adalet.az header logo
  • Bakı 7°C
27 Iyul 2018 15:08
45721
GÜNDƏM
A- A+

Əbülfət MƏDƏTOĞLU:BİR QARDAŞ ŞƏHƏRDƏ

Azərbaycanda çəkilmiş və çox populyar olan bir film var. Filmin adlı da qəribədir elə özü kimi: «Bir cənub şəhərində».

Bu filmi elə-belə xatırlamıram. Çünki Azərbaycan coğrafi baxımdan Türkiyə ilə müqayisədə bir hissəsi cənuba aiddi, bir hissəsi isə şərqə. Bu cənub-şərq məsələsi mənim içimdə həmişə xoş bir ovqat yaradıb. Ona görə ki, cənubda Təbriz var, canımız-ciyərimiz olan Təbriz! Şərqdə Türkiyə var. Güvəndiyimiz, qardaşımız, millətimizin birinci ən böyük dövləti! Bax, ona görə də hər zaman ürəyim Təbrizə can atdığı qədər də Ankaraya, İstanbula, Trabzona can atıbdı. Təəssüf ki, bu yaşa qədər Təbrizi yuxularımda görmüşəm, yuxularımda gəzmişəm Təbrizin küçələrini. Amma xoşbəxtəm ki, İstanbulu, İzmiri, Trabzonu və Qara dənizin Türkiyəyə aid sahillərini ziyarət etmək, üz qoyub torpağını öpmək mənə nəsib olubdu. Düşünürəm ki, özünü türk sayıb məmləkətini sevən hər kəs bir millətin iki dövlətiylə ancaq qürur duymalı, ancaq güvənc hissiylə yaşamalıdır. Başqa yolu yoxdu. Biz millət olaraq öz kimliyimizi bu günə qədər necə qorumuşuqsa, bundan sonra da o cür qorumaq üçün birlikdə olmalıyıq. Bir-birimizlə həm kürək-kürəyə, həm ürək-ürəyə dayanmalıyıq. Onda türkün türkdən başqa dostu olmadığını hər kəs anlayacaqdır. Və bu hər kəsə «məmləkətim!» deyəndə, «çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına» deyəndə və nəhayət, «Bir bədəndə iki can, Türkiyə-Azərbaycan!» söyləyəndə ürəyi dünya boyda olan hər kəsin kimliyini də büruzə verir. Böyük Əhməd Cavadın millətə sevgisi, dövlətə sevgisi, məmləkətə sevgisi axır damarlarımızda, çırpınır ürəyimizdə. Və biz…


Bəli, hər dəfə səfərə hazırlaşanda ötən səfərlərimi, görüşlərimi xatırlayıram. Və istəyirəm ki, bu xatırlatma mənə növbəti görüşdə nələr edəcəyimi, kimlərlə görüşəcəyimi, haralarda olacağımı diktə etsin, pıçıldasın, işarə versin. Təbii ki, bu, mənim üçün bir növü gəzmək xəritəsinə çevrilib. Bilirəm ki, Trabzona bu səfərimdə nələri edəcəm. Tam səmimi deyim, bu şəhərə məni bağlayan və o şəhəri mənim şəhərimə çevirən dostum, ailə bağlılığı ilə könüldən bağlandığım Əhməd bəydi. Məhz onun sayəsində, yəni Əhməd Varolun timsalında mən Trabzonu kəşf etdim. Və gördüm ki, dağlara söykənib ayaqlarını Qaradənizlə yuyan bu şəhər gözəl olduğu qədər də qədimdi… qədim olduğu qədər də zəngindi… zəngin olduğu qədər də sirlidi…. sirli olduğu qədər də canlıdı, dinamikdi… Bax, bu çalarlar şəhəri ilk gördüyüm anda məni özünə elə bağladı ki, Bakıdan Trabzona qədər gəldiyim yol, çəkdiyim əziyyətlər, yaşadığım yorğunluq bir anda canımdan çəkilib getdi. Anladım ki, mən Qarabağa gəlmişəm… inandım ki, mən cənnətə düşmüşəm… sevindim ki, mən Trabzondayam… qardaşımın, dostlarımın, doğmalarımın yanındayam… Və beləcə, Trabzonun ən görməli yerlərində, ən dəyərli insanlarıyla görüşmək, onlarla çay süfrəsi başında oturub həmsöhbət olmaq, onları tanımaq və özümü onlara təqdim etmək mənə nəsib oldu. Allahın nəsib etdiyi bu xoşbəxtliyin içərisində mən Trabzonun Ortahisar Bələdiyyə başqanı avukat Əhməd Mətin Gənclə də həmsöhbət oldum. Bu tanışılığın əvvəli Əhməd Varolun oğlunun düyünündən başladı. Bir-birimizə təqdim olunduq, sonra başqanın dəvəti ilə onun məkanını ziyarət etdik, müsahibə götürdük, çayını içdik və «Ədalət» qəzetində də həmin müsahibəni oxuculara təqdim etdik.


