adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Iyul 2018 00:31
13231
ƏDƏBİYYAT
A- A+

Sumqayıtda Əşrəf Veysəllinin 80 yaşı qeyd edilib

Bu günlərdə Sumqayıt Poeziya Evində Şəhər İcra Hakimiyyətinin və Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, şair-publisist Əşrəf Veysəllinin 80 illik yubileyi və yeni nəşr olunmuş "Qəbuluna yazılmışam Allahın" adlı kitabının təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Əşrəf Veysəllinin ömür və yaradıcılıq yolundan geniş söhbət açaraq, Sumqayıtda ədəbi mühitin formalaşmasında onun xüsusi xidmətlərinin olduğunu diqqətə çatdırıb, yubilyara həsr etdiyi şeirini oxuyub və onu sumqayıtlı yazarlar adından təbrik edib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov şair Əşrəf Veysəllini başçı Zakir Fərəcovun adından təbrik edərək, ona şəhər icra hakimiyyətinin hədiyyələrini verib. Yazıçı Seyran Səxavət yubilyara Azərbaycan Yazıçılar Birliyinin "Fəxri Fərman"ını çatdırıb və Əşrəf Veysəlli ilə bağlı gənclik xatirələrini söyləyib. Füzuli rayonunun sabiq icra başçısı Nəbi Muxtarov Əşrəf Veysəllini Qarabağın yetirdiyi ən böyük şairlərdən biri kimi dəyərləndirib. Şair Ramiz Rövşən Ə.Veysəllini yubileyi münasibəti ilə təbrik edərək şairin yaradıcılığındakı səmimiyyətdən söz açıb və onun şərəfinə bir şeir oxuyub. Filologiya elmləri doktorları Vaqif Yusifli və Rafiq Yusifoğlu Əşrəf Veysəllinin yaradıcılığının özəlliklərindən danışıblar. Yazarlardan Umud Rəhimoğlu, Rauf Zeyni, Fərqanə Mehdiyeva, Qənirə Mehdixanlı, Arzu Nehrəmli, Zümrüd Baloğlanova, Aygün Yaşar tədbirdə çıxış edərək yubilyara xoş arzularını bildiriblər.
Aşıqlardan İlham Aslanbəyli və Elməddin Məmmədli, Əməkdar artist, bədii qiraətçi İzaməddin Bağırov, xanəndə Təşkilat Nəsirov şairin sözləri əsasında ifalar səsləndiriblər.

Elvin ƏLİZADƏ
Əli Kərim adına
Poeziya Evinin kütləvi tədbirlər üzrə təşkilatçısı