adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

SİMAX ŞEYDANIN BALACALARA SEVGİ TƏBƏSSÜMLƏRİ

VAQİF YUSİFLİ
21540 | 2018-07-25 00:33
Simax Şeydanı - səksən iki yaşlı bu qocaman yazıçını mən Azərbaycanın tanınmış bir uşaq şairi kimi oxuculara təqdim etmək istəyirəm. "Yaxşı qız", "Kimin belə qızı var", "Tülkü, tülkü, tünbəki" şeir kitablarını hələ ötən əsrimizdə oxumuşdum. Onun şeirlərindəki sadəlik, uşaq aləminə, körpə-romantik dünyasına, xəyallar aləminə, hər şeyi bilmək istəyinə can atmağı və şeirin özündəki ritm, ahəng məni o vaxtdan cəlb eləmişdi.
Sonralar da onun şeirlərini oxudum, bir daha əmin oldum ki, Simax Şeyda bizim uşaq ədəbiyyatımızın fədailərindən biridir. Mən böyük şairimiz Səməd Vurğunun "Balalarımız üçün gözəl əsərlər yaradaq" (1944) məqaləsindəki bu fikirləri xatırlayıram: "Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət-bütün insan xassələri uşaq aləmində mövcuddur. Demək istəyirəm ki, biz uşaqla danışdığımız zaman insanla danışdığımızı, uşaq üçün yazdığımız zaman insan üçün yazdığımızı unutmamalıyq. Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır. Dediyimiz məna gözəlliyi həqiqətlə nəfəs almalıdır. Uşaq qəlbini tərbiyə etdiyimiz zaman o qəlbə həyat və təbiətin həqiqətləri ilə qanad verməliyik. Bu həqiqət o qədər zəngin, rəngarəng, mənalı və gözəldir ki, onun heç bir boyağa, rəng və uydurmalara ehtiyacı yoxdur".
Simax Şeydanın şeirləri də böyük şairimizin uşaq ədəbiyyatının qarşısında qoyduğu tələblərlə səsləşir. Yəni uşaqlara məxsus hansı xasiyyətlər, vərdişlər varsa, xəyallar, arzular yaşayırsa, onları düşündürən məsələlər diqqətdən yayınmırsa, şair də onlardan yazır.
Simax Şeydanın şeirlərində çox mövzular var. Amma vətənpərvərlik hissi və ataya-anaya-valideynə məhəbbət duyğusu ön sıradadır. Baxın:

Beş yaşın içindədir,
Qardaşım qızı Süsən.
Yazmağı, oxumağı
Öyrənib nənəsindən.

Əvvəlcə "vətən" yazıb,
Böyük hərflər ilə.
Sonra "Ana" sözünü
Gətiribdir qız dilə.

"Vətən", "Ana" sözləri
Müqəddəsdir, müqəddəs.
Bu dünyada onlara
Əlbəttə, yoxdur əvəz.

İndi, bizdən-Azərbaycandan uzaqlarda-Almaniyada yaşasa da, Simax müəllim üçün Vətən ayrılığı yoxdur. O, özünü daim Vətəndə hiss edir, onun bir zərrəsi olduğunu heç vaxt unutmur. Haçansa yolu Vətənə düşür, burada baş verən hadisələri izləyir, gözəlliklərdən zövq alır, şair-qələm dostlarıyla görüşür, şeirlərini mətbuatda çap etdirir. O da bizim hər birimiz kimi Qarabağı düşünür, torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyir.

Bu gün qonşumuz ilə,
Söhbət edəndə nənəm.
Deyirdi Qarabağa
Ayaqyalın gedərəm.

Azərbaycanla bağlı, onun keçmişi, qəhrəmanlıq tarixi, sənət dünyası və gözəl təbiəti ilə bağlı nə varsa, balacalara şeirlə anladır, izah edir. Məsələn, "Azərbaycan xalçaları" şeirində yazır:

Quba, Şirvan, Qarabağın
Ruh oxşayan çeşidləri.
Yer üzünə səs salmısız,
Siz yaranan gündən bəri.

Simax Şeydanın şeirlərində uşaqlara işıqlı fikirlər, gözəl duyğular aşılanır. Atası işıq çəkən bir uşaq böyüyəndə işıqlı bir insan olacağına inanır. Zəhmətinin bəhrəsi ilə orden alan ata oğluna da bunu tövsiyə edir ki, insan öz əməyilə ucalmalıdır. Saatsaz Kərim də məhz öz əməyiylə "saatın atası" kimi ad çıxarıb. Müəllif təbiətdən heyvanlardan, quşlardan da söhbət açır, balacalarda onlara qarşı məhəbbət oyadır. Ümumiyyətlə, Simax Şeyda uşaqların dilini yaxşı bilir - bu o deməkdir ki, o, hər şeirində onları düşündürən məsələlərdən söz açır və ilk növbədə, balacaların anlaq tərzini, nəyi qavrayacaqlarsa, onları nəzmə çəkir.
Simax Şeyda mənzum nağıllar ustasıdır. Mənzum nağıl əgər sadə, anlaşıqlı bir dillə yazılırsa, həcmindən asılı olmayaraq uşaqlara xoş gələcək. Mənzum nağılda şeir dili yüyrək olur, müəllif hansı hadisədən söz açırsa, onu nağıl stilinə yerləşdirir, uşağı darıxmağa qoymur. Nağıl həmişə (istər nəsrlə, istərsə də şeir dililə yazılsın) müəyyən bir hadisə üzərində qurulur. Süjet xəttində bu hadisələr bir-birini əvəz edir, bir hadisə digərini şərtləndirir. Uşaqlar həm də bu hadisələrin reallığına inanmalıdırlar. "Tülkünün toyu" mənzum nağılında ibrətli bir hadisə nəql edilir. Ev quşlarının, toyuq-cücənin qənimi olan tülkü artıq qocalıb, lakin öz yaramaz əməllərindən yenə əl çəkmək istəmir. Belə fikirləşir ki: "Nə vaxtadək xəlvətcə, Aparım toyuq, cücə? Ovçuların əlindən, Zinhara gəlmişəm mən". Nəhayət, belə qərara gəlir ki, libasını dəyişsə, başqa şəkilə düşsə, onda işi düzələcək, gözünə işıq gələcək. Eşidir ki, bir kənddə Uğur adlı kişi var, o, tülkünün dərdinə əlac edər. Bu niyyətlə qoca tülkü Uğurgilə gəlir. Baxıb görür ki, Uğurun həyəti toyuq-cücə ilə doludur. Sevinir. Amma Uğur toyuq-cücə qənimi olanTülküyə dərs verir. "Neçə gündür ki, acam, Bir toyuğa möhtacam. Gəlmişəm deyim sənə, Bir əlac eylə mənə" deyən Tülkünün başına iş açır. Ona deyir ki, sənin gərək dişlərini çıxaram. Tülkü heç nə qanmayıb razı olur. Sonra quyruğunu kəsir, sifətinə də rəng vurur ki, başqa heyvan cildinə düşsün və beləliklə, Tülkü tülkülüyündən çıxır, acizləşir.
Bu nağıl çox şirin bir dillə nəql edilir və onu eşidən uşaq, əlbəttə, maraqla qulaq asacaq.
Eyni fikri biz "Alagöz, Balagöz, Şəhlagöz" mənzum nağılı haqqında da söyləyə bilərik. Bu nağılın personajları dovşanlardır. Ana dovşanın üç balası var.

Balalardan birisi,
Ən böyüyü, irisi.
Alagöz dovşan idi,
Döşəyi yovşan idi.
Yeyib gəzirdi hər gün,
Böyüyürdü ərköyün.
İkinci balasına,
Hər vaxt, hər zaman ana,
Balagözüm deyirdi,
Xətrini istəyirdi.
Ananın ən kiçiyi,
Evinin sonbeşiyi,
Şəhlagöz dovşan idi,
Ən çox onu sevirdi.
Qaşı, gözü ağ idi,
Quyruğu dümağ idi.
Ana dovşan öz balaları üçün hər bir cəfaya dözür, hətta ovçu onu ayağından yaralasa da, balalarına azuqə gətirməkdən yorulmur.
Balaca Şəhlagöz anasına hər cür qayğı göstərir, hətta həyatını təhlükədən də çəkinmir. Müəllif bu mənzum nağılda ana-uşaq sevgisini ön plana çəkir. Bu mənzum nağılı dinləyənlərə demək istəyir ki, siz də analarınızı sevin.
"Ovçu ayı" mənzum nağılı isə məzmunca bir qədər başqa səpgidədir. Qoca ayının əlinə artıq ov keçmir dilinə ət dəymir. Bəs neyləsin? Elə buna görə də, ovçu cildinə girir, Bir keçiyə rast gəlir, sonra da ceyrana, onlara söyləyir ki, ovçunu axtarır, onu vursun.
Keçi də, ceyran da ayının şirin dilinə aldanırlar. Ayı onları bir meşəyə aparır, ikisinin də belini qırır. Müəllif əvvəlki mənzum nağıllarından fərqli olaraq burada mənfi qəhrəmanını cəzalandırmır, lakin bu hekayəti eşidən balacalara belə bir fikri təlqin edir ki, yalançı dillərə uymasınlar, həmişə sərvaxt olsunlar.
Simax Şeydanın "Kor kişinin oğlu", "Padşah və yalan danışan kişi" mənzum nağıllarının qəhrəmanları isə real həyatda yaşayan insanlardır. Əlbəttə, burada real hadisəni nağıl süjetinə yerləşdirmək, onu "nağıllaşdırmaq" ustalıq tələb edir. "Kor kişinin oğlu" mənzum nağılında şumanizm-insan insana dost, qardaş, xeyirxah yoldaş olmalıdır-fikri təbliğ olunur. Ümumiyyətlə, bu fikir Simax Şeydanın şeirlərində də nəzərə çarpırdı, mənzum nağılda isə daha da genişlənir.
"Padşah və yalan danışan kişi" mənzum nağılında isə yalançılıq pislənir.
Mən Simax müəllimin həm şeirlərində, həm də mənzum nağıllarında balacalara intəhasız bir sevgini gördüm. Bu elə bir sevgidir ki, yaşa dolanda, müdrik baba kimi tanınanda daha da güclü olur. Yaş yetmişi, səksəni adlayanda insan sanki uşaqlığını yaşayır, dönüb uşaq olur.

TƏQVİM / ARXİV