adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Iyul 2018 12:55
19037
İDMAN
A- A+

Vüqar Nadirov biganəlikdən gileylənir - MÜSAHİBƏ

Uzun illər üzdə olan, "Qarabağ”ın və yığmanın şərəfini qoruyan, son illər isə bir qədər kölgəyə çəkilən Vüqar Nadirovdan çoxdan səs-soraq yoxdu. Mövsümlərarası fasilədə "Səbail”dən ayrılandan sonra forvardın Türkiyə və Rusiyaya yollanacağı xəbərləri yayılsa da, hələ ki ortada real heç nə yoxdu. Premyer-liqa klublarının da artıq heyətlərini komplektləşdirdiyini nəzərə alsaq, Vüqarın klubsuz qalmaq ehtimalı var. Bəs özü bu haqda nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün onunla danışmaq qərarına gəldik.

- Təxminən iki aya yaxındı "Səbail”dən ayrılsan da, hələ ki klubsuzsan. Səbəbini bilmək istərdik.

- Elə bir xüsusi səbəb yoxdu. Bu gün meydana çıxıb oynamağa hazıram. Özünü tərifləmək kimi çıxmasın, məndə elə güc, elə istedad var ki... Heç vaxt özümü tərifləməmişəm. Həmişə azarkeşlərin, mütəxəssislərin haqqımda xoş söz deməsini istəmişəm. İndi bir az kənara çəkilmişəm, elə bilirlər yoxam. Ancaq varam.

- "Səbail”dən ayrılandan sonra hansısa klubdan təklif almamısan?

- Maraqlananlar olub. Ancaq şərtləri ürəyimcə olmadığından təklifə ciddi yanaşmamışam. Elə adam deyiləm ki, oynamaq üçün kiməsə ağız açım, kiminsə qapısını döyüm. Gözləyirəm ki, xidmətimdə maraqlı olanlar özləri məni axtarıb arasınlar, komandalarında görmək istədiklərini bildirsinlər. Bir sözlə, lazım olduğumu desinlər. Hər halda, nə qədər də olmasa, Azərbaycan futbolunda yaxşı mənada ad qoymuşam. Hərdən mənə elə gəlir ki, kənarda qalmağımın başlıca səbəbi adamımın olmamasıdı.

- Uzun illər yığmanın, "Qarabağ”ın şərəfini qorumaqla yanaşı, bir çox iddialı klubun formasını geymisən. Sənin də adama ehtiyacın var?

- Mənə də o maraqlı gəlir ki, niyə oynayan uşaqlar, o cümlədən mən bu gün kənarda qalmışıq? Bizim "qabımızda” yoxdu, yoxsa oynamağı bacarmırıq? Bu mənim işimdi. Futboldan başqa əlimdən heç nə gəlimir ki, gedib o sahədə çalışım. 15 yaşımdan həyatım futbola bağlanıb. Bundan sonra azı 3-4 il yüksək səviyyədə çıxış edə bilərəm. Özümə güvənirəm, gücümü bilirəm.

- Boş qaldığın dönəmdə formanı necə saxlayırsan?

- Demək olar ki, hər gün uşaqlarla futbol dili ilə desək, "dır-dır” oynayırıq.

- Ancaq etiraf et ki, fərdi məşqlər komanda ilə birgə hazırlığın effektini vermir.

- Əlbəttə. Bunu təbii qəbul etmək lazımdı.

- Bir ara sənin Türkiyə və Rusiya klubları ilə danışıq apardığın barədə mətbuatda xəbərlər yayıldı.Qonşu ölkələrə yollanmağın nə dərəcədə realdı?

- Türkiyədə və Rusiyada olan bir neçə menecerlə danışmışam. Rusiyada yaşayan dostlarımız da bu işdə mənə yardımçı olmaq istəyirlər. Bəzilərindən fərqli, onlar da istəyir ki, Vüqar karyerasını davam etdirsin. Bu günə kimi futbolda nə etmişəmsə, hər şeyə öz gücümlə nail olmuşam. Nə adamım olub, nə də tapşıranım. Türkiyə və Rusiyadan olan agentlər bu işlə məşğuldular. Uyğun təklif olsa, ölkə xaricinə yollanmaq istəyirəm. İndiki məqamda istəyirəm ki, ölkə daxilində top qovum.

- "Səbail”dən ayrılmağının səbəbini bilmək istərdik. Şəxsi intriqalara görə ordan ayrıldın, yoxsa baş məşqçi dəyişikliyi bunu labüd etdi?

- Aftandil Hacıyevlə həm bir yerdə futbol oynamışam, həm də o, əvəzedici heyəti çalışdıranda rəhbərlik etdiyi kollektivdə çıxış etmişəm. Bilirsiz ki, "Qarabağ”a geri dönəndən sonra bəzi məsələlərə görə əsas komandadan kənarda qalmışdım. O vaxt əvəzedicilərin heyətində çıxış edirdim. Həmin mövsüm Hacıyevin komandası çempion oldu və baş məşqçi kömək etdiyimə görə mənə təşəkkür də etdi. Yəni onunla münasibətimiz həmişə yaxşı olub. Ancaq həyatdı, hər şey ola bilər. Bəlkə ola bilsin, ona kənardan təsir göstəriblər, nəsə deyiblər. Hacıyev hələ baş məşqçi təyin olunmamışdı, mənə klubdan zəng vurub bildirdilər ki, rəhbərlik səni düşərgədə görmək istəmir.

- Baş məşqçi gəlmədən, heyətlə bağlı fikir bildirmədən rəhbərliyin futbolçu ilə bağlı qərar verməsi nə dərəcədə düzgündü?

- Nə deyim? Elə işlərə qarışa bilmərəm. Yəqin onlara uyğun oyunçu olmamışam. Məni komandaya Samir Əliyev dəvət etmişdi. Samir müəllim komandadan ayrılanda belə, rəhbərliyə düşərgədə qalıb komandaya kömək etməyə hazır olduğumu bildirmişdim.

- Samir Əliyevdən söz düşmüşkən, özü kənarda qalsa da, köməkçiləri "Sabah”a yollandılar. Bu klub isə mövsümlərarası fasilədə ən çox transfer edənlərdən biridi. Səttar Əliyevin, Vitali Kovalyovun debütantın məşqçilər korpusunda yer aldığını nəzərə alıb bu sualı verirəm. "Sabah” da səninlə maraqlanmayıb?

- Səttar Əliyev, baş məşqçi Elşad Əhmədov demək olar ki, əmimin - Adil Nadirovun gözünün qabağında böyüyüblər. Özümün də hər ikisi ilə münasibətim yaxşıdı. Səttar müəllimlə söhbətimiz oldu. Dedi bizlik deyil. Komandanı gəncləşdirmək istəyirlər deyə, əsasən gənc futboçulara üstünlük verirlər.

- Belə çıxır ki, 31 yaşlı Vüqar Nadirov artıq yaşı ötmüşlər siyahısındadı... Ancaq nədənsə legionerlərin timsalında bunu görmürük.

- Mən həmişə bunun əleyhinə olmuşam. Yaş 30 olan kimi deyirlər həmin oyunçunun futbolu qutardı. Bəs niyə xaricdə belə deyil? "Qarabağ” bu yay yeni qapıçı aldı. Səhv etmirəmsə, 35-36 yaşı var. Ona ikiillik müqavilə təklif olundu. Düzdü, dünya çempionatında oynayıb. Ancaq yenə də yaşı var. Adam formadadısa, nəyə görə meydana çıxmasın? Və yaxud Saşa Stamenkoviçi misal göstərək. Yenə deyirəm, futbol oynamağa gücüm var. Sadəcə, şans versinlər.

