adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2018 16:05
30596
MƏDƏNİYYƏT
A- A+

Lahıc misgərlik sənəti necə zirvəyə ucaldı?

Lahıc misgərlik sənəti həm tarixi keçmişi, həm də müasir siması ilə nəinki ölkəmizdə, hətta bütün dünyada böyük maraqla qarşılanır. Misgərlik sənətimiz çox qədimdir, qədim olduğu qədər də müasirdir. 

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Xalq sənəti xalqın qədimliyini, dövlətçilik ənənələrinin daha dərin qatlara bağlı olduğunu göstərir. Hansı xalqın ki, yaşı minilləri adlayan xalq sənəti növləri yoxdur, demək, o xalq çox kasıbdır. Xalq sənəti əsrlərin süzgəcindən keçərək ustaddan şəyirdə ötürülərək günümüzə qədər gəlib çatıb. Keçən çağlarda hər ustanın, hər sənətkarın özünün emalatxanası, şəyirdləri, davamçıları olardı.

O emalatxanalarda xalq sənəti inciləri yaradılardı. Bu incilər emalatxanalardan bazarlara, ticarət evlərinə, saray və malikanələrə ayaq açardı. Gözəl, gözəl olduğu qədər də unikal olan bu xalq sənəti nümunələri arasında misgərlik xüsusi əhəmiyyət kəsb edirdi. Misgərlərin yaratdığı möcüzə aləmi heyran qoyurdu. Bu gün də misgərlik yaşayır. Məişətdə misgərlik nümunələrinə elə də yer verilmir, amma hesab edirik ki, hər evdə misgərlik nümunəsi olmalıdır.

Sənətşünaslar bildirir ki, misgərlik dəmir dövründən yadigar qalıb. Alimlərin qeydlərinə görə, aparılan tədqiqatlar və həmin sənətin yaşadılması onu deməyə əsas verir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. Sənətşünaslar bildirir ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Sənətşünaslar qeyd edir ki, bir sənət kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən yüksək inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan mis eksponatlar da sübut edir.

Tarixi mənbələrin yazdığına görə, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarin yazırdı ki, burada hər gün hökmdarın ətrafındakı təxminən 400 nəfərə mis qablarda yemək verilir. XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Alimlərin qeydlərinə görə, mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.

Mənbələrdə bildirilir ki, Azərbaycanda misgərlik sənətinin mərkəzlərindən biri Lahıc olub və bu gün də Lahıc var gücü ilə bu sənətə sahiblik edir. Bu gün misgərlik sənəti inkişaf edir və onu yüksəkliyə doğru aparan ustalar var.

Bu gün lahıclı misgərlərin əl işinə dünyanın istənilən şanlı-şöhrətli muzeylərində rast gəlmək mümkündür.

Tanınmış mədəniyyətşünas Binnət Hümbətoğlu yazır ki, Lahıc qəsəbəsi tariximizin XVIII-XIX əsrlərində Azərbaycanın misgərlik məmulatları və silah istehsalı mərkəzlərindən biri olmuşdur:”Lahıcda misgərlik sənətinin belə yüksək səviyyədə gəlib günümüzə çatmasının bir səbəbi budursa da, digər səbəbi şübhəsiz ki, buradakı insanların, sənətkarların bu peşəyə hədsiz sevgi və məhəbbəti olmuşdur.

Burada misgərlər məişətdə işlənən mürəkkəb və incə naxışlarla bəzədilmiş dolçalar, sərniclər, satıllar, məcməyilər, sərpuşlar, güyümlər, aşsüzənlər, kəfgirlər, kasalar, camlar, qazanlar, badyalar, səhənglər, çıraqlar və s. bu kimi məmulatlar hazırlamaqla yanaşı, eyni zamanda buradakı sənətkarlar odlu (tüfənglər, müxtəlif çaplı tapançalar və s.) və soyuq (xəncər, beybud, qılınc, bıçaq və s.) silahlar hazırlamağı ilə də məşhur olmuşlar.

Lahıc təkcə misgərlik sənəti və misgərləri ilə məhşur olmamışdır, həmçinin burada yaşayıb yaradan digər peşə sahiblərinin - zərgərlərin, sərracların (yəhər düzəldənlərin), palançıların, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların (dəri-gön aşılıyanların), çəkməçilərin, çarıqçıların və s. sahələr üzrə sənətkarların da məskəni olmuşdur. Bu sənətkarların da əl işləri, maddi mədəniyyət nümunələri kimi, hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

Deməli, bu gün məhz "Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi heç də təsadüfi olmamışdır.

Bu xeyirxah işdə milli mədəniyyətimizin əvəzsiz himayədarı Mehriban xanıma yaxından köməklik etmiş Mədəniyyət Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyinə və bu sahə üzrə mütəxəssis-ekspertlərə dərin təşəkkürümü bildirməyi də özümə borc bilirəm.

Azərbaycan misgərliyinin tarixinə nəzər saldıqda görürük ki, bu peşə dəmir dövründən qalma bir sənətdir. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, vətənimizdə misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub”.

B.Hümbətoğlu yazır ki, Azərbaycanda mis xam malı, mis məmulatları və bu sahə üzrə sənətə gəldikdə isə, deyə bilərəm ki, bu diyarda misgərliyin inkişafı elə misin kəşf olunma tarixi ilə eynidir. Ola bilsin ki, orta əsr araşdırmaçıları bu fikirlərlə tam razılaşmasın, lakin hesab edirəm ki, qədim tarixi mənbələri araşdırsalar, məni təsdiqləyərlər.

O, hesab edir ki, bu gün Azərbaycanda misgərlik sənətinin ən böyük təmsilçisi Lahıcdır və lahıclı misgərlərdir. Mədəniyyətşünasın qeyd etdiyinə görə, cəmiyyətimizin özünün misgərlik sənətinə münasibəti müsbətə doğru dəyişməlidir. Onun sözlərinə görə, bundan sonra lahıclı misgərlər daha böyük uğurlara imza atacaqlar.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur