adalet.az header logo
  • Bakı 21°C
22 Iyun 2018 14:09
17243
MƏDƏNİYYƏT
A- A+

Masallıda Lahıc misgərlik sənətini yaşadan usta Taleh Ağayevin sənət möcuzələri...

Bu gün Lahıc misgərlik sənət ocağının qığılcımları bütün Azərbaycan boyu yayılıb. Lahıclı ustaların başqa bölgələrdən olan davamçıları bu unikal sənəti öz rayonlarında, kəndlərində yaşadır və bütün dünyaya tanıdır. O ustaların izi ilə insan dünyanın hər hansı bir yerinə getsə, onların heyratamiz əl işlərini görüb təbliğ etsə yorulmaz. Mən də bu yolda yolçuluğumu davam etdirirəm.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Keçən yazılarımda da qeyd etmişdim ki, misgərlik qədim Dəmir dövründən qalma və hələ də yaşadılan xalq sənətidir və bu gün də bu sənətin kifayət qədər davamçıəları var. Bu ustaların əl əməyindən yaranan sənət əsərləri Azərbaycanı, Lahıcı, daha başqa bölgələrimizi dünyada tanıdıb.

Maraqlıdır ki, lahıclı misgərlər ancaq Lahıcda oturub bu işi davam etdirmirlər. Onlar ölkəmizin müxtəlif bölgələrində misgərlik emalatxanası açaraq fəaliyyətlərini daha da genişləndirirlər.

Masallıda yaşayan Lahıclı misgər Taleh Ağayev çox böyük ləyaqətlə bu sənəti davam etdirir. Usta Talehin emalatxanasındakı mis qablar qablar, samovarlar və qədimi qazanlar insanları valeh etməyə bilmir. Usta işini ancaq yeni əşyalar hazırlamaqla məhdudlaşdırmır, o, həmçinin samovarların, əntiq metal qabların təmiri ilə də məşğul olur. Usta Taleh bildirir ki, qapaqlı mis qazanın hazırlanması 50-200 manata başa gəlir. Bir məcməyini isə ölçüsündən və materialından asılı olaraq 50-150 manata almaq olar. Qabların üzərinə ən çox milli ornamentlərdən olan buta naxışları döyülür. O, qeyd edir ki, bəzən isə müştərilərin istəklərinə uyğun olaraq, usta müxtəlif təsvirlər həkk edir. Misgərlik sənətini dövrümüzdə yaşadanlardan olan usta Taleh Masallının Boradigah qəsəbəsində yaşayır. O, bu gün ölkəmizdə bu sənəti yaşadan az sayda ustalardan biridir ki, onun əl işləri Azərbaycandan kənarlarda da məşhurdur.

Ustanın emalatxanasında olan hər kəs bura daxil olarkən elə bilir ki, misgər emalatxanasına deyil, böyük bir muzeyə daxil olub.

O, misgərlik sənətinin incəliklərindən danışarkən deyir:”Bizim əslimiz İsmayıllının Lahıc kəndindəndir. Rəhmətlik atam Lahıcda misgər işləyib, sonra köçüb Ağdama, oradan da Masallıya. Atam və ustam olan Nurəddin kişi öz dövrünün ən tanınmış və gözəl misgərlərindən idi”.

Keçən yazılarımda da qeyd etmişdim ki, misgərlik nəsildən nəsilə ötürülən, ailə üzvləri tərəfindən davam etdirilən, yaşadılan xalq sənəti növüdür.

O, həmçinin deyir ki, uşaqlıqdan bu sənətə maraq göstərib və bu yolu davam etdirdiyi üçün peşiman deyil:”Uşaqlığım atamın emalatxanasında keçib və uşaq vaxtlarından atamın necə işlədiyinə baxa-baxa öyrənməyə başladım. 17-18 yaşlarımda isə artıq sərbəst şəkildə misgərlik edirdim. Mis qabların necə hazırlanmasına gəlincə, deyim ki, bu iş dəqiqlik tələb edir. Mis, yaxud bürünc material müxtəlif qabların formasını alır, sonra onun üzərində diyircəkli qələm və ya markerlə eskizini çəkirəm. Ardınca onun bəzəklərini döymə üsulu ilə işləyirəm. Yaxud da əksinə, öncə qabın bəzəyi hazırlanır, sonra döyülərək formaya salınır. Əvvəllər rəhmətlik atam və biz 4 qardaş birlikdə işləyirdik. Sonra o biri qardaşlarım sənətlərini dəyişdilər, yalnız mən öz dədə-baba sənətimizə sadiq qaldım və davam etdirdim. Sovet dönəmində işimiz, sifarişlərimiz çox olardı. Ən çox sifarişlər Lənkəranın kəndlərindən gəlirdi. Elə Lənkəranın özündən də müştərilərimiz az deyildi. Əsasən, mis məcməyilər tələb olunurdu. SSRİ dağılandan sonra yaranan vəziyyət misgərlik sənətində də mənfi izlərini qoymaya bilmədi. Bu ilk növbədə özünü müştərinin bu işə münasibətində göstərməyə başladı. Müştərilərin sayı kəskin şəkildə azaldı. 2000-ci illərdən bu sənət yenidən dirçəlməyə başladı. Əvvəlki kimi olmasa da, hazırda pis-yaxşı dolanırıq. Hazırda sifarişlərin çoxu rayon rəhbərliyindən gəlir”.

T. Ağayev samovarların, əntiq metal qabların təmiri ilə də məşğul olur, müştərilərin istəyinə uyğun olaraq köhnə qabları qalaylayır. O, qeyd edir ki, xarici ölkələrdən də müştəriləri olur. "İrandan, Rusiyadan, Türkiyədən və hətta Almaniyadan da ona sifariş verənlər var. Xüsusilə qeyd etmək yerinə düşər ki, ustanın hazırladığı qapaqlı plov qazanı Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən alınaraq, Sankt-Peterburq merinə hədiyyə edilib”-deyə sənətkar vurğulayır.

Əziz dostlar, gördüyünüz kimi Lahıc misgərlik sənəti yalnız bir rayonda, qəsəbədə öz fəaliyyətini məhdudlaşdırmır, bu sənəti yaşadan ustalara Azərbaycanın hər yerində rast gəlinir. Bu da o deməkdir ki, misgərlər qədim ənənəvi xalq sənətimizi yaşatmaqla bu sənətə müasir gəncliyin ürəyində məhəbbət yaratmaq istəyir. Gənclik bu sənətə sahib durarsa onun ömrü daha uzun olar...

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur