adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyul 2018 15:24
18150
MARAQLI
A- A+

Diş həkimliyindən musiqiyə gələn sənətçi

Edip Akbayram 29 dekabr 1950-də Qaziantepdə doğulub. Hələ doqquz aylıq idi, iflic olmuşdu. Bu bəd xəstəliyin pəncəsində uşaqlıq dövrünü yaşayan Akbayramın musiqiyə həvəsi də elə uşaqlıq illərindən başladı. "Həftəlik cib xərcimdən kəsib yığdığım pullarla məşhur pop musiqiçilərin konsertlərinə gedər, evə gələndə isə güzgünün qabağında onları yamsılayardım” deyir Akbayram o illər barədə. Uşaqlıq illərində bir orkestr yaradaraq həvəskar olaraq evlərinin yaxınlığındakı bir şadlıq sarayında işləyir.

Məktəbdə qurduqları orkestrda Pir Sultanın, Karacaoğlanın sözlərinə bəstələdikləri mahnıları çalıb oxuyardılar. İlk valını da məktəb illərində çıxartdırdı. "İlk dəfə valını çıxartdığı qrupun adı "Qara hörümçəklər” idi.

Qaziantepdən sonra ikinci ünvan Adana olur Akbayram üçün. Adana Akbayramın qurduğu orkestrla ilk səhnəyə çıxdığı şəhərdir. Burada "Ağ saray” adlı kazinoda işləməyə başladı.

O, yoxulluq içində keçən bir uşaqlıq dövründən sonra məktəbi bitirib qırmağını İstanbula atanda 1968-ci il idi. Məktəbi bitirdiyi zaman həmişə öyrənmək istədiyi sənətin, yəni həkimlik təhsili üçün Universitet imtahanlarına girir və diş həkimliyinə qəbul olur. Amma musiqiyə həvəsi həkimlikdən güclü çıxır və o özünü musiqiyə yönəldir. "Onsuz da diş həkimi olsaydım da, atamın mənə bir yer götürməyə verəcək pulu yox idi ki” deyə deyirdi sənətçi keçirtdi yoxsul illər üçün.

İstanbula gələndən sonra 1971-də "Qızıl mikrofon” yarışmasına qatıldı. Aşıq Veysəlin bir şeirindən təsirlənərək bəstələdiyi "Kükredi çimenler” adlı mahnı ilə birinci oldu. 1974-də "Dostlar” adlı orkestri yaratdı və Anadolu pop musiqisinin öndə gedən adlarından biri oldu. Daha sonra "Qara quzu”, "Deniz üstü köpürür” və "Qərib” adlı mahnılarla məşhur oldu, sonra "Aldırma gönül” və "Eşkiya dünyaya hükümdar olmaz” adlı mahnıları ilə satış rekordlarını qırdı. Və o, bu mahnılarla 250-yə qədər mükafat alıb.

Akbayram zirvəyə qalxsa da musiqini pula dəyişmədiyi üçün uşaqlığının yoxsulluğunu bu illərdə də yaşadı. "Bu ölkədə arabeskin qızıl dövrünü yaşadığı illərdə musiqidəki üslubumu dəyişmədim. Onsuz da 12 sentyabr sonrası mənə heç kim iş vermədi. 1980-dən 84-ə kimi, 4 il. Çətin illərdi o illər. Yoldaşımın qızıllarını satdıq. 12 sentyabr sonrası məni canavar kimi görməyə başladılar” deyir Akbayram o illər barədə.

80-ci illər Edip Akbayram və onun janrında oxuyanlar üçün çətin illər idi. Arabesk oxumağını istədilər, çoxlu pullar təklif etdilər. Rədd elədi. Səsi-sorağı gəlmədi musiqi aləmində. 1981-88 arası bəstələrinin TRT-də çalınması qadağa olundu. Amma 90-ların ortasından etibarən, xüsusilə "Türkülər yanmaz” albomu ilə yeni bir çıxış etdi və öz üslubunu dəyişmədən davam etdiyini sübut elədi. Can Yücelin, Oktay Rıfatın, Ahmed Arifin, Vedat Türkalinin sözlərinə bəstələdiyi musiqilər var idi o albomda.

Akbayram başdan bəri nə etmək istədiyini belə açıqlayırdı: "Qalıcı işlər görmək istəyirəm...”

Bugün kaset satışından və konsertlərindən gələn pulla yaşayan sənətçinin bir də ortaq işlətdiyi inşaat şirkəti var. 1979-ci ildə Aytən xanımla evlənən sənətçinin bu evlilikdən Ozan və Türkü adlı bir oğlu və bir qızı var.