- Bu gün hansı hissləri keçirirsən?

- Təəssüflənirəm. Kənarda qalmağıma görə çox təəssüflənirəm. Heç kimin - nə futbolçunun, nə məşqçinin haqqının tapdalanmasına razı olmaram. İstəyirəm ki, hər şeyə qıraqdan baxıb qiymət versinlər. Mən həmişə düzgünlüyün tərəfdarı olmuşam. Şükür Allaha, nə acından ölürük, nə də hansısa formada böyük çətinliyim var. Sadəcə, futbolsuz qalmaq mənə pis təsir edir.

- Avrokuboklarda ən çox oyun keçirmiş oyunçulardan biri kimi sənin də fikirlərini bilmək istərdik. Avropa Liqasında çıxış edən təmsilçilərimizin ilk mərhələdə mübarizəni dayandırması nə ilə bağlıdı? İndi ümidlər tək "Qarabağ”adı. Açığı, sabiq komandan da keçirdiyi üç oyunda o qədər də yaxşı təsir bağışlamayıb.

- "Keşlə” səfərdə çox qol buraxmaqla vəziyyətini çətinləşdirdi. Cavab görüşündə komanda rəqibdən üstün futbol sərgilədi, uşaqlar meydanda can qoydular. Lazım olan hesabı əldə etmək üçün də imkanları oldu. Ancaq alınmadı. "Neftçi” isə arxayınlığın güdazına getdi. Özüm də o hissələri yaşamışam. Bəzən olurdu ki, ilk qarşılaşmada demək olar, cütün taleyini həll edirdik və bir qədər arxayınlaşırdıq. İlk oyunda sərfəli nəticə qeydə alınanda Qurban müəllim komandanın boşalmasına imkan vermir, ancaq mərhələni adlayandan sonra "biz bunu bacardıq” deməyimizi istəyirdi. "Qəbələ”nin isə çox asanlıqla mərhələni adlayacağını gözləyirdim. Onların kənarda qalması mənim üçün sensasiya oldu.

- "Qarabağ” haqda nə düşünürsən?

- 7 il Ağdam klubunun şərəfini qorumuşam. Bu gün onların da çıxışını yaxından izləyirəm. Kənardan baxanda sanki komandada həvəs olmadığını görmək mümkündü. Elə bil futbolçular uğurdan doyublar. Açıq deyirəm, məndə də olub belə hal. Ancaq indi mən futbola acam. Hansı kluba yollansam, canla-başla onun uğuru üçün çalışacam. Görün artıq neçə aydı futbol oynamıram.

- Maraqlıdı, yenidən "Qarabağ”a dönə bilərsən?

- Həyatda hər şey ola bilər. Bütün futbolçular istəyir ki, aparıcı, iddialı klublarda oynasın və karyerasını da özünə döğma bildiyi kollektivdə başa vursun.

- 15 ildi böyük futboldasan, Azərbaycan ölçüləri ilə götürəndə çox parlaq karyeraya maliksən. Necə düşünürsən, futbolda sözünü demisən, yoxsa hələ deyəcəklərin var?

- Həmişə çalışmışam ki, meydana çıxıdığım hər matçda sözümü deyim. Hər qarşılaşmanı final görüşü kimi qəbul etmişəm. Karyeramı davam etdirəcəyəmsə, yenə həmin düşüncə ilə oyunlara köklənəcəm. Buna heç kimin şübhəsi olmasın.

- Ailədə davamçın var?

- Bəli, Ərşad Nadirov. Hazırda "Leon” klubunda məşq edir. Cəmi 5 aydı futbolla məşğul olmasına baxmayaraq, artıq özündən böyüklərlə məşq edir. Məndə olanlar - sürət, güclü zərbələr, mübarizə əzmi onda da var. İnşallah, məndən də yaxşı futbolçu olacaq.


RƏŞAD

football-plus.az