adalet.az header logo
  • Bakı 20°C
31 Iyul 2018 09:07
11736
ƏDƏBİYYAT
A- A+

Ədaləti həyat kredosuna çevirən adam

Azərbaycan Prokurorluğu - 100

Ələmdar Məmmədov,
keçmiş prokuror

(əvvəli ötən saylarımızda)
Əvvəlki yazılarımda qeyd etdiyim kimi, 29 dekabr 1989-cu ildə Cəlilabadda böyük qarşıdurma və ixtişaşlar baş verdi. Qan töküldü. Yüzdən artıq insan xəsarət aldı. 50-60 maşın yandırıldı və bir neçə inzibati bina dağıdıldı. Həmin günü axşam Puşkin rayon (indiki Biləsuvar) DTK-nın yerli şöbəsinin binasında MK katibi T.Orucov respublika hüquq-mühafizə orqan rəhbərlərinin iştirakı ilə müşavirə keçirirdi. O, məni dinləmək istəməyib, otaqdan çıxaranda, İlyas müəllim sərt şəkildə reaksiya verdi və dedi: - "Telman Xəliloviç, bəsdirin! Sizin "bezdarnı" partiya işçilərinizin hesabına bu oğlan 4 aydır səngərdədi".
Səhərisi günü, 30 dekabr 1989-cu il tarixdə İlyas müəllim mühüm işlər üzrə müstəntiq Oqtay Qasımovla Cəlilabad rayon prokurorluğuna gəldi. Masallı rayon prokuroru Əzizağa Həsənovla birlikdə hər üçü hadisə yerinə - yandırılmış və dağıdılmış RPK-nın binasına getdi. Həmin vaxtı raykomun binası qarşısında, 20 min adamın iştirakı ilə mitinq geçirilirdi. Raykomun binasından çıxıb, prokurorluğa qayıdan İlyas müəllimi və onu müşahidə edən şəxsləri mitinqçilər görürdülər. Bu zaman mitinqi idarə edən şəxs aksiyaçılara müraciətlə dedi:
-Görürsünüz, qanunların keşiyində dayanan, ədalət carçısı Respublika Prokuroru İlyas İsmayılov da mafiyanı müdafiə edir, gələn kimi raykomun binasına getdi.O da xalqdan qaçır, xalqın içərisinə gəlmir. Bu zaman İlyas müəllim tribunaya tərəf vüqarlı addımlarla irəlilədi. O, yaxınlaşdıqca insanlar dəhliz açır və ona yol verirdilər. İlyas müəllim tribunaya qalxıb, əlini mikrofona uzatdı. Mitinqi idarə edən mikrofonu ona verdi. İlyas müəllim soruşdu:
- Sənin adın nədir?
- Səxavət.
İlyas müəllim üzünü camaata tərəf çevirərək dedi:
-Səxavətin danışdıqlarının hamısı yalandır.
Mitinqdə uğultu əmələ gəldi. Sonra İlyas müəllim çoxsaylı suallara cavab verdi. Bütün cavablar qanun çərçivəsində və normasında idi. Bundan sonra yenə mitinqçilər dəhliz açdılar və İlyas müəllim prokurorluğa gəldi. (Video görüntü qalır).
Həmin gündən sonra mən Cəlilabadı tərk etdim. Bir müddət məzuniyyətdə, bir müddət mülki şöbədə ezamiyyətdə oldum.Mənim Cəlilabad rayon prokuroru vəzifəsində 5 illik Konstitutsiya müddətim tamam olurdu. Mövcud şəraitlə əlaqədar rayona yoxlama komissiyası getmədi. Daxil olmuş sənədlər əsasında arayış yazıldı və fevral ayında SSRİ Baş Prokurorunun müavini Abramovun iştirakı ilə keçirilən kollegiya iclasında fəaliyyətim müzakirə edildi. Abramov kollegiyada dedi:- Yoldaş Məmmədovu müzakirə etmək yox, mükafatlandırmaq lazımdır. Mart ayının əvvəllərində İlyas müəllim məni dəvət etdi və təxminən aşağıdakıları dedi:
-Sənin Cəlilabadda əziyyətin çox olub. Daha böyük rayona göndərmək istəyirdim. Lakin öz vəziyyətim qeyri-müəyyəndir. (Respublikanın yeni rəhbərlyi təbii ki, İlyas müəllimlə işləmək istəmirdi). Başqa rayona göndərsəm iş ləngiyə bilər. Sonra səni MK-da incidərlər. Ona görə də ikinci müddətə Cəlilabad rayon prokuroru təyin edilmə təklifi ilə sənədlərini MK-ya göndərirəm.
Respublika Prokuroru İlyas İsmayılovun 11 iyun 1990-cı il tarixli əmri ilə yenidən Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edildim. İki aydan sonra İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxıb, SSRİ Baş Prokurorluğunda şöbə müdiri vəzifəsinə təyin edildi.
Sual oluna bilər. Nə üçün yeni respublika rəhbərliyi İlyas müəllimlə işləmək istəmədi? Mən geniş araşdırma aparmadan və təfərrüatlara varmadan bir neçə hadisəni danışmaq istəyirəm.
