirliyin təbiətin qorunması ilə bağlı çox böyük tədbirlər planı vardır. Və bu tədbirlər planı bu iki qurumun əməkdaşları tərəfindən ölkə ərazisində gerçəkləşdiriləcəkdir. İlk növbədə meşələrin, ağacların kəsilib məhv edilməsinin qarşısı alınmaqla yanaşı, bir çox ağac materiallarından kömür kimi istifadə edilərək qanunsuz yolla satışa çıxarılmasını da əngəlləyəcəklər. Bu məqsədlə hər iki nazirlik avqust ayından öncə respublikanın müxtəlif müəssisə, təşkilatlarında, istehsalat sahələrində maarifləndirici söhbətlər aparıblar. Bu da o məqsədlə həyata keçirilib ki, mövcud problemlər barəsində həm fiziki, həm hüquqi, həm də vəzifəli şəxslərin ətraflı məlumatı olsun.

Artıq avqustun 1-dən isə təbiətə qəsd edənləri, atmosferi çirkləndirənləri yüksək məbləğdə cərimələr gözləyir. Hüquqi və vəzifəli şəxslər daha yüksək məbləğdə qanunu pozduqlarına görə cərimə edilə bilərlər.

Təbiətin məhv edilməsində atmosferin çirkləndirilməsi də çox böyük problemlərdin biridir. Çünki heç kimə sirr deyil ki, atmosferə hər gün müxtəlif istehsalat sahələri və nəqliyyat vasitələri tərəfindən on tonlarla zəhərli qazlar atılır. Bu mübarizədə Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə böyük məsuliyyət hissi düşür. Tərtib edilmiş plana əsasən idarənin əməkdaşları məlum nazirliklə birgə respublikanın ərazilərində reyd və yoxlamalarda olacaq, atmosferi çirkləndirəcək hüquqi və vəzifəli şəxsləri məsuliyyətə cəlb edəcəklər.

Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki İlham Rəcəbov bildirir ki, şöbənin əməkdaşları avqust ayının əvvəllərindən müxtəlif nəqliyyat vasitələrinin atmosferi çirkləndirməsi ilə bağlı rayonlara ezam olunacaqlar. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə atmosferə normadan artıq zəhərli qazlar atan nəqliyyat vasitələrini aşkar edəcək və onlar barəsində qanunamüvafiq tədbirlər görəcəyik. Əvvəlki reydlərimizdə də biz sürücülərə bildirmişdik ki, nasaz avtomobillərlə mənzil başına getməsinlər. Xüsusən də mühərrik sistemində texniki qüsurlar olan nəqliyyat vasitələrinin sürücüləri mövcud problemi aradan qaldırmalıdırlar ki, onlar saxlanılarkən cərimə edilməsinlər.

Həmin məsələlərlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bizimlə söhbətində bildirdi ki, hər il avqustun 1-dən 31-dək keçirilən «Təmiz hava» aylığında əməkdaşlarımız atmosferə normadan artıq zəhərli qaz atan yüzlərlə avtomobil aşkarlayır. Özü də bu avtomobillərin arasında Sovet və Rusiya istehsalı olan «VAZ» markalı avtomobillər daha çox üstünlük təşkil edir. Çünki onların əksəriyyəti 70-80-ci illərin nəqliyyat vasitələridir. Bu cür nəqliyyat vasitələri nə qədər təmir olunsa da yenə istismar olunarkən texniki qüsurları üzə çıxır və atmosferə normadan artıq zəhərli qazlar tullayır. Düzdür, xarici avtomobillərdə də bu problem vardır. Ancaq onlardakı texniki qüsurlar Rusiya istehsalı ilə müqayisədə çox azdır. Ekoloji bölüyün stasionar postunda elə bir gün olmaz ki, atmosferə normadan artıq zəhərli qazlar atan avtomobillər aşkar edilməsin. Özü də bunlar bayaq dediyim kimi, Rusiya istehsalıdı. Təbii ki, biz avqust ayının 1-dən avtomobildə texniki nasazlıq yaranan sürücülərə qarşı mübarizəni gücləndirəcəyik. Ona görə də bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, texniki cəhətdən nasaz avtomobillə respublika əhəmiyyətli yollarda hərəkət etməsinlər. Çünki belə avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılır.

Göründüyü kimi, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də DİN-in Baş Dövlət Yol Polisi İdarəsi artıq bu gündən «Təmiz hava» aylığı ilə alaqədar reydlərə start verir. Əgər cərimə olunmaq istəmirsizsə, onda qısa zamanda çalışıb avtomobilinizdəki texniki qusurları aradan qaldırın. Əks təqdirdə isə sizi bayaq dediyimiz kimi, 50 manat məbləğində cərimə gözləyir. 50 manatınızdan bezmisinizsə, onda özünüz bilərsiniz.