adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Iyul 2018 15:02
11246
ƏDƏBİYYAT
A- A+

Son illərin ən çox əzbərlənən şeiri

Kulis.Az "Bazar oxusu” layihəsindən Aqşin Yeniseyin "Sənə məktub yazıram..." şeirini təqdim edir.


Sənə məktub yazıram

Yazıram ki, bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar


Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən... pinti olur
Yalqızların yatağı


Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy


Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var
...qayıdacaq haçansa...


Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi


Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var


Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək


Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki, bağışla...