adalet.az header logo
  • Bakı 20°C
28 Iyul 2018 09:25
12047
ƏDƏBİYYAT
A- A+

Sevinc

"Müstəqillik və quruculuq" silsiləsindən

(Hekayə)

Fərəc Fərəcov

Yarım əsrlik yaşını tamamlayıb 51-ə adlayan Mərdan Nəcəfzadə öz ixtisasını bilən və sevən mühasibat işçisidir. Sovetlər vaxtı xalq təsərrüfatı institutunu bitirmişdir. Bir müddət şəhərin o zamankı dəmiryol xəstəxanasında və sonra "Raypo" adlanan ticarət təşkilatında peşəsinə müvafiq işdə çalışmışdır.
Hazırda isə rayon mərkəzi xəstəxanasının baş mühasibidir. Bu günədək adına, ünvanına pis deyən, pis danışan olmayıb. Daim düzlüyə, halallığa sığınanın birisi olub... Qeyri-adiliyi yoxdur. Hamı necə, o da elə. Sadəcə Mərdanın evdə diqqət çəkən bir Şakəri vardır. Bu da ondan ibarətdir ki, işdən qayıtcaq, əyin-başını dəyişməmiş, əl-üzünü yuyub rahatlanamış televizorun kanalını dəyişib Naxçıvanın verilişlərini saatlarla izləməsidir. Son illərdə ailə həyatı qurub kənarda yaşayan iki qızı Gülşən və Xuraman da, ömür-gün yoldaşı Gülbahar və oğlu Vüqar da onun bu maraq doğuran xüsusiyyətini yaxşı bilirlər. Və elə bu səbəbdən Mərdan işdən evə dönəndə Vüqar da, Gülbahar da televizorun qarşısından könüllü olaraq çəkilirlər. Bəzən isə Vüqarın özü atasını görcək, pultu əlinə alıb kanalı çevirir və - Ata, buyur, bax, - deyir...
Bəs haradan, nədən qaynaqlanıb Mərdanın bu qədər Naxçıvanın efirinə aludəçiliyi? Özünün dediyi kimi, muxtar respublikada gedən əzəmətli quruculuq işlərindən. Düzdür, Bakı telekanallarında da, təbii ki qurub-yaratmaqdan az söhbət getmir... Amma di gəl ki, blokada sıxıntıları ilə üz-üzə qalan Naxçıvanı izləmək ona xüsusi bir ləzzət verir. İllah da "19 -un" ana xəbərlərini qətiyyən gözdən qaçırmır. Bilir ki, yaşadığı bu qədim torpağın heç olmasa bir neçə guşəsində baş verən mühüm yeniliklərdən və ya açılış tədbirlərindən xəbər tutacaq, sosial mədəni süjetləri qürur hissi ilə seyr edəcəkdir.
Bir də axı Naxçıvan televiziyasında göstərilən məkanların, orada çalışan, kanala müsahibə verən insanların çoxu ona tanış və doğmadır. Ümumiyyətlə, yerli efirə baxdıqca hər dəfə belə düşünür: Demək, Naxçıvanın hər nöqtəsində qaynar iş gedir. Özü də necə! Bəzən o, yaxın keçmişlə indini tutuşdurur. Yerlə Göy arası fərqi var, - deyir. Hələ televiziya bir yana. Elə öz evlərinin çevrəsində nələr edilməyib?! Həm də heyrət doğuran səbəb odur ki, hər hansı bir işin təməlinin qoyulması ilə sona yetməsi sanki bir göz qırpımında baş verir. Lap möcüzəyə bənzəyir - deyə düşünür. Mərdan bütün bunları istirahət günlərində yaşadığı ikinci mərtəbədəki evinin pəncərəsindən də bəzən doyunca izləyir. Bir tərəfdə yeni beşmərtəbəli binanın inşa olunub sakinlərə paylanması, digər yanda üç qatlı musiqi məktəbinin ucaldılması, yol və xiyabanların göz oxşayan şəklə salınması elə bil Mərdana bir dünya sevinc, fərəh bağışlayır.
O, baş mühasib işlədiyi xəstəxananın yenidən tikilib istifadəyə verilməsi mərasimini də heç zaman unuda bilmir. Həmin açılışda kimlər iştirak etməyib?! Açılışlar isə bir deyil, beş deyil... Bu çoxluğa baxmayaraq Mərdan olub keçən tədbirlərin bəlkə də hamsını beyninə həkk edib. Onun qəlbi bu günkü yüksəliş ab-havası ilə birgə döyünür desək, inanın ki, yanılmarıq. Öz arzu və istəklərini daim bir-birindən gözəl sabahlara kökləyir.
Amma hərdən ömür-gün dostu Gülbahar Mərdanın televiziya önündəki xoş ovqatına azacıq "soğan doğrayır". Yəni belə deyir:
- Ay kişi, başını televizora bu qədər qatma. Evləndirməli oğlun var. Bu darısqal otaqlara gəlinmi gətirmək olar?! Ev haqqında da bir az düşünsənə.
- Darıxma, Gülbahar, darıxma. Bir qədər pul toplamışam. Üstünü də yavaş-yavaş düzəldib bina evi, ya da münasib bir həyət evi alarıq.
- Ev almaq köynək, kostyum almaq deyil ki, havaxt istəsən dükan-bazara çıxıb alasan. Söhbət evdən gedir! Bir ətək pul gərəkdi ona. Oğlun artıq qocalır ee.
- Sən heç ürəyini sıxma. Təki Vüqar yaxşı bir qız seçsin. Mən borc-xərc edib ev alaram.
- Ay-hay, sözdü, deyirsən də...
- Vallah, doğru sözümdür. Bircə o, evlənmək, ailə qurmaq istəsin.
- Niyə istəmir, istəyir... Hələ gözaltısı da var... Ev, otaq dərdindən açıb-ağarda bilmir.
- O nə sözdü ağzından qaçırdın, Gülbahar, yoxsa məndən gizli iş tutmusuz? Kimdir elə o qız?
- Qorxma, ay Mərdan, özgə deyil, elə sənin özününkülərdəndir. Uzaq bir qohumun var ha, Sərdar, onun qızıdır. Oxumuş qızdır, müəllimədir.
- Bəs niyə mənə deməmisiz? Nə oyun çıxardırsız məndən xəbərsiz?
- Hirslənmə, Mərdan, mən də təzə eşitmişəm. Elə bu səhər Vüqarın saqqızını oğurlayıb öyrəndim. Ancaq tapşırıb ki, ev məsələsi düzəlməyənədək atama bildirmə, narahat olmasın.
- Düz deyib də mənim ağıllı oğlum. Ev vacib məsələdir. Özü də pis maaş almır. Kömək edər, inşaallah ev problemini yoluna qoyarıq.
- Eşidirsən, Mərdan, qonşumuz diş həkimi Əbülfəzgil də biz gündədir. Oğlu nişanlıdır axı... Toyları ev-eşik çətinliyindən aydan-aya uzanır. Dünən yoldaşı mənə ürəyini açdı. Dedi ev alan kimi oğlanın xeyir işini edəcəyik.
- Gülbahar, deyəsən bizim bu binamızda çoxusu elə eyni dərddədir. 50-55 kvadratmetrlik mənzillərdə böyük ailə necə yaşaya bilər? O zaman sovet dövlətində belə məsələləri kim idi nəzərə alan. Darısqal binalar tikib camaata paylayırdılar ki, ad olsun ev verdik. Hər bina da yalan olmasın bir neçə ilə güclə başa çatdırılırdı. Keyfiyyət, rahatlıq heç yada salınmırdı. Nə demişəm indiyə... Gülbahar, Naxçıvanda son illərdə ucaldılan binalardan xəbərin var? Bilirsən necə geniş, komfortludur. Kanalizasiya, lift sistemləri də saat kimi qurulub.
- Bilirəm, çox eşitmişəm... Ömürləri uzun olsun onları tikdirənlərin də, tikənlərin də. Nə isə, Mərdan, bunları qoyaq bir kənara, ciddi sözümdür, sən ev barəsində yaxşı-yaxşı fikirləş. Gecdir daha!
- Ürəyini buz kimi saxla ay Gülbahar, Allah Kərimdir. Hər şey yaxşı olacaq.
Ailənin bu son dialoqundan cəmi üçcə gün ötmüşdü ki, sakinləri şok vəziyyətinə salan xəbər yayıldı. Dedilər sözü gedən bina köklü şəkildə yenidən qurulacaq. Orada yaşayanlar da müvəqqəti olaraq iş başa çatanadək kirada və ya yaxınlarının evində qalacaqlar. Kira pulu da dövlət tərəfindən ödəniləcək.
Bu xəbər 8 mənzilli bina əhlini əsl mənada silkələdi. Hər kəs ağlı kəsdiyi səviyyədə qarşıladı eşitdiklərini. Sevinən də oldu, narahatlıq keçirən də. Hətta narazı qalanlar da tapıldı. Mərdan isə tərəddüt etmədən alqışladı bu işi:
- Hər halda iş görüləcək - dedi - elə təkcə kommunal xətlərini qaydaya salsalar belə, bəsimizdir. Başımıza uçan tavan hissəsinin düzəldiləcəyini, saya-hesaba yetməyən uçuq-sökük yerlərin əsaslı təmirini demirəm hələ. Sevinmək əvəzinə nə haqla narazı qalmalıyıq?
Diş həkimi Əbülfəz də elə bu sayaq fikirləşirdi:
- Mən əslində belə bir şad xəbəri gözləyirdim. Bir diqqət yetirin ətrafınıza, baxın, hər tərəfə əməlli-başlı əl gəzdirilib. Hər şey təzələnib, gözəlləşib. Köhnə tikililərin də hamısı təmir olunub... Bəs bizim binamız niyə yerində saymalıdır?! Təzələnə bilməz? Əslində dövlətimizə ömrümüz boyu minnətdar olmalıyıq ki, necə deyərlər, Nuh əyyamından qalma binamızı yada salıbdır. Hər halda çox təqdirəlayiq işdir. Narahat olmağın yeri yoxdur. Alqışlamaq, yenə də alqışlamaq gərəkdir.
Onun bu fikrini qocaman dəmir yolçu İdris də təsdiqlədi:
- And olsun Allaha, həkim düz deyir. Biz bu işə ikiəlli razılıq verməliyik. Sovet vaxtı kim idi bu cür tikintilərə pul ayırıb onları cana gətirən. İndi öz dövlətimizdir... öz əlimiz, öz yaxamızdır. Bir də axı uzağı üç-dörd ay qohum-qardaşın evində gecələməyə nə var... Çətin də olsa dözməliyik ki, sonradan onun səfasını ömrümüz uzunu görək...
Bina sakinlərinin bu söhbətləri öz yerində... Çox çəkmədi ki, əlaqədar qurumların baş bilənləri də gəlib sakinlərlə görüşüb danışdılar, ətraflı izahat verdilər. Və hər bir kəsin razılığını alandan sonra real iş başlandı.
Bir neçə ayın ərzində bina yenidən quruldu, künc-bucağına, ətraflarına əməlli-başlı əl gəzdirildi. Uşaqların həyətdə oynamaları, əylənmələri də unudulmadı.
Köhnə donunu büsbütün atan 2 mərtəbəli, 8 mənzilli bina böyük bir ərazinin kompleks quruculuq layihəsinin sanki tamamlayıcı akkordu kimi səsləndi. Mərkəzi prospektin diqqət çəkən yaraşıqlı binalarından birinə çevrildi.
Açılış mərasiminə toplanan bina sakinlərini sevinc qarışıq, təəccüb, heyrət də bürüdü. Sən demə, əsaslı təmirdən çıxan həmin bina həm də giriş tərəfdən xeyli böyüdülmüşdür. Bu, onlar üçün gözlənilməz bir sürpriz oldu. Çox çəkmədi ki, çıxışçı öz nitqində buna aydınlıq gətirdi. Bəyan etdi ki, 8 mənzilin hər birinin sahəsi nə az, nə çox, düz 30 kvadratmetr artırılıb. Başqa sözlə desək, hər bir ailəyə geniş bir otaq hədiyyə olunub. İndiyədək istifadə edilə bilməyən kanalizasiya sistemi də etibarlı şəkildə təzələnib. Sakinlər daha nə hamam, nə tualet problemlərini yaşamayacaqlar. Bəs bundan artıq nə ola bilər?!
Natiqi maraq və intizarla dinləyən bina sakinlərindən dülgər Səfi bir qədər narahatlıqla yanındakı qonşusuna pıçıldadı:
- Yəqin əlavə edilən nə varsa, hamısının xərcini bizdən alacaqlar hə?
- Ay qonşu, - deyə yanındakı şəxs dilləndi - bir səbrini bas... Kişilər gül kimi bina tikib verirlər bizə... Sən də başlamısan pulunu alacaqlar? Lap alsınlar. Yəni sənin pulun yoxdur? Neçə ilin ustasısan. Maşallah işin də başdan aşır.
Dülgər Səfi bərk qımışdı. Ağzını doldurub nəsə çölə tökmək istəyirdi ki, çıxış edən vəzifəli şəxs adamlar eşidib intizarda qalmasınlar deyə bir qədər ucadan səsləndi:
- Bütün bu sadalanan işlər dövlətimiz tərəfindən aparılıb. Bu bina, burada artırılan mənzillər, quraşdırılan yeni kommunal şəbəkə bizim sizə-siz sakinlərə bəxşişimizdir. Sağlıqla yaşayın, günləriniz xoş keçsin...
Və sonra cəmi bina əhlinin ürəyindən süzülüb gələn sevinc hisslərinin müşayəti altında mənzillərin açarları sahiblərinə təqdim olundu.
Yeni binaya, sonra isə evinə ayaq qoyan Mərdan uşaq sevinci ilə arxadan gələn ömür-gün dostu Gülbahara sarı çevrilib şaqraq səslə dilləndi:
- Hə, əzizim, bu da bizim üçotaqlı geniş mənzilimiz! Artıq Vüqarı evləndirməyin problemi öz-özlüyündə çözüldü. Sağ olsun dövlətimizi, min yaşasın! Daha kənarda ev axtarmağa ehtiyac qalmadı. Yığdığımız ev pulunu da toya, gəlinin qır-qızılına tutdurarıq.
Gülbahar, mən indi özümü çox rahat və xoşbəxt hesab edirəm. Və indi elçiliyə də getməyə tam hazıram.
Oğlumuzun bircə "hən" deməsi kifayətdir.

***
O hadisədən ötən bir neçə ay ərzində səkkiz ailənin beşinə gəlin gətirildi. Sevic sevincə qarışdı.