adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyul 2018 09:33
20320
ƏDƏBİYYAT
A- A+

VAHİD ƏLİFOĞLU

NƏ GETMƏYƏ,
NƏ QALMAĞA ÜZÜM VAR

Kim çəkibsə bu çevrəni, sözüm yox,
Ha axtardım, ha fırlandım, izim yox.
Nə getməyə, nə qalmağa üzüm yox,
Bir az qal var, bir az öl var içimdə.
Dağın dibi, yalın dalı nağıldı,
Gümanlarım it unu tək dağıldı.
Sularında balıqları boğuldu,
Kürüsü çürümüş göl var içimdə.
Nə açarı, nə kilidi hasarın,
Gor evinə çəkilidi hasarın...
Bu gördüyün şəkilidi hasarın,
Arxasına gizli yol var içimdə.
Çoxdu tez qazanan, gec dolandıran,
Durmadı qabağa heç, dolandıran...
Qışda neçə sürü, köç dolandıran,
Yayda örəniyən çöl var içimdə...
DOĞMA QAPILARDA
YAD OLANDA

...Hər ağrının üstündə göz yaşı var,
Selbəsi var, təpiyi var, daşı var.
Bağlamağa boğazı var, başı var,
Kim bağlayıb quyruğundan bu iti?
Nəyi yesin, axı nəyi yalasın,
Bir kimsə yox üzün tutub ulasın.
İstəyir ki, quyruğunu bulasın,
Kim bağlayıb quyruğundan bu iti?
Qudurduqca bu dünyanın söz iti,
Qənim olar yiyəsinə öz iti.
Quyruq var ki, dolandırar yüz iti,
Kim bağlayıb quyruğundan bu iti...
... Zülümmüş zəncirə ad olanda da,
Doğma qapılarda yad olanda da.
Quyruqsuz olasan, it olanda da,
Kim bağlayıb quyruğundan bu iti?..

GÜVƏNDİYİM DAĞ QALMADI

... Bu dünyanın nədi dərdi, azarı,
Ha gözlədim, bağlanmadı bazarı.
Qazılıymış son gümanın məzarı,
O da öldü, sağ qalmadı payıza...
Yaman gündə tapılmadı, dost hanı,
Çox oxuduq torpaq adlı dastanı.
Kim əkmişdi yol ağzında bostanı?
Dərilməmiş tağ qalmadı payıza.
Söz meyvədi, qulaqlarda xallanıb,
Sarı yarpaq budaqlarda ballanıb.
Ağaclar da adamlartək allanıb,
Duz yandırdı, bağ qalmadı payıza...
Karıxmışam, ayım, ilim hansıdı,
Heç bilmirəm dirim, ölüm hansıdı?
Güvəndiyim hardan bilim hansıdı,
Qar basmamış dağ qalmadı payıza...
FƏLƏSTİN UŞAQLARI

... Uşaq atasından güclü
heç kimi bilməz.
Atalarının
Bir barmaq qurşun önündə,
Nə qədər aciz olduğunu
Öz gözləri ilə gördülər.
Beşikdən tank olmaz,
Yüyrükdən təyyarə.
Gülləyə atılan ilan kimi,
Qaldılar qıvrıla-qıvrıla,
Qaynar qumun üstündə-
Fələstin uşaqları...
Bu dünyanın şərqində
Güllələnən uşaqların
qığıltısı himn deyil,
Göz yaşları adi sudu,
İçində bir ovuc duz ərimiş...
Qışqıra-qışqıra,
Hıçqıra-hıçqıra,
Mərmilərin, raketlərin
"Atdöşündə" qaranəfəs...
Yerdə qaçanlardan,
Göydə uçanlardan,
Kürəyini, sinəsini
Nişangahda saxlayandan,
Hər kəsdən, hər şeydən,
Aman dilər, mərhəmət umar-
Fələstin uşaqları...
... Buşun da nəvələri var,
Raysın bətni-
Cəhənnəm dərəsi...
... Qərbin baş nazirləri,
Dəmir nazirləri, daş nazirləri...
Namussuzluğu, fahişəliyi ilə
fəxr edən,
İt nazirləri, quş nazirləri,
Kişi olsalar da,
ata deyillər...
qadın olsalar da,
ana deyillər...
... Cəlladdan törənən də
cəllad olacaq, vallah...
La ilahə illəllah...
... Nəyə nifrət,
Kimə lənət?..
... Gözlərin görə-görə,
Ağlın kəsə-kəsə
Əlac edə bilməyəsən
Sevdiklərinə, əzizlərinə...
Bir gün baxırsan ki,
Öz boy-buxunun
dar ağacıdı özünə,
Əllərin də kəndirdi boğazına.
Və ayaq üstə,
öz əllərinlə.
Öz-özünü boğub öldürmüsən,
Xəbərin də olmayıb...

***
Yollar da tələymiş mənə, gəlmirəm,
Qara şal bağlamış günə gəlmirəm...
Gedirəm, imana, dinə gəlmirəm,
Bu yol Qarabağa gedən yol deyil...
Dərdim də qəribdi, çağlar dumansız,
Ələnər başıma, ağlar dumansız.
Dərələr dayazdı, dağlar dumansız,
Bu yol Qarabağa gedən yol deyil...

...Ey evli bəxtəvər, nağılmış evim,
Ovcumun içinə yığılmış evim.
Hanı yanmış kəndim, dağılmış evim,
Bu yol Qarabağa gedən yol deyil...

Gözləri çiyninə baxıb gedirsən,
Su kimi dörd yana axıb gedirsən,
Hamı günçıxana çıxıb gedirsə,
Bu yol Qarabağa gedən yol deyil

Bağışla atanı, dəlini, qızım,
Qoymadım açıla dilini, qızım.
Çək mənim əlimdən əlini, qızım,
Bu yol Qarabağa gedən yol deyil...

...Boynumuzu qıran minnətdən keçər,
Haqqı ayaqlayar, seçməz bu yollar,
Cəhənnəmdən keçər, cənnətdən kəçər,
Bircə Qarabağdan keçməz bu yollar...

***
Geriyə qayıdan yol budaq olub.
Bitir, yarpaqlayır, ölür çadırda.
Bir ana ortada qol-budaq olub.
Bir uşaq dünyaya gəlir çadırda..

Qapa gözlərini, baxma ay bacı,
Hələ bətnindədir, yatır uşağın.
Doğma bu uşağı, doğma ay bacı,
Gətirmə dünyaya çadır uşağı...

Gözlərini açıb çadır görəcək,
Görəcək çadırın divarı yoxdu,
Qapısı, bacası, tavanı yoxdu.
Yerində göy kimi hasarı yoxdu,
Dörd tərəfə qaçıb çadır görəcək.

Yazıq xışmalayıb bu şor torpağı
Qoyacaq ağzına qənd əvəzinə.
Doğum kağızında çadır uşağı,
Çadır yazılacaq kənd əvəzinə...

Baxıb pal-paltarı şələ biləcək,
Yıxıldı çadırdı, durdu çadırdı.
İlahi, bu uşaq elə biləcək.
Vətəni, Torpağı, Yurdu çadırdı...

Uzaq ölkələrin oyuncaqları,
Ovutmaz didərgin kədəri, qəmi.
Bu uşaq atasın görməsin barı,
Bozarmış çadırın kişisi kimi.

... Allahım, ağıllı məğrur baş yarat,
Yerindən, yurdundan uzaq yaratma.
Yaratmaq istəsən, qara daş yarat,
Çadırda doğulan uşaq yaratma...

***
Keçmişin altını-üstə çevirsəm,
Köçə bilərsənmi bu yad evə sən.
Nəyə and içim ki, səni sevirəm.
Nəyə and verim ki, məni sevəsən.

Ətəklər cırılıb, əl üzülübsə,
Qabaqda nə var ki, qalandan demə,
Özümüz yazmışıq nə yazılıbsa,
Belə olmalıydı, yalandan demə...

Çiçəyə oxşamır kəsək də,daş da,
Dəlisov sevdalar uzaqdı məndən.
Sən indi Leylinin anası yaşda,
Məcnunun atası uşaqdı məndən...
Biz kösöv olanda söndü ocaqlar,
Külünə qovuşmaz külüm, sonsuzuq,
Ayrı-ayrılıqda övladımız var,
İkimiz bir yerdə,gülüm, sonsuzuq.

***
xoşbəxt günlərimiz harda qurtarır,
nahaq çəktirirdin sən bu hasarı.
bütün icazələr burda qurtarır,
niyə aşmalıyam mən, bu hasar?

quru xəyallarda yaşayır adı,
əkmədin, gözləmə biçində heç nə.
hər şey bu sarayın hasarındadı
girsəm nə tapacam içində, heç nə

...eh, giley güzardı axırda sevgi
kağiz çiçəkləri quşdan kiçikdi.
vallah, şişirdirsən, bu xırda sevgi
üst-üstə qoyduğun daşdan kiçikdi...

...qılıqlı nəfəsə, sevdalı səsə
ölüm ayağında çatdım həmişə.
dünyada nə umdum, nə istədimsə,
hasara bükülü tapdım, həmişə

deyirdim ki, bəlkə çıxdı qanadım,
göylər yurd yeridir, yer yuvasızdır.
yaxşı ki, uçmağa yoxdu qanadım,
yaxşı ki, bu hasar darvazasızdı...


MƏN ÇIXA BiLMƏDiM
DAR AĞACINA

Ömrümdə bir qızın həsrəti bitir,
Gözlə ki,dönəcək bar ağacına.
Mənə əllərində bənövşə gətir,
Dağlar çevriləndə qar ağacına.

Gör kimə aldandı bu dəli ürək,
Bir yol dillənmədi,yaxamdan əl çək...
Nə səni verdilər bir qarış ip tək,
Nə mən çıxa bildim dar ağacına.

Bizdən betər imiş bizə gülən də,
Vallah,yalan bölür dərdi bölən də.
Bezib dimdiyindən ağacdələn də,
Döyür dimdiyini kar ağacına...

Axtaran deyiləm itiklərimi,
Əyilib qazandım yediklərimi.
Söyüd ağacına dediklərimi,
Gərək ağlayaydım nar ağacına...

***
Bu dünynın nədi dərdi, azarı
Ha gözlədim, bağlanmadı bazarı
Qazılıymış son gümanın məzarı
O da öldü, sağ qalmadı payıza.

Yaman gündə tapılmadı, dost hanı
Çox oxuduq torpaq adlı dastanı...
Kim əkmişdi yol ağzında bostanı,
Dərilməmiş tağ qalmadı payıza.

Söz meyvədi, qulaqlarda hallanıb,
Sarı yarpaq budaqlarda ballanıb,
Ağaclar da adamlar tək allanıb,
Duz yandırdı, bağ qalmadı payıza.

Karıxmışam ayım,ilim hansıdı,
Heç bilmirəm dirim, ölüm hansıdı.
Güvəndiyim hardan bilim, hansıdı,
Qar basmamış dağ qalmadı payıza.