Xalqımızın bir deyimi var: İnsan münasibət qurduqca, həm söhbət olduqca, bir-birinə diqqət göstərdikcə daha da doğmalaşır, daha da mehriban olur. Bu mənada mən Trabzonda həmsöhbət olub dostlaşdığım insanların iç dünyalarını görmək fürsəti qazandım. Baxdım ki, bu insanlar öz soyköklərinə, öz şəhərlərinə o qədər yaraşırlar ki, bu şəhərlə o qədər bir-birlərini tamamlayırlar ki, onları bir-birindən uzaqda təsəvvür etmək mümkün deyil. Şəhərləri kimi özlərinin dünyaları da gözəldi. Bu gözəl dünyanın ən vacib elementlərindən, xüsusiyyətlərindən biri onların savab sahibləri olmalarıdı. Yəni buradakı insanlar müsafirə, imkansıza, kimisəsizə, ehtiyacı olana qarşı o qədər həssas, o qədər diqqətlidirlər ki, onu ifadə etmək mənim üçün çox çətindir. Təkcə mənə, mənim ailəmə, doğmalarıma göstərdikləri qayğını, diqqəti faktlarla yazsam, az qala bir kitablıq mövzu olar. Təsəvvür edin ki, doğulduğun evdən, eldən uzaqda qonaq olan insana yatacaq, yeyəcək diqqəti, gəzib görmək şəraiti əgər maddiyata çevrilsə, nə qədər məsrəf edir. Bunu qarşılıqsız, təmənnasız etmək hər kəsin nə gücündə deyil, nə də gücü olanın ağlından gəlib keçmir. Amma bunu mən Trabzonda həm dostum, qardaşım Əhməd Varolun, həm başqan Əhməd Mətin Gəncin, həm uzman doktorlarımız Mustafa Gökcənin, Orhan Özgürün, Adnan Çalığın, Hüseyn bəyin, həm cami hoca İbrahim Məzlum qardaşımın, həm iş adamı dəyərli Həyati bəyin, həm səxavətli Rəcəb abinin, Hacı babanın timsalında təkrar-təkrar gördüm. O zaman da, bu gün də şahidiyəm ki, Trabzondakı dostlar, doğmalar savab iş görmək üçün, xeyirxahlıq göstərmək üçün doğulublar. Bu insanlar mənim və doğmalarımın qayğısına o qədər həssaslıqla qalıblar ki, mən onu minnətsiz, çəkinmədən, az qala hardasa öz haqqım kimi qəbul etmişəm. Çünki bunu edənlər qardaşlarım olubdu, dostlarım olubdu. Əgər alınan dərmanların, edilən müalicənin haqqını, yəni pulunu kişiyana, ürəklə, ağlına heç nə gətirmədən kimsə ödəyirsə, bunun savabını ölçmək, çəkmək, ifadə etmək mümkünsüzdü. Bunun ölçüsü, çəkisini və savabının dərəcəsini yalnız Allah bilir!..


Əgər Azərbaycanda bir yataq xəstəsi üçün dava-dərmandan tutmuş gərəkli olan hər bir vasitəyə qədər, xüsusilə əlil arabasına qədər təmənnasız göndərilirsə və onun müalicəsi davamlı şəkildə izlənilirsə, gərək olan hər bir addım atılırsa, bunu necə unutmaq, bunu necə görməmək mümkündür?! Üstəlik, müsəlman dünyasının ən əlamətdar bayramlarında bir qardaş sevgisiylə bayram hədiyyələri, bayram sovqatları göndərmək! – Bunu düşünmüsünüzmü heç?! Sizi deyə bilmərəm, mən şəxsən bunu 10-15 il öncə düşünməmişdim və düşünməyi heç ağlıma da gətirməmişdim. Amma bu gün Trabzonda başqanım Əhməd bəyin, qardaşım muxtar Əhmədin, doktorum Mustafa Göycənin, iş adamı Həyati bəyin timsalında mən anladım ki, ürəyi dünya boyda olan, insanlığı ürəyi tutumda olan və əməlləri yalnız uca Allahın tövsiyəsi, yazısı olan insanlar yaşayır Trabzonda. Bu insanlar həm öz şəhərlərinə, həm öz həmyerlilərinə, həm öz qonşularına, həm də ehtiyacı olan hər kəsə böyük insan sevgisiylə diqqət yetirirlər. Özü də qarşılığını gözləmədən, ummadan!..


Bəli, Trabzonda olduğum hər səfərdə mən böyüyən, yeniləşən, günbəgün gözəlləşən bir şəhərlə qarşılaşıram. Özü də maraqlı burasıdır ki, bu gözəlləşib gəncləşən şəhərdə tarixə aid olanları elə mükəmməl bir şəkildə qoruyurlar ki, necə deyərlər, üstünə toz da qonmur. Çünki bu şəhərin Bələdiyyə başqanı vəkil Əhməd Mətin Gənç aid olduğu komandada, yəni başqanımız Rəcəb Tayib Ərdoğanın yanında dayanan, ona sədaqətlə yoldaşlıq edən bir türk oğlu türkdür! Bu insanın amalı Trabzonu hər gün gəncləşdirmək, hər gün gözəlləşdirmək və hər gün də trabzonluların hər birinin yanında olub qayğısına qalmaqdır. Bu adamı günün istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq bəzən ağ xalatı çiyninə salaraq palatada xəstə ziyarətində, bəzən yeni doğulmuş uşağın valideynlərinə gözaydınlığında, bəzən yaşlı bir ağsaqqalın ziyarətində əlini öpərkən, bəzən ayağında rezin qaloşla (çizmeli) yol tikən fəhlələr arasinda, bəzən başında qoruyucu papaq tikinti işçiləri ilə, bəzən nikah mərasimlərində, bəzən isə kimsəsiz uşaqlar arasında, cənazə namazlarında görmüşəm.


Bəzən harasa, hansısa bir işin dalınca özünü məcbur edib, necə deyərlər, zorla çəkib aparırsan. Amma mən Qarabağın dağlıq hissəsini, doğulduğum bölgəni mənə az qala nöqtəbənöqtə xatırladan Trabzona getməyi düşünəndə, bu səfərə hazırlaşanda yerimək, yüyürmək yox, az qala qanadlanıb uçub getmək istəyirəm. Çünki bura mənim şəhərimdi… çünki bura bir qardaş şəhəridi… Və bir də bu şəhərdə qəribliyin nə olduğunu düşünmürəm. Eləcə şəhərin küçələrini gəzib dolaşıram, Qara dənizin sahili boyu gəzirəm, yüksəkliklərə qalxıram, camilərdə, çay evlərində hər kəslə rahatca söhbətləşirəm və tez-tez də özümün doğulduğum ərazinin yüzə yüz oxşarı olan yerləri göstərib oradakı dostlarıma Qarabağdan danışıram. Və nəhayət, Qarabağda yazdığım şeirlərimin davamını Trabzonda kağıza köçürürəm.


Və hər şeirimi yazıb bitirəndə pəncərədən özünü az qala içəri atan yaşıl budaqları, rəngarəng çiçəkləri gözlərimlə öpürəm. Çünki bu şəhərdə bir orman mənzərəsi də var. Az qala hər adambaşına bir çiçək, bir ağac boy verir Trabzonda. Ona görə də bu şəhər yaşıl adaya bənzəyir. Onu da yaradan trabzonlular və bir də bu şəhərin av. Ahmet Metin Genç kimi səlahiyyət sahibləridir. Yəqin ki, nə vaxtdan bəri ürəyimdən keçən Azərbaycanın bir guşəsiylə Trabzonun qardaşlaşmış şəhər olması ideyası bir gün çiçək açacaq, gerçəyə çevriləcəkdir. O zaman bir-birimizidən öyrənməli çox məqamlar da reallığa çevriləcək.



… Hə, hazırlaşıram səfərə… Bir neçə gün qalıbdı. İnşallah, bu dəfə gördüyüm yenilikləri növbəti yazımda, yəni geriyə qayıdandan sonra oxucularıma çatdıracam.