adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2018 15:38
12038
MƏDƏNİYYƏT
A- A+

Misin dilini öyrənib misgərlik sənəti nümunələri yaradan Eyvazov qardaşları...

Eyvazov qardaşlarının Bakıdakı emalatxanalarında sözün əsl mənasında gözəl, zərif sənət inciləri yaranır.Keçən dəfə Eyvazov qardaşlarının böyüyü haqqında fikirlərimizi sizinlə bölüşmüşdüm, bu dəfə isə o biri qardaşlarının faəliyyətinə toxunmaq istəyirəm.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Böyük qardaşları Zahid Eyvazovun emalatxanası ilə qonşuluqda yerləşən emalatxanalar onun qardaşları Zakir və Mehman Eyvazovlara məxsusdur.

Misgər usta Mehmanın bildirdiyinə görə, bu sənətində 12 dəzgahdan istifadə olunur ki, hərəsinin də bir-iki zindanı, çəkici var. "Yaxşı usta gərək gələn əşyaya baxan kimi hansı dəzgahla işləyəcəyini dəqiq bilsin”.

Usta qeyd etdi ki, bu gün mis qabalara təlabat olmadığından onları düzəltməyə həvəsləri olmur. "Əvvəllər biz özümüz də mis qablar düzəldik. Lakin sonradan tələbat olmadığına görə bu işdən əl çəkdik. Hazırda əsasən təmir-bərpa işləri ilə məşğul oluruq. Çəkiclə, zindanla, odla işləyirik. Bu da təbii ki, çətindir. Bir dəfə samovar gətirmişdilər, mən də fikir verməmişəm, sən demə borusunun içərisində dezodorant qalıbmış. Elə təzəcə isitmişdim ki, samovar partladı. Əlim parça-parça oldu. Bir əlimin üstünü elə bil yerdən yığıdılar. O vaxtdan çalışıram ehtiyatlı olum”.

Ustalar deyirlər ki, adətən misgərlik sənəti mövsümlə bağlı olur. İndi gördüyümüz müştərini ancaq ilin 3 ayı müşahidə etmək olur. Qalan vaxtlar isə demək olar ki, qapıları bağlayırlar. Söhbət qazancdan düşmüşkən ortancıl qardaş, Zakir Eyvazov dedi ki, buradan əldə etdikləri gəlirlə güzəran keçirirlər:”Buradan əldə etdiyimiz qazancla ailəni dolandırırıq. Düzdür, işimiz yaydan-yaya olur, artıq sentyabrdan yanımıza gələn olmur. Yenə də, Allah sənətə bərəkət versin! Mən əvvəllər təzə bazarda alver eləmişəm. Əlimizə nə qədər pul gəlib gedib, heç bərəkəti olmayıb. Amma bu sənətdən ev-eşik qura bilmişik..."

Emalatxanada qab-qacağın qalaylanması o qədər də çox vaxt aparmır. Eləsi var 1, eləsi var 3 gün. Doğrudur, aylarla da çəkən işləri də olur. Amma bu təcili olmayan, müştəri üçün hazır olma vaxtının əhəmiyyəti olmayan işlərdir.

Lahıclı ustaların müştəriləri isə təkcə bakılılar deyil. Onlara ölkənin müxtəlif rayonlarından, ən çox Şamaxıdan, Naxçıvandan qab-qacaq gətirən müştərilər var. Müştəriləri arasında isə çoxlu tanınmış şəxslər, dövlət adamları olur”.

Misgərlər bildirdilər ki, onlar vergidən azad olunublar və onlar bunu böyük razılıqla qarşılayırlar. Usta Zakir dedi ki, mərhum prezident Heydər Əliyev 12 sənəti, o cümlədən, misgərliyi vergidən azad edib:”Bu da ustaların işini bir qədər yüngülləşdirib. Amma materialların bahalığı bizi çətin vəziyyətdə qoyur. Vaxtilə 10 manata aldığımız qalayın kiloqramı indi 70 manat olub. Lakin onlar müştəriləri qaçırmamaq üçün zəhmət haqlarını artırmayıblar”.

Müştərilərin sənətkarlara əmanət etdikləri əşyaların qiyməti ilə də maraqlandıq. Məlum oldu ki, ustanın hazırda düzəltdiyi samovarların müxtəlif qiymətləri var. Hətta onlar arasında 5 min manat qiyməti olanlar da var. " Yanındakı iri, sarı metaldan olan samovarın isə nə az, nə çox 10 min manat dəyərindədir. Əşyanın əntiq və ya təzə olması onun təmir qiymətinə təsir eləmir”-deyə o bildirdi.

Misgərlərdən tələbələrinin olub-olmaması ilə də maraqlandıq. Onlar hələ də az da olsa, bu sənəti öyrənmək istəyənlərin olduğunu dedilər. Lakin Eyvazovlarda misgərlik nəsildən-nəslə keçən ənənədir. Hazırda bu sənəti onların övladları davam etdirir. Mehman usta deyir k, bacısı oğlu 16 ildir onunla bərabər bu sənətlə məşğuldur:”

Bu bizim ailə ənənəmizdir, genetikdir, onu nəsildən nəslə ötürmək borcumuzdur. Biz bu sənəti atamızdan öyrənmişik. O bizə bir ata əmanətidir. Ona görə də hər zaman onu yaşatmağa borcluyuq”.

Usta Mehman müştərilərin təlabatına gəlincə deyir ki, bu gün tələbat daha çox mis samovarlara olur:”Onun hazırlanması qışda çətinlik yaratsa da, yayda zövq verir. Biz hazırda da sənətin görünməyən incəliklərini öyrənmək həmişə atamızın tövsiyələrindən bəhrələnmişik.Nəsildən-nəsilə keçən misgərliyi yaşatmaq üçün bu gün isə övladlarına bu sənətin sirlərini öyrədirik”.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur