adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2018 09:26
16123
GÜNDƏM
A- A+

SÖZÜN VƏTƏNDAŞLIQ QAYƏSİ

Balayar Sadiq

Söz bir qapıdır. Bu qapıdan keçmək üçün qapını döymək lazım deyil. Döyülməklə açılmır bu qapı; duyumla, duyğuyla açılır. Duyğusu, duyumu olmayan bu qapıda işi yoxdur. Dünya yaranandan bəri sözlər qapıların, qapılar sözlərin alın yazısıdır.
İnsan ömrü də söz kimi bir qapıdır. Zaman-zaman, fəsil-fəsil açılır; gah sevincin, gah kədərin, dərdin üzünə...
Bu duyğu və düşüncələr içində istedadlı şair Aynur Yasəmən Qarabağlının poetik dünyasının qapısını açıram. O, artıq iki şeir kitabının müəllifidir.
İnsan dühasının ən böyük tapıntısı və insan həyatının ən dəyərli xəzinəsi sözdür. Sözün təbiətinə xas olan keyfiyyətlər çeşid-çeşiddir. Bədii sözün mahiyyəti daha təravətli və çoxmənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, estetik keyfiyyətləri ilə dolğun məzmun kəsb edir. Bu mənada bədii təfəkkürün, ədəbi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətin gücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətli təcəssümündədir.
Aynur Yasəmənin şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərindən deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik "mən"in əhval-ruhiyyəsini təbii və səmimi poetik boyalarla canlandırmasındadır. Şairin lirik qəhrəmanı həssas müşahidə qabiliyyətilə həmin proseslərdə fəal iştirak edir. Onun poeziyasında yurd sevgisi, vətənsevərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşa qayıdış duyğusu, böyük önəm daşıyır.
Şairin vətən ətirli şeirlərində Qarabağ ağrısı, yurd həsrəti məxsusi bədii detallarla əks olunur.
"Əsgərim" şeirinin misralarında bu fikrin poetik ehtivası diqqət cəlb edir:

Yaz gəlib o yerlər laləzər olub,
Meşəsi, çəməni gülüzar olub.
Çiçəyi, yağıdan lap bezar olub,
Bu qədər dözməyə qoyma, əsgərim.

Yurd-yuvamın havasına möhtacam,
Torpağı al, səcdəsində duracam.
Dizlərimi yollarında yoracam,
Ümidi üzməyə qoyma, əsgərim,
Bu köçkün bacına qıyma, əsgərim.

bu misralarda həyat həqiqətlərinin bədii həqiqət müstəvisində uğurla inikasını görürük. Şairin əksər şeirlərində milli-mənəvi dəyərlərin sevgi, məhəbbət duyğularının tərənnümü səmimi ovqat aşılayır. Vətənpərvərlik ruhu Yasəmənin şeirlərinin alın yazısıdır. Şairin bir qism şeirlərində yurd yanğısı ilə yanaşı qəhrəmanlıq, cəsurluq duyğuları bədii müstəvidə poetik ifadəsini tapır.
Hər bir insanın şəxsi taleyi olduğu kimi, hər şeirin də öz taleyi var. Bir də var, şairin taleyi. Şairin taleyi onun şeirlərinin taleyidir.

Düşmən həbs elədi bahar, yazımı.
Qıfılbənd eylədi xoş avazımı,
Aşıqlar götürsün dərdli sazımı,
Xocalı hayıma bir ağı desin.

Nisgilli görünür Murov yaylağı,
Zəngilan, Qubadlı, Fizuli dağı,
Həsrətdən quruyub cağlar bulağı,
Qızlar bulağıma bir ağı desin.
Aynur Yasəmənin istifadə etdiyi bədii təsvir vasitələri ilə təsvir etdiyi surətin duyğu və düşüncələrini, daxili ovqatını və psixoloji məqamını şəraitə uyğun daha təsirli şəkildə üzə çıxardır.
"Sırxavənd " şeiri vətəndaşlıq yanğısının bədii mənzərəsini təqdim edir:

Kaş səndə bitəydi bu ömür payım,
Dünyaya yayılsın Vətən harayım,
Sənsiz keçirdiyim hər ilim, ayım,
Yandırdı sinəmi, yaxdı, Sırxavənd.

Borcumu qaytara biləydim sənə,
Sən də anam qədər şirinsən mənə.
Ən gözəl toy büsat, adət-ənənə,
Elə sənli gündə qaldı, Sirxavənd.

Bu misralar Aynur Yasəməni vətəndaş şair kimi səciyyələndirərək, həm də onun vətəndaşlıq qayəsinin daha dərin mətləblərdən soraq verdiyinə şahidlik edir.
Hər bir bədii kitab müəllifin duyğu və düşüncələrinin ədəbi müstəvidə inikasıdır. Məlumdur ki, şair kitabdan-kitaba öz yaradıcılıq dünyasının sərhədlərini genişləndirməli və yeni poetik ovqatı ilə oxucu marağını qazanmalıdır. Poetik topluların başqa bədii kitablardan fərqli cəhətləri də var. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlə də müəllifin poetik gücünü, iqtidarını görmək mümkündür. Bəzən bir şeir bütöv bir yaradıcılığın, bir şair taleyinin poetık indeksinə çevrilir və bu uğur müəllifə sənətkar etiketi qazandırır. Tutduğu vəzifə mövqeyindən, qazandığı titullardan, fəxri adlardan asılı olmayaraq hər bir şair şeirindən, misrasından boylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıca məharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərə bilməsidir. Digər ədəbi janrlar kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsi şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür.
Mahiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri, "köhnə" mövzulara da öz poetik nəfəsi ilə yeni ruh verə bilir, məhz poetik ruhun canlılığı, təravəti şairin özünəməxsusluğunu şərtləndirən amillər sırasındadır.
"Vətən həsrətli ömür" kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sənət müstəvisində əyaniləşməsidir. Aynur Yasəmənin şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlif mövzularda yazılan şeirlərini səmimiyyət, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğularının təbliği, saf sevgi kimi amillər birləşdirir. Bütün bu məziyyətlər onun sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər, həm də sənətə həvəslə yiyələnməsinə zəmanət verir.
Şairin ədəbi uğurunu şərtləndirən cəhətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən vara bilməsi, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə bağlılığı, milli özünüdərk mövzularına daha dərindən vaqif olması diqqətdən yayınmır.
Onun şeirlərində yalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır. Aynur Yasəmən Qarabağlının poetik nümunələrində Vətən,insan, təbiət və zamanla bağlı fikir və düşüncələr təqdim olunan mahiyyətin mühüm tərkib hissəsi kimi üzə çıxır.
Vətən sevgisi, yurd məhəbbəti onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Özünəməxsus obrazlar yaratmaq bacarığı, sözü yerində və ustalıqla işlətmək məharəti, həmçinin sadə deyimlə zəngin poetik məna ifadə bilməsi onun sairlik xüsusiyyətini əyaniləşdirir.

Əsir qalan torpağı yağıdan almaq üçün,
Şuşada, Xankəndidə qələbə çalmaq üçün.
Qarabağtək cənnətdə əbədi qalmaq üçün,
Qarabağ tərəflərə yol aç, cənab komandir.
Kitabdakı şeirlərin önəmli məziyyətlərindən biri də Vətən həsrəti ile yanasi, insanın mənəvi dünyasının, hisslər, duyğular aləminin həssas və zərif ifadə olunmasıdır. Bu poetik nümunələrdə lirik qəhrəmanın yaşadığı yurd agrisinin dərinliyi ile,bəraber eşqin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravətli şairin poetik bacariginin ehtivasıdır.
Şairin poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində, lirik "eqo"nun əhval-ruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.
O, dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Aynur Yasəmənin yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna ugurlu yaradıcılıq səciyyəsi daşıyır.
Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Kitabdakı şeirlərində vetenin qehreman ogullarinin ,sadə insan ləyaqətinin tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfı mündəricə gətirir.
Bu poetik nümunələri mövzusundan asılı olmayaraaq daxili bir bədii məntiq, ümumi bir məna birləşdirir. Aynur Yasəmənin şeirlərində insana inam və etibar motivi güclü olduğu üçün, bu məziyyət şeirlərinin bədii siqlətinə nikbin əhvali- ruhiyyə, işıq və hərarət qatır.
Aynur Yasəmən Qarabağlının rəvan və təbii üslubu, şeirlərinin vəzn, bölgü, qafiyə və poetik strukturun digər elementlərindən məharətlə istifadə etmək bacarığı onun yaradiciligini şərtləndirən keyfiyyət kimi önəmli səciyyə daşıyır. Poetik yükündən bədii mahiyyətindən asılı olmayaraq, Aynur Yasəminin bütün şeirlərindən Vətən ətri gəlir, nəciblik, məhəbbət, halallıq qoxusu duyulur. Bu şeirlərdə insanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun və ləyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük diqqət verilir. Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü gətirir.
Məlumdur ki, lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur. Aynur Yasəmənin şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq mövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii-estetik idealının müəyyənləşməsində, formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən biri onun müasirliyidir, yəni şair müasir həyatımızın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində sıxan anları poetik məzmunda ehtiva edərək, onu yeni-yeni məna çalarları ilə zənginləşdirir.
Onun şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma janrının ahəng və ritmində, bədii təsvir vasitələrində nəzərə çarpır. O, insan mənəviyyatının qüdrət və gözəlliyini tərənnüm edəndə də, doğma yurdu vəsf edəndə də, elin adət-ənənələrindən yazanda da kolorit zənginliyi diqqəti cəlb edir.
Şair bəzən bir bənddə lakonik poetik detallarla oxucu xəyalında orijinal lövhələr canlandıra bilir. Onun bir sıra şeirlərində mürəkkəb psixoloji vəziyyətlər, anlar və duyğular, hisslər aləmi çox zərif və dəqiq ifadəsini, bədii həllini tapmışdır. O, bədii dilin estetik gözəlliyinə, emosionallığına məsuliyyətlə yanaşaraq, məzmuna uyğun forma rəngarəngliyindən səriştəylə istifadə etməyi bacarır. Aynur Yasəmənin yaradıcılığında mənəvi-əxlaqi zənginliyin harmoniyası vardır. Bu mənada o, daim inkişaf edən həm forma və məzmun əlvanlığı, həm də poetika baxımından kamilləşən şairdir.
Bəllidir ki, bədii sənətin gücü böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə, səmimi və təravətli ehtivasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii-sözün məna çalarlarını, dilin incəliklərini duymağı, poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələb edir. Bütün bu məziyyətlər şair Aynur Yasəmənin yaradıcılığında öz əksini tapmışdır.
"Vətən həsrətli ömür" şeirlər kitabını şairin yaradıcılıq nailiyyəti kimi səciyyələndirmək olar. Söz sənətinin çətin və şərəfli yollarında şairə yeni uğurlar diləyirəm.