adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyul 2018 09:06
4756
GÜNDƏM
A- A+

Ədaləti həyat kredosuna çevirən adam

Azərbaycan Prokurorluğu - 100

Ələmdar Məmmədov,
keçmiş prokuror

(əvvəli ötən sayımızda)

İnanılması zor olsa da, bütün məhkəmə salonu, o cümlədən müttəhimlər belə, ayağa qalxıb mənim bu riskli qərarımı gurultulu şəkildə alqışladılar. Baxmayaraq ki, mən onlara əslində az cəza istəməmişdim. Lakin ədalətin "kəsdiyi barmaq" ağrımamış və mənim müttəhimlər arasındakı qadına humanist yanaşmağım onları da sevindirmişdi.
Məni bu cür riskli qərar verməyə, hətta yüksək vəzifəli şəxslərin tövsiyəsini qulaq ardına vurmağa sövq edən, öz daxili aləmim və İlyas müəllimə olan dərin inamım idi. Bilirdim ki, bu böyük insan Azərbaycan qadınının həbsxanaya düşməsinə razı olmayacaq və atdığım bu addımı bacardığı qədər dəstəkləyəcək. Ona güvənib riskli addım atan prokuror təkcə mən deyildim, İlyas müəllimin ədalətli mövqeyi mənim kimi bütün həmkarlarıma eyni cəsarəti verirdi.
İlyas müəllimin humanistliyindən başqa bir nümunəni nəzərinizə çatdırmaq istəyirəm.
1986-cı ilin iyul ayında ümumi nəzarət qaydasında Cəlilabadda 4 mağazada eyni vaxtda yoxlama aparmışdıq. Bir mağazada 14 min manat çatışmazlıq aşkar olunmuşdu. Həmin mağazanın müdirinə CM-nin 88-1 maddəsi ilə (xüsusi ilə külli miqdarda talama) ittiham elan olunaraq, barəsində həbs qəti-imkan tədbiri seçilmişdi.
İşə Ali Məhkəmənin məşhur hakimi Cabir Kərimovun sədrliyi ilə baxılırdı. Məhkəmənin sonunda soruşdum ki, "Cabir müəllim, müqəssirə Cinayət Məcəlləsinin 40-cı maddəsini (qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etmə) tətbiq etmək olarmı?" Cabir müəllim bildirdi ki, "Sən nə desən onu edəcəyəm, amma öz rəhbərini xəbərdar et". İlyas müəllimə zəng etdim. Vəziyyəti ona danışdım. Soruşdu ki, "Nə zərurət var?". Tam səmimiyyətlə dedim ki, "Moskvadan tutmuş İmişliyə, Cəlilabada qədər tələbə yoldaşlarım, tanış-bilişlərim hamısı bu işdən ötərü telefon açır, məndən müttəhimin ailə vəziyyətini, 6 azyaşlı uşağının olmasını nəzərə almağımı xahiş edirlər". CM-nin 40-cı maddəsini tətbiq etmək istədiyimi eşidəndə bir anlıq duruxdu, sonra 86-cı maddənin 3-cü hissəsinin minimum həddini tələb etməyimi məsləhət bildi. Bu isə 6 il cəza demək idi. Xatırladım ki, SSRİ-də 63-64-cü illərdə 10 min manatdan yuxarı mənimsəmə faktına görə 500-ə qədər adamı güllələmişdilər. Onlardan 20-30 nəfəri də Azərbaycandan idi.
Bir çoxları onun ciddiliyindən və sərtliyindən də danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İsmayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nəticəsində törənən hadisələrə qarşı isə humanist idi.

Mənim iştirak etdiyim
ilk kollegiya iclasında

İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. "Toplardan sərçələrə atəş açmayın!" - səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təxminən, belə idi: "Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla işiniz olmasın!"
İlyas müəllimin bu gün də aktual olan bu tələbi hüququn aliliyi prinsipinin təməllərini təşkil edir. Ədalət- hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməlinə qanunun tələbinə uyğun layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuzluğa sürükləyənlər cəzalanmalıdırlar.
Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun dövründə Azərbaycan hüquq sistemində cinayət işlərinə xitam verilməsinin sayı da artmışdı. Halbuki, o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işlərinini xitam edilməsi 20%-i keçdiyi halda, bizdə buna yol verilmirdi. Kiçik məbləğlərə görə, insanlar məhkum edilirdilər. Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının bu ənənəsi Stalin repressiyasının davamını xatırladırdı. İlyas İsmayılovun islahatları sayəsində bu repressiv ənənənin də qarşısı alındı.
1983-cü ildə Masallıda prokuror köməkçisi olarkən qarşılaşdığım bir hadisə bunun ən baruz nümunəsidir. Hadisənin qısa məzmunu belədir.
Rayon sakinlərindən biri Neft Daşlarında işləyirdi. O, həm də sovxozda manqa başçısı idi. Ayın 15 gününü Neft Daşlarında, digər 15 gününü isə sovxozda işləyirdi. Neft Daşlarında olduğu zaman onun işini əmisi oğlu görür və sənədləşdirməni birgə aparırdılar. Hüquq- mühafizə orqanları həmin manqa başçısının fəaliyyətini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdılar. Ona qarşı cinayət işi başlanması tələb olunurdu. Materialla tanış olub, cinayət işi başlamağı rədd etmək qərarına gəldim. Çünki hadisədə cinayət tərkibi yox idi. Uzaq başı, bu əməl mülki-hüquqi məsələ kimi həll olunmalıydı.
Mənim imtinamı görüb prokurorun özü CM-nin 86 maddəsinin 2-ci hissəsi ilə (təkrarlıq) cinayət işi başladı. Savadlı bir hakimimiz vardı, o, işi əlavə istintaqa qaytardı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika Prokurorunun müavini idi. Bu işdən xəbər tutan kimi həmin hökmdən Ali Məhkəməyə protest verərək işin əlavə istintaqa qaytarılmasına nail oldu. Nəhayət, prokuror həmin şəxsi 80 manat mənimsəmə ilə məhkəməyə verdi. İlyas müəllim Respublika Prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri həmin prokuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.

Yaxud başqa bir fakt

1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.
Mən İlyas müəllimə telefon açdım. İşi məruzə etdikdən sonra zərərçəkmiş özü olduğuna görə, (qanunda bu nəzərdə tutulmamışdır) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi. Dedi:
- "Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir".
Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu da həmin dövrdə görünməmiş hadisə idi. Cəlilabada yeni Prokuror təyin olunmuşdum. İcraatı dayandırılmış işləri yoxlayarkən bir avtoqəza diqqətimi cəlb etdi. Bir kişi üçtəkərli motoskletlə arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə motoskletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, arvadın kəlayağısının ucu kardana ilişdiyindən boğulub ölüb.
Avto-texniki ekspertizanın rəyinə əsasən sürücü təqsirli bilinirdi, ona görə ki, motoskletdə sərnişin başına kaska qoymalı idi. Meyit daxili müayinə olunmadığına görə CM-nin 208 m 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdı. Mən İlyas müəllimə məruzə etdikdən sonra sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmaması motivi ilə cinayət işinin icraatına xitam verdim.
Ümumiyyətlə, İlyas müəllim bir neçə ağır cinayətləri çıxmaq şərti ilə bütün hallarda güzəşt etməyi bacaran prokuror idi.

İlyas müəllim kövrək qəlbli və canı yanan insan idi

Xidməti işimlə əlaqədar Respublika Prokurorluğuna getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diqqətlə baxdıqda tanıdım- Səmayə xanım idi. Səmayə xanım bizdən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini, lakin vakant yer yoxdur deyə imtina edilməsi barədə kadrlar idarəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. "İlyas müəllimə müraciət etmisənmi?" - deyə, soruşduqda, "Ona müraciət etməmişəm", - dedi.
Mən riski boynuma alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. "Burda gözlə", dedim- "İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq". Mən Səmayə xanımı orada qoyub, tez uzaqlaşdım. 15 gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.
Qrup yoldaşım Əlizaman Dövlətov universiteti əla qiymətlərlə qurtarmışdı. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan olunmuş və 6 ay sınaq müddəti təyin edilmiş, lakin 6 aydan sonra attestasiyadan keçməmişdi. Prokurorluq orqanlarından xaric olunmaq təhlükəsi var idi.

Məsələ Respublika
Prokurorunun yanında
müzakirə olunmalı idi

Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məsləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın. (Əlizaman atasız böyümüşdü. Tələbəlik illərində pensiyaçı anası ona cüzi miqdarda pul göndərirdi. Yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi.
İlyas müəllim işçilərini kənar müdaxilərdən qoruyan rəhbər idi. Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayon Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsadət qaldırılmışdı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar.
Hətta Mərkəzi Komitənən 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmayaraq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişdi. Belə misallardan çox gətirmək olar.
İlyas müəllim həm də qayğıkeş rəhbər idi.
1986-cı ilin noyabr ayında Respublika Prokurorluğunun Təşkilat-nəzarət şöbəsinin rəisi İdris Əsgərov telefonla mənə bildirdi ki, həftənin 6-cı günü seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub.
Seminara 2 gün qalmış xəstələndim. Həftənin 5-ci günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.
Bazar günü idi. Saat 11:00 radələrində evdə yataqda olarkən şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Prokuroru danışacaq. Düzü həyəcanlandım, fikirləşdim ki, seminar-müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. İlyas müəllim dedi ki, "10 günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım olsa, Səhiyyə Nazirindən xahiş edərəm". Mən çox mütəəssir oldum və dedim ki, "İlyas müəllim, söz verirəm ki, bir daha xəstələnməyəcəyəm".
(ardı gələn sayımızda)