adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Iyul 2018 00:27
19074
ƏDƏBİYYAT
A- A+

GÜL GECƏLƏR AĞLAYIR

Səhər çağı bağçada,
Xoş ətirli bir gülün,
Şeh deyil, göz yaşıdır,
Yanağında gördüyün,
Gül gecələr ağlayır!

Gecənin qucağında,
Zərif boynu bükülür,
İz qoyur yanağında,
Göz yaşları tökülür,
Gül gecələr ağlayır!

Sarıya çalır rəngi,
Az qalır ki, quruya,
Sübhəcən solğun, qəmgin,
Həsrət qalıb arıya,
Gül gecələr ağlayır!

Zəka, xoşdur düz ilqar,
Sənin də öz gülün var,
Səndən ayrı düşən yar,
Bil, gecələr ağlayır,
Gül gecələr ağlayır!

GƏLDİM

Mən eşqin sarayında
Gecəni qaldım, gəldim,
Əlimi yar qoynuna,
Gizlicə saldım, gəldim!

Daddım hər nübarından,
Keçdim dünya varından,
Bu eşqin bazarından,
Bir cüt nar aldım, gəldim!

Bir səbəb var, yanmağa,
Yetər, dəli olmağa,
Eşq havası çalmağa,
Təzə tar aldım, gəldim!

GET, YAŞIN ÇATMIR HƏLƏ

Ömrün əlindən tutub,
Ucalmağa getmişdim,
Ucalıq söylədi ki,
Get, başın çatmır hələ.

Boylandım, sola, sağa,
Dedi: çəkil qırağa,
Eşq dəryası olmağa,
Göz yaşın çatmır hələ.

Ömrü yarı eylədim,
Qocalığa teylədim,
Qocalıq da söylədi:
Get, yaşın çatmır hələ.

UTANIRAM

Eylədiyim hər səhvi,
Bir günahım sanıram,
Kimsə bilməsə belə,
Özümdən utanıram!

Mənim səhvlərim hərdən,
Üzə duranda dən-dən,
Qəlbimdəki təpərdən,
Dözümdən utanıram!

Aparar yollar məni,
Gah sağlar, sollar məni,
Qınayar, danlar məni,
Sözümdən utanıram!

Soluram, sozalıram,
əriyir, azalıram,
yanıram, köz oluram,
közümdən utanıram!

Səhv - adamutandıran,
Xatırladıqca hər an,
Yolumu nurlandıran,
Gözümdən utanıram!

Ey qəlbinə dəydiyim,
Təkcə sənsən sevdiyim,
Üzünə söykədiyim,
Üzümdən utanıram!

YOXSA, SƏNMİYDİN?!

Bağçamıza bir səhər,
Ağ göyərçin gəlmişdi,
Yoxsa, sənmiydin?
Qızılgül qönçə-qönçə,
Açıb çətirlənmişdi,
Yoxsa, sənmiydin?!

Bürünmüşdü hər tərəf,
Gülə-çiçəyə yenə,
Dünya başqa biçimdə,
görünməkdəydi mənə,
Üfüqdə doğan Günəş,
Çox bənzəyirdi sənə,
Yoxsa, sənmiydin?!

Sənli xatirələrin,
Yaddaşımda izi var,
Ayrılığın, həsrətin,
Sonam, nə boz üzü var?
Bir qız gördüm həmin gün,
Gözləri xumar-xumar,
Yoxsa, sənmiydin?!

Hardasa şirin vüsal,
Nəğməsi çalınırdı,
Ürəyim çıtır-çıtır,
Alışırdı, yanırdı,
Elə bil ki, astadan,
Bir qız məni çağırdı,
Yoxsa, sənmiydin?!

DÖNSÜN

Mənə gülüşündən bir çiçək göndər,
Qoxlayım, könlümdə nəğməyə dönsün.
Elə alışım ki, elə yanım ki,
Ürəyim yanıqlı bir neyə dönsün.

Mənim məhəbbətim bəlli yaşdadır,
Qara gözlərdədir, qara qaşdadır,
Şehli öpüşlərin dadı başqadır,..
Yanağın allanıb, laləyə dönsün.

Ağlım, huşum gedib, sənə uyunca,
Yürüdüm yollarda, bir eşq boyunca,
İçim gülüşünü, içim doyunca,
Badəmdə eşq adlı bir meyə dönsün.

Bu eşqin yükünü birgə daşıyaq,
Ətirli gülünü sevək, oxşayaq,
Qıyma, ayrı düşək, ayrı yaşayaq,
Qoyma, xoş avazım naləyə dönsün.

ÜŞÜDÜR

Məni şaxta, boran yox,
Bir üzü sərt üşüdür,
Yolumu qışa salıb,
O nazlı fərd üşüdür.

İnanıb vəfasına,
Dözürəm cəfasına,
Bu eşqin havasına,
Oynamaq dərd işidir,

Sancıb ürəyimə ox,
İşvəsi çox, nazı çox,
Heç də təzə deyil, yox,
Bu, köhnə vərdişidir.

Batırıb yasa yenə,
Zülmünün hesabı nə?
Bu eşqin əzabına
Dözmək bir mərd işidir.

Zəka, güvən özünə,
Çox inanma sözünə,
Maska taxıb üzünə,
Səni namərd üşüdür!
İÇİMDƏ

Ara-sıra çay kimi,
Soğuluram içimdə,
Duyulmaz haray kimi,
Boğuluram içimdə.

Ruhum didərgin olur,
Zülmətə sürgün olur,
Olur ki, hər gün olur,
Qovuluram içimdə.

Nə əl oldum, nə ətək,
Nə bal oldum, nə pətək,
Qurumuş bir yarpaq tək,
Ovuluram içimdə.

Ömür şirin pay kimi,
Bir eşq ürək hakimi,
Mən təzədən Ay kimi,
Doğuluram içimdə.


ÜRƏK DƏ BİR DÜNYADIR

Ürək də bir dünyadır,
Gecəsi, gündüzü var,
Cənnəti, cəhənnəmi,
O üzü, bu üzü var.

Sakini arzulardır,
Onda min arzu vardır,
Hərdən qəmdir, qübardır,
Şaxtası var, buzu var.

Bu bir dəli sevdamı?
Hisslərimə eşq damır,
Elə alışıb-yanır,
Alovu var, közü var.

Dilə, hər nə dilərsən,
Gah ağlar, gah gülərsən,
Bir qalxar, bir enərsən,
Yoxuşu var, düzü var.

Tablamaz ağır dərdə,
İnləyər pərdə-pərdə,
Getmə, dayan bu yerdə,
Zəka, sənə sözü var.


MƏNƏMMİ?

Sən ki, özün bu sevdada uduzdun,
Günahkarı mənəmmi?
Neyləyim ki, ayrılıqlar quduzdu,
Sitəmkarı mənəmmi?

Bu sevgimiz gələr olsaydı haqdan,
Heç vaxt məni qınamazdın nahaqdan,
İndi məhzun boylanırsan uzaqdan,
Səbəbkarı mənəmmi?
Dilimdə bir şirin nəğmə kimiydin,
Səsimin həm zili, həm də bəmiydin,
Bu sevginin budağını kim əydi,
Fitnəkarı mənəmmi?

Şahiniydim bir eşqin zirvəsinin,
Heyranıydım, gül qoxan nəfəsinin,
İndi söylə, bu hicran nəğməsinin,
Bəstəkarı mənəmmi?

Dayanmısan, yolum üstə hələ də,
Mən ki, sənə daha yaxşı bələdəm,
Öz eşqimin qapısında kilidəm,
De, əfkarı mənəmmi?


BƏZƏNİR

Qarşıdan gələn gözəlin,
Nazıyla yollar bəzənir,
İpək kimi gur saçları,
Tökülür, qollar bəzənir.

Heyran olmayım, neyləyim,
Qoymayın getsin, əyləyin,
Gözlərində bu mələyin,
Durulur, sular bəzənir.

Nəfəsi çiçək qoxuyur,
Bihuşdur Zəka, uyuyur,
Bir eşq nəğməsi oxuyur,
Səsiylə toylar bəzənir.


QOŞA BADAM AĞACI

Bu qoşa badam ağacı,
Hər ikisi doğma bacı,
Hərəsinin öz dadı var,
Biri şirin, biri acı.

Çiçəkləri bir aləmdir,
Dağdan aşan şəlaləmdir,
Xatirəsi çox qəlbimdə,
Qəmimdir, ahü-naləmdir.

Meyvələri yar dilidir,
Şirini çox yeməlidir,
Yar nisgili ürəyimi,
Yetim quzu tək mələdir.

Şirin badam, şirin sevdam,
Acı badam, eşq acısı,
Yarı düşündükcə, müdam,
Gözümdən axır, acı su.

Qoşa badam ağacının,
Oturmuşam kölgəsində,
Gah şirinin, gah acının,
Əlim gəzir gövdəsində.
Oxuyuram mən ahəstə,
Çox yanıqlı bir şikəstə:
Əzizim, badam sevgilim,
Məni unudan sevgilim,
Sənsiz bu qoşa badama,
Mən çoxdan yadam, sevgilim!

GÖZƏL

Sənə aparan yolun,
Bir yolçusu olmaqdan,
Sən tək gözəl ceyranın,
Bir ovçusu olmaqdan
Daha gözəl nə var ki?

Aşiqin yanar canı,
Ahı tutar dünyanı,
Yar bağının bağbanı,
Bir bağçısı olmaqdan,
Daha gözəl nə var ki?

Gedib ömrün yarısı,
Sovrulmaqda darısı,
Yar evinin xalısı,
Bir xalçası olmaqdan,
Daha gözəl nə var ki?

Zəka heyran o gülə,
Dönüb şuri-bülbülə,
Yar gözündə bir gilə,
Bir damcı su olmaqdan,
Daha gözəl nə var ki?

SƏNƏ BİR SÖZ DEYƏCƏM...

Sən hələ qırx üçdəsən,
Mən çatıram əlliyə,
Arxamca qaragözlü
Yar gəlir, deyə-deyə.

Əllidə gözləyəcəm,
Çalış, gecikməyəsən,
Sənə bir söz deyəcəm,
Əgər vaxtında gəlsən.

Bax ha, çox da gözlətmə,
Cəmi bir il vaxtım var,
Əlli birə sürətlə,
Keçib gedir, bu qatar.

Cəhd et, gecəyə qalma,
Yollar duman, çən olur,
Bir də vaxtsız qocalma,
Qoca deyingən olur.

Əlli yaşdan o yana,
Elə də uzaq deyil,
Yetişdikcə ünvana,
Ömrü qar-sazaq döyür.

Ümidlə gözləyəcəm,
Çalış, gecikməyəsən,
Sənə bir söz deyəcəm,
Əgər vaxtında gəlsən...