Hələ Respublika Prokurorunun müavini olarkən İlyas müəllimin yüksək ranqlı bədxahları əmələ gəlmişdi. 1984-cü ilin əvvəllərində İlyas müəllimin kurasiyasında olan cəzaçəkmə müəssisələrində qanunların icra vəziyyəti SSRİ Baş Prokurorluğu tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsi SSRİ Baş Prokuroru Rekunkovun yanında müzakirə olunur. Qərəzli tərtib olunmuş arayışda bütün çatışmazlıqlar İlyas müəllimin adına yazılmışdı. İlyas müəllim faktlarla və məntiqin gücü ilə bu sahədə prokurorun yeri və vəzifələri barədə danışır, arayışdakı qərəzli fikirləri alt-üst edir. SSRİ Baş Prokuroru Rekunkov deyir: - İlyas İsmayılovu cəzalandırmaq lazım deyil. (Məqsəd İlyas müəllimə cəza verilməsi və gələcək inkişafına mane olmaq idi).
Bir neçə aydan sonra Voronej şəhərində SSRİ Baş Prokuroru Rekunkovun iştirakı ilə müttəfiq və muxtar respublika prokurorları müavinlərinin müaşavirəsi keçirilir. Rekunkov müşavirədə çıxış edənlərin demək olar ki, hamısına iradını bildirir və kəskin formada tənqid edir. Çıxışçılar siyahısında olmasa da, Baş Prokuror İlyas müəllimi tribunaya dəvət edir. İlyas müəllimin çıxışından sonra ona heç bir irad tutulmur. Bu onu göstərirdi ki, Rekunkov yüksək səviyyəli hüquqşünas kimi İlyas müəllimə böyük rəğbət bəsləyirdi.Həmin ilin sonunda İlyas müəllim ehtiyatda olan respublika prokurorlarının bir aylıq kursuna dəvət olunur. Kursda olarkən Rekunkov iki dəfə onu qəbul edir və nəhayət, 1985-ci ilin yanvar ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsinə təyin edilir. İlyas müəllimin partiya orqanlarını qane etməyən ilk hərəkəti "təhkimçiliy"-in aradan qaldırılması oldu.Prokuror kolxoz və yaxud sovxoza təhkim edilir,iclaslarda təsərrüfat işlərinin gedişi barədə sorğulanırdı.Bu da prokuror nüfuzuna büyük zərbə vururdu.Nüfuzu olmayan prokuror başqalarının hüquqlarını necə qoruuya bilərdi?Ona görə də İlyas müəllim "təhkimçiliy"-in ləğv olunması barədə Mərkəzi Komitə qarşısında məsələ qaldırır və çətinliklərə baxmayaraq istəyinə nail olur.
Respublika Prokuroru vəzifəsində işlədiyi ilk aylarda MK-nin 1-ci katibi K.Bağırovla yüngülvari narazılıqları olur. Belə ki, K.Bağırov büro iclasında İlyas müəllimlə danışarkən səsini qaldırır. Səhərisi günü İlyas müəllim Kamran Bağırova işdən çıxması barədə raportla müraciət edir. Bundan sonra işlədikləri müddətdə Kamran Bağırov etik davranış qaydalarına həmişə əməl etməyə məcbur olur.
Məişət Xidməti Nazirinin əmri bir nəfər işdən çıxarılır. Həmin şəxs Respublika Prokuroluğuna müraciət edir. Yoxlama zamanı şəxsin qanunsuz olaraq işdən çıxarılması müəyyən olunur və işə bərpa edilməsi barədə protest verilir. Lakin protestin baxılması gecikdirilir. Bir neçə gündən sonra MK-nin 2-ci katibi Y.Konovalov İlyas müəllimi yanına dəvət edir. İlyas müəllim içəri girəndə nazir B.Alekseyenkonu da orada görür. Y.Konovalov yarı zarafat, yarı ciddi deyir:
- İlyas Abasoviç, nazir Sizdən narazılıq edir. İlyas müəllim sərt şəkildə cavab verir:
-"Mən bu naziri qanunlara hörmət etməyə vadar edəcəyəm". Y.Konovalov, gedə bilərsiniz, İlyas Abasoviç,- deyə onu yola salır. Səhəri günü protest təmin edilir və həmin şəxs əvvəllki işinə bərpa olunur.
Bakı şəhər prokuroru Əliş Əliyevin prokurorluq müddəti 1989-cu ilin may ayında tamam olur. Əliş müəllimin xahişinə əsasən İlyas müəllim onu sentyabr ayına kimi vəzifədə saxlamaq qərarına gəlir. MK-nin 1-ci katibi Ə.Vəzirov büro iclasında bu məsələyə sərt reaksiya verir. İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim ona kəskin cavab qaytararaq, iclas zalını tərk edir.
1990-cı ilin fevral ayında keçirilən kollegiya iclasında MK-nın inzibati orqanlarla iş şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olunması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən o, özünəməxsus ötkəm formada dedi:
- Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak etdiyi üçün onlar rus dilində danışırdılar).
Bu misallarla hesab edirəm ki, yeni rəhbərlik üçün İlyas müəllimin, necə deyərlər, arzu olunmaz şəxs olmasının səbəblərini oxucuya izah edə bildim.
İlyas İsmayılovun respublikanın yeni rəhbərliyi tərəfindən haqsız təzyiqə məruz qalmasını görən azərbaycan ziyalıları və hüquq ictimaiyyəti onun müdafiəsinə qalxmışdı. Mətni undulmaz müəllimimiz Məmməd Xələfov tərəfindən yazılmış bir teleqramı oxucuların nəzərinə çatdırıram.
Azərbaycan KP MK-nin
bürosuna

"Hörmətli yoldaşlar! Bağban bağının ətirli meyvəsi ilə öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaylov bizim gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O, xalqımızın savadlı , ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz, ortalığa çıxarıla bilən işgüzar övladıdır. Xalqımızın belə övladları, təəssüf ki, çoz azdır. Onların taleyinə diqqətlə yanaşılmalıdır, əks halı zaman bizə bağışlamaz.
Xalqımızın düçar olduğu bu bəlada hamımızın - həm bizim hər birimizin və həm də böyük umur sahiblərinin günahı vardır. Zaman hər kəsin payını verəcəkdir, buna şübhə olmamalıdır. İlyas İsmayılov haqqı müdafiə olunmağa layiq övladdır, onun barəsində ədalətsizliyə yol verilməməlidir"

Hörmətlə:
Məmməd Xələfov - h.e.d professor
Murtuz Ələsgərov - h.e.d. professor
Məsumə Məlikova - h.e.d. professor
Qasım Manayev - h.e.d. professor
Əziz Əsədov - h.e.d. professor
Tofiq Qafarov - h.e.d. professor
Əyyub Əsgərov - h.e.d. professor
Cəfər Mövsümov - h.e.d. professor
Kəmalə Sarıcalinskaya - h.e.n.
dosent
Məmmədxan Rəsulov - h.e.n.
dosent
Yusif Mehdiyev - h.e.n. dosent

13 mart 1990-ci il

Oxucuya belə görünə bilər ki, mən İlyas müəllimə yaxın adam olmuşam. Xeyr!!! İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda şöbə rəisi işləyirdi. 1990-cı ilin noyabr ayında Moskvada yaşayan yaxın dostum Yaşarla İlyas müəllimin görüşünə getdim və bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:
- "Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir stolda oturmaq nəsib olub".
Məclisdə iştirak edən İlyas müəllimin dostu sözümü kəsərək, dedi:
-"Ay İlyas, sən bu oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir ki, mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm".
Cavabında İlyas müəllim dedi:
- "Mən Respublika Prokuroru olmuşam. Ələmdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub".
Corc Cordan adlı xristian bir yazar Həzrət Əli(ə) haqqında bir tədqiqat əsərində qeyd edir ki, "Mən Əlini İsadan üstün tutmaq istədim, dini təəssübkeşliyim buna imkan vermədi. İsanı Əlidən üstün tutmağı isə vicdanım rəva görmədi". Yazar bu tərəddüdünün səbəbini Həzrət Əlinin ədaləti və Allaha bağlılığı ilə əsaslandıraraq, deyir: "Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu".
Mən hər dəfə İlyas müəllim haqqında fikirləşəndə Həzrət Əli(ə) haqqında deyilən bu fikirləri xatırlayıram. Çünki, İlyas müəllimdə də ədalət hissi həddindən artıq güclüdür və onun hazırda cəmiyyətimizdə layiq olduğu yerdə olmaması da, zaman-zaman qərəzli ittihamlarla qarşılaşması da məhz bu məziyyətindən irəli gəlir.
Bəziləri düşünə bilər ki, İlyas İsmayılov məni prokuror vəzifəsinə gətirdiyi üçün bu yazını qələmə almışam. Bəri başdan demək istəyirəm: Mən Çəlilabad rayon prokuroru vəzifəsinə təyin ediləndə 4 il idi ki, respublika prokuroru A.Zamanovun əmri ilə ehtiyatda olan prokurorlar siyahısına salınmışdım.Il yarım idi Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyirdim.Həmin vaxtlar respublikanın 3 və ya 4 kənd rayonunda prokuror müavini ştatı var idi. İlyas müəllimin yerinə kim Respublika Prokuroru vəzifəsinə gəlsəydi, mən yenə də hansısa rayona prokuror təyin olunacaqdım. Bu mənada təyinatımı İlyas müəllimin xüsusi hədiyyəsi kimi qiymətləndirmək olmaz. O, sadəcə qanunlara, daxili nizamnaməyə hörmət edən bir şəxsiyyət kimi, vəzifəsindən irəli gələn addımı atmışdı. O başqa məsələdir ki, öz vəzifəsini layiqincə yerinə yetirmək, insanlara qayğıyla yanaşmaq, ədalətli davranmaq da qabiliyyət tələb edir və bu üstün məziyyət hər kəsə nəsib olmur. İlyas müəllimdə isə bu qabiliyyət fitridir.
Gənclik illərindən dostluq münasibətində olduğum böyük yazarlarımızdan biri mənə sual etdi:İlyas müəllimdən söhbət düşəndə həmişə ağızdolusu tərifləyirsən.Özün dediyin kimi, o qədər kimsəsizlərə,arxasızlara,yetimlərə dayaq olub İlyas müəllim.Heç onlardan bu tərifləri eşitmirik. Mən dostuma: -"Böyük Fransız yazıçısı və sosialisti Anri Barbüss N.Ostrovskinin "Polad necə bərkidi"əsərini oxuduqdan sonra deyir:-Adam bu əsəri oxuyarkən insan olmağı ilə fəxr edir".Mən də İlyas müəllimin rəhbərliyi altında işləyərkən,Prokuror olmağımla fəxr etmişəm,-dedim.