adalet.az header logo
  • Bakı 18°C
25 Iyul 2018 10:20
13351
DÜNYA
A- A+

KRIM TATARLARI UKRAYNADAN QOPMAQ İSTƏMİR

Krımın Rusiya tərəfindən ilhaq olunmasının ilk günlərindən buna ən çox etiraz edənlərdən biri də Krım tatarları oldu. Uzun illərin repressiya və təqiblərindən sonra müstəqil Ukraynanın tərkibində öz milli maraqlarını, mədəni muxtariyyətlərini qoruyub saxlamğa və inkişaf etdirməyə nail olan bu əzabkeş xalq yenidən ağır günlər yaşamağa başladı. Hələ sovet dövründən Krım tatarlarının hüquqqları uğrunda mübarizə aparan və bu yolda təqiblərlə üzləşən, həbsə atılan milli elitanın aparıcı nümayəndələri öz xalqının milli-mədəni inkişafını haqlı olaraq Ukrayna ilə birlikdə görürdülər. Başda milli lider Mustafa Cəmilov olmaqla əksər ziyalılar və ictimai-siyasi xadimlər, eləcə də uzun illər xalqın milli iradəsinin əsas təmsilçisi kimi Krım tatarlarının rəğbətini qazanmış Krım-Tatar Məclisi daim öz xalqının yanında olmuş, onun maraqlarının, arzu və istəklərinin keşikçisi rolunu oynamışdır.

İlhaqdan sonra Rusiya hakimiyyət orqanları tatarların "könlünü almaq”, onları öz tərəfinə çəkmək üçün çox canfəşanlıq göstərsə də heç cürə buna nail ola bilmir. Təbii ki, bu yolda əski imperiya ənənələrinə, oyun qaydalarına əsaslanan Moskvanın əsas silahı kollaborasionistlərdir. Çünki ipə-sapa yatmayan istənilən xalqın ram edilməsinin ən sınanmış üsullarından biri də həmin xalqın öz nümayəndələri arasından seçilmiş adamlardan istifadə etməkdir. Ancaq yarımadanın işğalından dörd ildən çox vaxt keçsə də Rusiya hələ də bu istiqamətdə ciddi bir irəliləyişə nail ola bilmir, onun saysız- hesabsız təşəbbüsləri və vurnuxmaları ciddi nəticə vermir.

HazırdaKrım Respublikası kimi təmtəraqlı bir ad verilməsinə rəğmən, faktiki olaraq hansısa, lap dəqiqi Cənub Federal Dairəsinin tərkibində balaca bir vilayət statusu daşıyan məmləkətin sayca üçüncü milləti olan tatarların arasında növbəti adminstrativ böhran yaşanır. Krım Dövlət Şurası sıdrinin müavini Rəmzi İlyasov öz vəzifəsindən istefa verib, onun yerinə parlamentin millətlərarası münasibətlər komitəsinin sədri Edip Qafarov təyin edilib. Həmin bu Rəmzi İlyasov vaxtilə yuxarıda adını çəkdiyimiz, 2016-cı ildə isə Rusiya hökumətinin ekstremist təşkilatlar siyahısına daxil etdiyi Krım-Tatar Məclisinin üzvlərindən biri olub. Hələ 2013-cü ildə Krım-Tatar Məclisinin sədliyinə seçkilərdə Rifat Çubarova uduzan ( Çubarov indi Ukrayna Ali Radasının deputatıdır) Rəmzi İlyasov 2014-cü ildə "Kırım” adlı təşkilat yaradaraq keçmiş uğursuzluqlarını kompensasiya eləməyə çalışır. O, elə həmin il "Vahid Rusiya” partiyasının siyahısıyla ( üçüncü yerdə) seçkilərə qatılaraq deputat və vitcespiker olur. Yəni, vaxtilə öz xalqından ala bilmədiklərini sədaqətlə qulluq elədiyi ruslardan alır. Ağaları onu hətta tatar xalqının milli lideri adlandırıraraqMustafa Cəmilovkimi hələ sağlığında əfsanəyə çevrilmiş bir şəxsiyyətlə eyniləşdirirlər. Görünür, onu tatarların gözündə ucaltmaq üçün yox, Mustafa Cəmilovu öz xalqının gözündən salmaq üçün.

Bəzi məlumatlara görə R. İlyasov istefa ərizəsini hələ iki ay əvvəl, özü də könüllü şəkildə yazmışdı.

Bir sıra ekspertlər bu istefanı birmənalı olaraq Rusiyada keçirilmiş son prezident seçkiləriylə əlaqələndirirlər. Məsələ burasındadır ki, mart seçkilərində Krımda əhalinin 71 faizi seçkilərdə iştirak eləsə də, Krım tatarları arasında həmin göstərici vur-tut 10 faiz təşkil edib. Rusiya tatarları öz tərəfinə çəkmək, onları biryolluq Ukraynadan qopartmaq üçün təkcə Remzi İlyasovlardan yox, digər vasitələrdən də gen-bol istifadə eləyir, məscidlər tikir, tatarların kompakt yaşadığı yerlərə qazlaşdırır, yollar çəkir, məktəblər, xəstəxanalar və yeni sosial obyektlər inşa edir. Ancaq bütün bunlara baxmayaraq, istədiyinə nail ola bilmir. Göz gördüyündən qorxar, axı.

Elə buna görə də əksəriyyət R.İlyasovun istefa ərizəsini könüllü yazması barədə fikirləri bölüşmür, onun Rusiyanın qəzəbinə tuş gəldiyini bildirir. Çünki Moskva tatarların rəğbətini qazanmaq üçün göstərdiyi bütün canfəşanlıqlara baxmayaraq istədiyinə, yəni tatarların rus cəmiyyətinə inteqrasiyasına nail ola bilmir.

İndi Krımın siyasi kuluarlarında başqa çağırışlar eşidilməkdədir. Deyirlər ki. milli məsələnin həllində milli kadrlara yox, peşəkarlara önəm vermək lazımdır. Təbii ki, səhv yanaşmadır, milli məsələni ən yaxşı elə milli kadrlar həll edə bilər. Əlbəttə ki, xalqın etimad göstərdiyi əsl milli kadrlar, kollaborasionistlər yox. Krım tatarlarının etimad göstərdikləri əsl milli kadrlara isə hazırda Kiyevdə oturublar, onları Krıma buraxmırlar, Krımda onlara ekstremist damğası vurublar.

Adalet.az