adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyun 2018 13:58
9981
MƏDƏNİYYƏT
A- A+

Lahıcdan UNESCO-ya qədər gedib çıxan qədim misgərlik sənəti…

Misin dilini misgərdən yaxşı bilən yoxdur. Minillərdir misi danışdıran, ona nəfəs verən, əsl sənət əsərinə çevirən lahıclı misgərlər böyük qeyrətlə bu qədim sənəti dünəndən bu günə daşıya biliblər.

Rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram.

Bu dəfə lahıc misgərlik sənətinə bəslənən dövlət qayğısı haqqında danışmaq istəyirəm. İnkişafda olan hər bir xalq sənəti dövlət qayğısı ilə əhatə olunmasa onun gələcəyi şübhə altına düşər.

Məlum olduğu kimi Azərbaycanda dövlət səviyyəsində qədim sənət növlərinin qorunmasına, inkişafına və təbliğ edilməsinə xüsusi önəm verilir. Sevindirici haldır ki, son illər xalq sənətinin geniş miqyasda tanıdılması həyata keçirilir. Söz yox ki, burada Heydər Əliyev Fondunun böyük əməyi var. Məhz dövlət dəstəyi, eləcə də Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın 1-ci Vitse-Prezidenti Mehriban Əliyevanın səyi və qayğısı sayəsində 2015-ci ildə "Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi.

"Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi əlbəttə ki, dövlətimizin beynəlxalq aləmdəki müsbət imici, böyük nüfuzu ilə bağlıdır. Ekspertlər qeyd edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olmuşuq.

Məlum olduğu kimi, Azərbaycan qədim dövrlərdən misgərliyin mərkəzlərindən biri olub. Ərazimizdə tapılan ilk mis əsaslı metal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə.VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Sənətşünaslar yazır ki, Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlanan misdən hazırlanan nümunələr bir daha sübut edir. Tədqiqatçılar yazır ki, 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. XIX və XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları mis məmulatları müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb (1850-ci ildə Zaqafqaziya diyarı əsərlərinin sərgisi, 1873-cü il Ümumdünya Vyana sərgisi).

Maraqlı faktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını buraya həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları. Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olub. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

Sənətşünaslar yazır ki, qədim xalq sənət növlərindən biri də dəmir dövründən qalma misgərlikdir. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. O da məlumdur ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi neolit dövrünə aiddir.

Misgər Şəmsəddin Məmmədovun fikrincə, bu sənət çox qədimdir:”Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralar cənuba - İrana keçib, ordan isə Orta Asiya respublikalarına. Misgərliyin kökü Azərbaycanda çox qədimlərə qədər gedib çıxır: 500 il bundan öncələrə. Bu sənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə ki, sənətkar iki il işləyib, ona, sadəcə, qab demək olmaz".

Ustaların misdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü mis dövründən cilalana-cilalana bu günədək yol gəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayevdir. Atasından öyrəndiyi sənətlə məşhurlaşan usta Kamal deyir: "Misgərliyin itib-batmaması üçün atam məni məcbur etdi ki, onu öyrənim. İstədi ki, bu sənət gələcək nəsillərə də çatsın. Düzdür, ağır, çətin sənətdir. Ancaq bir sənət ki, Azərbaycan xalqının maddi mədəniyyətindən bəhs edir, onu yaşatmaq lazımdır".

Əslində bu sənət nə qədər maraqlıdırsa, bir o qədər də çətindir. Ustalar deyir ki, onu öyrənənlərin marağı yoxsa, nəyin və kimin xatirinə bu sənətə gəlmək istəyirsə, ondan misgər olmaz. Misgərlər səbrli, incə, zərif zövqə malik olmalıdır. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Bu şərtlər hələ tam və hamısı deyil ki, misgərlər ona əməl etməlidir. Savad da misgərlikdə vacibdir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləri bilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir.

Tədqiqatçılar qeyd edir ki, misgərlik də, digər qədim sənət növləri kimi, problemlərlə üzləşməli olub. Mis qab-qacaqların sayının və çeşidinin azalması təkcə peşəkar misgərlərin barmaqla sayılmasından irəli gəlmir. Şüşə və digər, məsələn, keramika məmulatlarından hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilir.

Azərbaycanda elə yerlər olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olma kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb. Hələ XIX əsrin ortalarında Lahıcda 180-190-a yaxın mis karxanası olub. XIX-XX əsrlərdə Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətə təsir etsə də, böyük tarixə malik olan misgərlik yenə metalişləmədə əsas yerlərdən birini tutub. Həmin dövrlərdə mis qablara hətta qonşu ölkələrdə də böyük ehtiyac duyulurdu. Bu gün də misgərlik sənətinin yaşamasına böyük ehtiyac var və bu sənət dövlət dəstəyi ilə inkişaf edir.

Bu gün respublikamızda misgərlik sənətinin yeni inkişaf dövrü yaşanır. Hesab edirik ki, bu qədim xalq sənətinə dövlət qayğısı mədəni irsimizin qorunmasına böyük töhfədir.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur