adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Iyun 2018 15:48
27955
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan misgərləri nə istəyir?

Misgərliyin sabahını düşünən bir qələm adamı kimi bu sənətin daha geniş intişar tapmasının tərəfdarıyam. Bu sənət yaşamalı, nəfəs almalı və daha uzun ömürlü olmalıdır. Bunun üçün isə hər birimizdən bu sənətə sevgi, qayğı tələb olunur.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Misgərlərlə söhbətimiz zamanı onların hamısından eyni sözü eşitdik. Onlar deyirlər ki, ictiamiyyətin, insanların mis əşyalara marağı, tələbatı azdır, bu isə sənətin nəfəsinin daralmasına səbəb olan amildir. Sənətkarlar istəyir ki, dövlət muzeyləri, yerli kolleksiyaçılar, eləcə də müxtəlif təşkilatlar mis əşyalar hazırlamaları üçün misgərlərə sifarişlər versinlər. Bu sahədə dövlət sifarişinin olmamasının misgərlərin işinə çətinlik yaratdığını qeyd edən sənətkarlar bildirir ki, Mədəniyyət Nazirliyinin, Milli Elmlər Akademiyasının nəzdində olan müvafiq qurumlar misgərlərə sifarişlər verməlidir ki, onlar tələbata uyğun sənət inciləri yaratsınlar.

Lahıclı ustalar bildirir ki, müxtəlif sərgilərdə iştirak edirlər və bu sərgilərdə müəyyən qədər öz əl işlərini sata bilirlər. Ancaq bunun onlar üçün kifayət etmədiyini deyən sənətkarlar qeyd edir ki, əsərləri əsasənxaricilər tərəfindən alınır, bu da o nümunələrin ölkəmizdən kənara çıxması ilə nəticələnir. Lahıclı ustalar düşünür ki, əl işləri muzeylər tərəfindən alınarsa bu sənətin yaşaması demək olardı. Muzeylərin mis qablara təlbatının olmadığını deyən sənətkarlar bildirir ki, müasir ustaların əl işləri muzeylər tərəfindən alınmır. Bu gün Lahıcın qədim sənət növlərindən biri olan misgərlikdən danışarkən deməliyəm ki, misgərlər köhnə zamanlardakı kimi qazanlar, məcmayilər, aşsüzənlər, güyümlər və s düzəltmir. Düzdür, bu əşyaları düzəldənlər də var, ancaq kütləvi deyil. Onlar əsasən qolbağılar, müxtəlif zinyət əşyaları hazırlayırlar. Dediklərinə görə, bu gün bazarda əsasən misdən düzələn bilərziklərə, qolbağla, müxtəlif bəzək əşyalarına tələbat var.

Bu gün həm materialın baha olduğunu, həm də misgərlik işlərinə əhalinin tələblərinin az olduğunu əsas gətirən misgərlər hesab edir ki, dövlət sifarişləri olmasa sənətkarlar çətinlik çəkməkdə davam edəcəklər.

Misgər Kəbləm Əliyev qeyd edir ki, misgərlik sənəti o qədər zəngin, məzmunlu, diqqət tələb edən bir sənətdir ki, onu 30 yaşında dərk edib:”Mən misgərlik sənətinin nə olduğunu 30 yaşımdan sonra dərk etdim. Bu sənəti atamdan öyrənmişəm. Misgərlik sənəti həqiqətən də bir dəryadır.

Qeyd edim ki, müasir dövrümüzdə də, Lahıc misgərlik mərkəzi kimi tanınır və uzun əsrlərdir o bu missiyanı layiqincə daşıyır. Buna nümunə kimi, 2010-cu ildə Lahıcda yaradılan "Misgər-Tənəkəçi” kurslarını göstərmək olar.

Misgər-tənəkəçilik sənətinə daha çox rayonlarda üstünlük verilsə də, Bakıda da bu işlə məşğul olan ustalarımız az deyil. Onlardan biri də Habil müəllimdir. O, artıq 20 ildən çoxdur hər gün səhər 9-dan, axşam 7-yə kimi balaca dükanında müxtəlif sənət nümunələri hazırlayır. Hazırladığı məhsulları isə sataraq 3 övladına baxır. Öz dili ilə desək, çörək pulunu çıxarır:"24 yaşım olardı bu işə başlayanda. Əslində, kimsə məni bu sənətə yönəltməyib, özümün marağı olub. Usta yanında bir neçə il işlədikdən sonra 90-cı illərin sonunda balaca dükan açdım. O gündən etibarən ustalıq fəaliyyətimə başladım. Şəhərin müxtəlif yerlərində dükanlarım oldu. Ən son iş yerim isə, gördüyünüz bu dukandır”.

Misgərlərin və misdən hazırlanan əl işlərinin sayının azalması şüşə, keramika və digər məhsullara olan tələbatdan irəli gəlir. Habil müəllim qeyd edir ki, insanlar daha çox hazır məhsula üstünlük verir:"Əvvəllər plastik turba və çənlər mövcud deyildi. İnsanlar həmin əşyaları misdən hazırlamaq üçün bizə müraciət edirdilər. Amma onlar istehsal olunduqdan sonra bizim işlərimiz xeyli zəiflədi. Buna baxmayaraq, başqa əşyalar hazırlayıb satırıq. Gördüyünüz bu su qabın 6-8 manata, tütgeci isə 2 manata satıram. Qiymətlərin fərqli olması onların materialından asılıdır. İnsanlar evlərində soba qurduqları üçün işlərimiz daha çox qış aylarında yaxşı gedir. Həmin vaxtlarda gündəlik qazancım 10-15 manat olur. Yayda isə çox vaxt günlərlə qazancım olmur. Ancaq ailəmi dolandıra bilirəm, buna da şükür”.

O təəssüflə qeyd etdi ki, hazırda bu sənət əsərlərinə təlabatın az olması ustaları narahat edir.

Lahıclı misgərlər inanırlar ki, bu sənətə ictiamiyyətin və muzeylərin tələbatı artacaq və onlar sifarişlə sənət əsərləri yaradacaqlar.

Lahıclı misgərlərin arzularına mən də qoşuluram, inanıram ki, layihəmizdən sonra onların sifarişçilərinin sayı artacaq.

Əziz oxucular, beləcə qədim xalq sənətimiz olan Lahıc misgərlik sənətinin dünəni, bu günü və sabahı haqqında faktlar əsasında araşdırmamızı başa çatdırırıq. İnanırıq ki, lahıclı misgərlər bu sənəti yaşatmaq, onu gələcək nəsillərə ötürmək üçün yorulmadan fəaliyyət göstərəcəklər...

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur