adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyul 2018 17:10
29169
HÜQUQ
A- A+

İki qardaşı öldürən bank işçisinin ömürlük cəzası dəyişdirilib

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Zaur Tərlanovun barəsində təyin etdiyi ömürlük cəzanı ləğv edib.


Zaur Tərlanovun cəzası 20 ilə endirilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.


Mərhum Cahid və Cavid Rəhimovların anası Nigar Rəhimova APA-ya açıqlamasında bildirib ki, məhkəmənin çıxardığı qərar ədalətli deyil. N. Rəhimovanın sözlərinə görə, Zaur Tərlanov heç bir səbəb olmadan onun iki oğlunu söhbət etmək adı ilə aparıb və maşında olduqları vaxt öldürüb. N. Rəhimova qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcək.


Xatırladaq ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış "Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə "Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub.


Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Z. Tərlanov hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Z. Tərlanovu saxlayıblar.



Z. Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard”ın əməkdaşı olub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Z. Tərlanovun vəkilləri apellyasiya şikayəti veriblər. Onlar Z. Tərlanovun müddətli cəza verilməsini istəyiblər.


Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Z. Tərlanovun apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Z. Tərlanovun vəkili kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda Z. Tərlanovun vəkilinin şikayəti təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması qərara alınıb.