adalet.az header logo
  • Bakı 12°C
30 Iyul 2018 18:02
6206
GÜNDƏM
A- A+

Baş Prokurorluqda korrupsiya faktlarından DANIŞILDI

İyulun 30-da Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarımilində "Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə Baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edib.

Müşavirədə korrupsiya hallarına qarşı mübarizə işinin təşkili, 161 saylı "Qaynar xətt”ə daxil olan müraciətlər haqda da məlumat verilib.

Bildirilib ki, "Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.


Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.


Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 51 milyon 194 min manat ziyandan istintaq müddətində 16 milyon 578 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Hesabat dövründə özünü öldürmə və özünü öldürməyə cəhd faktlarınagörə başlanılmış cinayət işlərinin ibtidai araşdırmasına prosessual rəhbərliyin və istintaqına nəzarətin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər sayəsində bir neçə iş üzrə cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.