adalet.az header logo
  • Bakı 18°C
23 Iyun 2018 18:12
11527
MƏDƏNİYYƏT
A- A+

Müasir Lahıc misgərlərinin sənət əsərləri turistlər və “ABAD” vasitəsilə öz alıcısını tapır…

Lahıclı ustaların əsrarəngiz misgərlik nümunələrini görmək, tanıdıb, təbliğ etmək istiqamətində fəaliyyətimi davam etdirirəm.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Ümumiyyətlə, Lahıcın çağdaş misgərlik sənətindən danışarkən qeyri-ixtiyari olaraq yenə də tarixə qayıtmalı olursan. Qədim və zəngin tarixi olan Azərbaycan xalqı minilliklər boyu dünya mədəniyyətini zənginləşdirən yüksək maddi və mənəvi bir sərvət yaradıblar. Maddi mədəni irsimiz, bir növ, xalqımızın maddiləşmiş yaddaşı olub, onun keçmişi, məişəti, həyat tərzi, dünyabaxışı, estetik təsəvvürləri haqqında qiymətli informasiya verir. Bu baxımdan, Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irsin, o cümlədən bədii sənət əsərlərinin toplanması, tədqiqi, qorunması və təbliği müstəsna bir fəaliyyət sahəsi kimi qiymətləndirilməlidir. Bədnam qonşularımızın mədəni irsimizə də təcavüz etdiyi, onu özününküləşdirməyə cəhdlər göstərdiyi bir zamanda nəsildən-nəslə ötürülərək günümüzədək gəlib çatmış maddi mədəniyyət qalıqlarının, bədii sənət əsərlərinin qorunmasına və təbliğinə diqqət və qayğı göstərmək vacibdir. Azərbaycan əhalisinin məişətində mis məmulatın keçmişdə geniş yayılması ölkənin sosial-iqtisadi şəraiti və xalqın həyat tərzi ilə şərtlənirdi. A.C.Piralov XIX əsrin sonunda Cənubi Qafqazın kustar sənətlərini tədqiq edərək belə qənaətə gəlmişdir: "Mis qablardan istifadə adəti təsadüfi olmayan xüsusiyyətdir, yalnız son dərəcə ehtiyac mis qabı gil qabla əvəz etməyə məcbur edir”.

Zəngin ənənələri olan misgərlik sənəti orta əsrlərdə öz inkişafında zirvəyə ucalmış, Təbriz, Naxcıvan, Gəncə, Bakı, Şamaxı, Dərbənd, Şəki, sonradan habelə Quba və Şuşa kimi şəhərlər mühüm misgərlik mərkəzləri olmuşdur. Şamaxının 26 məhəlləsindən biri Misgərlər məhəlləsi idi. Arxeoloq Hüseyn Ciddi həmin məhəllənin şəhristanın mərkəzində, Narınqalaya yaxın ərazidə yerləşdiyini müəyyənləşdirib. Son orta əsrlərdən başlayaraq misgərliyin əsas mərkəzi kimi Lahıc (hazırda İsmayıllı rayonunda şəhər tipli qəsəbə) məşhurlaşır. XIX əsrin ikinci yarısında burada 200-ə yaxın misgərxana var idi. Lahıcın mis məmulatı yüksək səviyyəsi və mükəmməlliyi ilə fərqlənirdi. Ehtimal ki, kolleksiyadakı qabların çoxu Lahıc misgərxanalarında hazırlanıb. Bütün usta misgərlərin nəsildən-nəslə keçən şəxsi emalatxanaları var idi. Bu emalatxanalar həm də dükan funksiyasını yerinə yetirir, misgərlərin hazırladıqları məmulat buradaca satılırdı. Misgərxanaların sadə daxili quruluşu var idi. Bütün avadanlıq əritmə kürəsindən, "tov” adlandırılan qızdırıcı kürədən, qoşa üfürücü körükdən, müxtəlif formalı zindanlardan, çəkiclərdən, közərmiş mis təbəqəni tutmaq üçün kəlbətin və qısqaclardan, əridilmiş misi tökmək üçün müxtəlif formalı və ölçülü qəliblərdən, eləcə də su ilə dolu böyük mis teştdən ibarət idi. Mis məmulatın istehsalı üçün xammal Qafqazın, eləcə də yaxın və uzaq ölkələrin misəritmə zavodlarından alınırdı.

Sənətşünaslar qeyd edir ki, Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşən Lahıcda XVIII-XIX əsrlərdən misgərlik həmişə üstünlük təşkil edib. Lahıclı ustaların misdən hazırladıqları, müxtəlif naxışlarla bəzədikləri dolça, satıl, sərnic, güyüm, aşsüzən çıraq və sair məmulatlar orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. İllərdir ki, Lahıclı sənətkarlar bu ənənələri davam və inkişaf etdirir. Qeyd edək ki, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər çərçivəsində respublikamıza gələn qonaqlar, turistlər Lahıca da üz tuturlar. Onların məqsədi müasir lahıclı misgərlərin əl işləri ilə tanış olmaq və o nümunələri alıb öz ölkələrinə aparmaqdır. Məlumat üçün deyək ki, Bakı 2015 İlk Avropa oyunları zamanı da lahıclı ustaların əl işlərinə böyük maraq göstərilib.

Lahıcda yaşayıb-yaradan misgərlərin, zərgərlərin, sərracların düzəltdikləri maddi-mədəniyyət nümunələri hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarını bəzəyir. Son illər öıləmizə gələn turistlər Lahıc sənətkarlarının əl işlərini alıb avropaya aparır və bu sənət əsərləri onların evlərinin bəzəyinə çevirilir.

Qeyd edək ki, müasir misgərlərin əsas alıcıları ancaq xarici turistlər deyil. Onlar

"ABAD” layihəsinə qoşularaq öz əl işlərini bu istiqamətdə də alıcılara çatdırırlar. İsmayıllının lahıc kəndində olarkən öyrəndik ki, "ABAD”a qoşulan misgərlərdən biri də Kamal Əliyevdir. O, Lahıc misgərlik məktəbinin görkəmli nümayəndələrindəndir.

Kamal Əliyevin sözlərinə görə, bu gün o, ailəsinin peşəsini fəxrlə davam etdirir:"Mənim atam və babam misgər olub, elə mən də gözümü açandan ətrafımda misgərləri görmüşəm. 14 yaşımdam isə peşəkar fəaliyyətə başladım və artıq 10 ildir ki, misgər kimi çalışıram. Misgərlik Əliyevlər üçün ailə sənətidir. Biz bu sənəti davam etdirməsək, heç kim etməyəcək. Mən gələcəkdə öz övladlarıma da misgərliyi öyrədəcəyəm ki, sənət unudulmasın, daim yaşasın. Lahıcda hamı əl əməyi ilə pul qazanır. Mən daha çox dekoativ məhsullara üstünlük verirəm. Mis qabların üzərinə müxtəlif naxışlar vururam, araşdırma apararaq, qədim və milli əl işlərini yenidən canlandırıram. Əvvəllər məhsullarımızı əsasən yay aylarında, Lahıca gələn qonaqlara təqdim edirdik”.

Əl işlərini mövsümi deyil, bütün il ərzində həyata keçirmək və ailə biznesini daha da genişləndirmək istəyən K. Əliyevin "ABAD”a müraciət etməsi ona yeni uğur qazandırıb. "Əvvəllər daha çox böyük əşyalar hazırlayırdıq. Turistlər tərəfindən maraqla qarşılansa da, az alınırdı, çünki ağır olduğu üçün apara bilmirdilər. "ABAD” isə bizə kiçik əl işlərinin hazırlanması ilə bağlı çoxlu ideyalar verir. İndi satışlarımız daha da çoxalıb”-deyə o qeyd edir.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur