adalet.az header logo
  • Bakı 13°C
01 Avqust 2018 12:38
31638
ƏDƏBİYYAT
A- A+

Nadan olmaq üçün var gücümlə çalışıram... - SORĞU

İşlərimizin çox olmasından kitaba bəzən vaxt tapa bilmirik. Tətillərdə isə mütaliyəyə xeyli vaxtımız qalır. Bəs görəsən yazıçılar, şairlər tətildə nə oxuyur?!

Adalet.az tanınmış yazarlara müraciət etdi: "Tətildə nə oxuyursuz?” Cavabları təqdim edirik.




Yazıçı Səfər Alışarlı: "Gəlib çıxsa, tətildə "Novıy mir” və "İnostrannaya literatura” jurnallarının 5-ci nömrələrini oxuyacağam, inşallah!”


Yazıçı Nəriman Əbdülrəhmanlı: "Mütaliə üçün heç vaxt tətilin başlanmasını gözləməmişəm. Amma elə kitablar var ki, onları daha arxayın vaxtda oxumaq, üstəlik də çevirmək istəyirəm. Bu tətilimdə qismətimə böyük Avstriya yazıçısı Robert Müzil düşüb. Onun kiçik həcmli nəsr əsərlərini çoxdan seçib yığmışdım ki, imkan olanda çevirim. İndi məhz bununla məşğulam. Bir də iş gərəyi Nobel mükafatı laureatı İvo Andriçin "Drina körpüsü” romanını oxuyur, redaktə eləyirəm. Planımda bir neçə kitab da var, bu da vaxt imkanıyla bağlıdı.”


Yazar Xalid Kazımlı: "Hazırda əlimdə 4-5 kitab var, onları oxuyuram. Montefiorenin "Stalin” və "Yerusəlim” kitablarını oxuyuram. Əslində bu kitabların hərəsi 5 normal kitab boydadır, oxu, oxu bitmir. Bundan başqa, Patrik Brayanın "Səmərqəndə gedən yol” romanını oxudum. Bir neçə də detektiv janrlı roman. Məsələn, Li Çayldın "Bir atəş, bir güllə”, Con Verdonun "Fikrində bir ədəd tut” əsərləri... Oxumalı kitablar çoxdur, təəssüf ki, vaxt azdır...”


Yazıçı Murad Köhnəqala: "Sabir Rüstəmxanlının "Difai fədailəri” tarixi romanını oxuyuram.


Şair Əbülfət Mədətoğlu: "Tətildə Seyran Səxavətin "Nekroloq" əsərini yenidən oxuyacam. Vaqif Səmədəoğlunun, Nüsrət Kəsəmənlinin, Ramiz Rövşəni yenidən oxuyacam. Özümlə səfərə Salam Sarvanın, Ramiz Rövşənin, Zəlimxan Yaqubun kitablarını götürəcəm. Elektron mətbuatda, xüsusuən də kulis.az-da ədəbi nümunələrdən nə olsa gözdən qaçırtmayacam.”


Yazıçı Narıngül Nadir: "Əslində, yay tətilində ətraf mühitlə təmasda olmaq, daha çox istirahət etmək, beyinə dinclik vermək lazımdır. Guya mən də bu prinsipə əməl etməyə çalışıram. Amma boş yerə cəhd edirəm... Kitab oxumağı planlaşdırmasam da, sosial şəbəkədəki yazıları izləyirəm, paylaşılan bədii mətnləri oxuyuram. Yəni istəsəm də, istəməsəm də mütaliə həyat tərzimə çevrilib.

Bu günlərdə L Qrossmanın "Görkəmli adamların həyatı” silsiləsindən "Dostoyevski” romanını yenidən oxudum. Dəfələrlə oxumağıma baxmayaraq, bu romanı oxumaq mənə yenə də zövq verir. Ümumiyyətlə, mən sistematik oxu prosesini sevmirəm. Ola bilər ki, bir kitabı dəfələrlə oxuyum və oxuduqlarımı intuitiv şəkildə qəbul edim. Bəzən olur ki, oxuduğum əsərdəki obrazların adlarını da unuduram. Yəni yaddaşıma daha çox şüuraltında qəbul olunanlar həkk olunur.

Sentyabrda bir neçə müasir yazarlarımızın kitablarını mağazalardan alıb oxumağı planlaşdırmışam. Burada məqsəd sırf oxucu marağından başqa, həm də müasir ədəbi mühiti izləməkdir. Hesab edirəm ki, mövcud ədəbi mühitlə tanışlıq hər bir yazar üçün vacibdir.”


Yazar Səhər Əhməd: "Hazırda Pasternakın Jivaqosunu oxuyuram. Növbədə Oruelin "Kataolinayaya məhəbbətlə” romanıdı.”


Yazıçı Mübariz Örən: "Hal-hazırda Folkneri oxuyuram, "Avqust işığı”nı. Sonra Corc Oruelldən nəsə oxumaq planımdadı. O kişidən heç nə oxumamışam. Yaydı, çox oxumaq da olmur.”


Yazıçı Mirmehdi Ağaoğlu: "Sevda Sultanovanın Elton Quliyev kitabını oxudum. Hazırda etiyim tərcümə kitabı ilə əlaqədar Soıjenitsının İvan Denisoviçin bur günü əsərini təzədən oxudum, Tomas Mannın Venesiyada ölüm əsərini oxudum, Pamukun Cevdet bəy oğulları əsərini bitirdim. İndi də Culian Barnasın

"10 1/2 bölümdə dünya tarixi” romanını bitirmək üzrəyəm. Deyim ki, Venesiyada ölüm əsəri məni həqiqətən heyrətləndirdi, gözəllik, sevgi, ölüm haqqında dahiyanə bir əsərdir. Barnasın romanını oxumağı isə hər kəsə tövsiyə edirəm.

Son illər yazılmış romanlar arasında ən yaxşılardan hesab etmək Barnasın romanını. Roman ironik bir dillə Tanrı-insan münasibətlərindən bəhs edir.


Yazar Cavid Zeynallı: "Oxunmalı kitablar çoxdur. İndi Şekspiri oxuyuram.


Yazar, şairə Rəbiqə Nazimqızı: "Bu günlərdə Romen Rollanın "Bethovenin həyatı” əsərini oxudum. Açığı, son vaxtlar biqorafik əsərlərə və memuarlara üstünlük verirəm. Bundan sonrakı planlarımda "Mikelancelonun həyatı”dır yenə Rollandan. Və əlbəttə, çoxlu şeir oxuyuram. Amma şeir sistemli deyil. Bəzən yeni şeirlər olur, bəzən təkrar. Bəzən bir şairdən bir neçə şeir, bəzən bir. Məsələn, Apolinerin Luya yazdığı şeiri oxudum və çevirmək istədim, sonra vaz keçdim. Təbii, ən çox sevdiyim şairlərdən olan Martin Svetlitskitni oxuyuram. yerli saytları izləyirəm. Paralel olaraq özüm də ara-sıra yazıram.”


Şair Aqşin Evrən: "Son vaxtlar yenidən tarixi kitablara qayıtmışam. Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin "Təkmilətül-əxbar” ümumi tarix əsərini və paralel olaraq "Tarixi-aləmarayi-Şah İsmayıl”ı ("Şah İsmayılın dünyanı bəzəyən tarixi”) oxuyuram. Bundan əvvəl orta əsr ispan diplomatı Fiqeroa Qarsiyanın Şah Abbas dönəmində Səfəvi sarayına ziyarəti əsasında yazdığı kitabı bitirdim. Kitabda Səfəvi sarayında verilən yeməklərdən, şərablardan tutmuş, cariyələrə qədər hər şey haqda yazılıb.”


Yazar Kəramət Böyükçöl: "Heç nə oxumuram. Oxumaq ehtiyacı da hiss eləmirəm. Xeyli problemlərim var, onlarla məşğulam. Ümumiyyətlə, belə bir cəmiyyətdə yazmağın mənasızlığını başa düşdüyüm kimi, oxumağın mənasız bir şey olduğunu anlamışam. Oxumayanların, yazmayanların, nadanların daha xoşbəxt olduğu mühitdə mən niyə ancaq öz mənəvi dünyamı zənginləşdirməklə məşğul olmalıyam? Nadan olmaq üçün var gücümlə çalışıram.


Şairə Könül Arif: "Şervud Andersonun "Vaynzburq Ohayo” hekayələr toplusunu oxuyuram hazırda. Tətildə Alberto Moravianın "Çoçara” kitabını oxuyacağam.”


Yazar Günel Natiq: "Hazırda Sartrın bir əsərini oxuyuram. Daha doğrusu, oxumağa çalışıram. Çünki yazılarım çoxdur, onlara vaxt ayırmaq lazımdır, həm də əsər mürəkkəbdir, oxucudan dərin diqqət tələb edir. Mənim tətilim yazılarla müşayiət olunur, yəni tam sərbəst olduğum məqamlar az olur. Veriliş hazırladığım şeirlerin kitablarını oxuyuram, poeziya isə menim yaşam qaynağımdır.”


Şair Taleh Mansur: "Mənim üçün payız və qış ayları yazı masasıdı, yaz və yay ayları isə oxu zalı. Bilmirəm qlobal iqlim dəyişkənliyindəndir nədi, bu il tam tərsi oldu, qışda Əkrəm Əylisli, Alber Kamu, Uilyam Folkner, Pasternak kimi tam 18 müəllifin fərqli əsərlərini oxudumuşdumsa yay girəndən yapon yazıçısı Yasunari Kavabatanın seçilmiş əsərlərindən başqa bir şey oxuya bilməmişəm. Hər halda hələ yayın bitməsinə kifayət qədər vaxt var. Yəqin ki, bu kimi sorğuların əsas hədəfi mənim kimi uşaqlıqda oyuncaqları belə kitab olmuş adamlara "soyuq duş” təsiri bağışlayıb yaradıb onları özlərinə-kitaba qaytarmaqdır. Mütaliə kimi dünyanın ən gözəl vərdişindən uzaq düşməkdənsə, sağalmaz bir xəstəliyə tutulmaq daha yaxşıdı. Heç bir halda qayğılar, problemlər mütaliə etməmək üçün əngəl sayıla bilməz, heç ölüm yatağı belə.”