adalet.az header logo
  • Bakı 21°C
17 Iyun 2018 13:56
11690
MƏDƏNİYYƏT
A- A+

Lahıc misgərlik sənəti qədiliklə müasirliyin harmoniyasıdır...

Bu gün də böyük heyrət doğuran və insanların maraqla, diqqətlə yanaşdığı misgərlik sənəti tam qüvvəsi ilə olmasa da, müxtəlif misgərlərin, sənət ustalarının səyləri nəticəsində yaşadılır, öz mövcudluğunu qoruyub saxlayır.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər bir informasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Keçən yazılarımda Lahıcın füsunkar təbiətindən, qeyri-adi gözəlliyindən, burada mövcud olan misgərlik sənəti haqqında az-çox məlumat vermişdim.

Lahıc Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləşib.Onun ərazisindən həmçinin Lilo, İl ,Cəfələ və Kişlər kimi kiçik çaylar da axır.

Lahıc bütün tarixi siyasi quruluşlarda, müxtəlif hakimlərin dövründə heç bir vaxt öz əhəmiyyətini itirməyən bir ərazimiz olub. Sıldırım qayalar, dar dağ keçidlərindən salınan cığırlar vaxtilə dünya tacirlərinin gəliş gedişi üçün böyük vasitəyə çevirilmişdi. Sözsüz ki, bir çox karvan yollarını keçdiyi və zaman keçdikcə sənətkarlığın, ticarətin inkişaf etdiyi bir orta əsr feodal şəhəri kimi tanınmış və həmişə öz mövqeyini qoruyub saxlamışdır.

Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir .

Lahıc qədim sənətkarlarının ustalığı Azərbaycan xalqının dekorativ-tətbiqi sənətdə kökü çox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə özünəməxsus memarlıq və adət-ənənləri ilə məşhur deyil , həm də öz gözəlliyi və unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları, xüsusilə də misgərləri ilə tanınır. Qeyd edim ki, burada 127-yə yaxın sahəsi inkişaf etmiş sənətkarlığın mövcudluğunu bildirmək istəyirəm. Məlumatlara görə, XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı. Bügünkü Lahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür , həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq , dəmirçilik, bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır. Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tam azad edib.

Lahıcda ən məşhur sənət misgərlik olub və bu diyar dünyada məhz daha çox bu sənətə görə, şöhrət tapıb. Artıq neçə minillərdir ki, Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. Zaman vardı ki, o mis məmulatlarla nəinki Azərbaycanı ,həm də bütün Qafqazı, yaxın, uzaq ölkələri təmin edirdi. Buradan məhsullar İrana və Kiçik Asiyaya ixrac edilirdi. Bəlkə də dünyanın heç bir yerində misgərlik bu dərəcədə inkişaf etməyib. Mis xammalı Bakı , Tiflis ,Gədəbəy, Zəngəzur habelə xaricdən Suriya, Türkiyə , İngiltərə və Həbəşistandan gətirilirdi. Sovet dövründə isə Ukrayna və Rusiyadan idxal edilirdi. Misgərlik sənətinin uğurlu inkişafı əlavə daha 40-a yaxın köməkçi peşə və sənət sahələrinin mövcudluğu ilə bağlı olub. Misgərlik əsərlərinin yaranmasında qalayçılıq, dabbağlıq, dəmirçilik ,kömürçülük və s rol oynayıb. Bu sənətlərin üzvü birliyi belə bir möhtəşəm və unikal sənət növünün yaranmasına və inkişafına səbəb olub.

Misgərlik sənətindən danışarkən adlarını qeyd etdiyim və etmədiyim sənət növlərini unutmadım. Mis nümunələrinin gözəl şəkildə təqdim edilməsində əsas rol oynayan həkkaklıq sənətidir ki, o hazırlanmış mis qablara, əşyalara xüsusi yaraşıq verir.

Məlumdur ki, Mis məmulatların əksəriyyəti dekorativ naxışlarla bəzədilirdi .Bununla məşğul olanlara həkkak deyilirdi . Qabların üzərindəki heyvanat və nəbatat aləmindən real həyatı əks etdirən naxışlar, Quran ayələri və məşhur Şərq şairlərinin şeirlərindən misralar sübut edirdi ki , bunlar artıq adi qab deyil , sənət əsərləridir. Misgərlik nümunələrinin adi məişət əşyasından sənət əsərinə çevirilməsi həqiqətən də maraqlı hadisədir.

Misgərlik sənətində köməkçi rol oynayan qalayçılıq son dövrlərə qədər geniş yayılmışdı. Belə ki, qalayçılar kənd-kənd, mahal-mahal gəzib mis qabların yırtılmış, dəlinmiş yerlərini qalaylayıb onu yeni bir əşyaya çevirirdi.

Mənbələrin verdiyi məlumata görə, yemək hazırlanan mis qablar yalnız qalaylandıqdan sonra istifadəyə yararlı olur. Bu işi görən adamlar qalayçı adlanır . Qalayçı mis qabı əvvəlcə kirdən və yanıqdan təmizləyir sonra qalaylayır. Lazım gəldikdə onlar köhnə qabı təmir edir və axan yerini lehimləyirlər.

Misgərliyin ayrılmaz hissəsi olan dəmirçilik sənətindən də danışmaq istəyirəm.

Emalatxanasında olduğum ustalar bildirdilər ki, misgərliyin inkişafı dəmirçiliyin də inkişafına çox təsir göstərib. Onların sözlərinə görə, dəmirçilər ilk növbədə məişətəşyaları və kənd təsərrüfatı alətlərini hazırlamaqla məşğul idilər. Lakin elə dəmirçilər vardı ki , misgər ,dəmirçi ,dülgər ,bənna ,zərgər və s. sənətlər üçün alətlər hazırlamaqda ixtisaslaşmışdılar. Bəzi dəmirçilər nal və ona uyğun mıx hazırlamaqla məşğul olurdular. Həmin nal və mıxları heyvanlara vuran ustalar nalbənd adlanırdı.

Məlum olduğu kimi bu gün Lahıc misgərlik sənətinə dövlət səviyyəsində diqqət və qayğı var. Bu da misgərləri, bu sənətin yorulmaz yolçularına qol-qanad verir.

Ölkə başçısı İlham Əliyevin Lahıca diqqət və qayğısı misilsizdir. Bu qayğı nəticəsində burada misgərlik sənəti inkişaf edir. Deyərdim ki, Lahıcda inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik durur. Lahıcda misgərlik özünün tərəqqi dövrünü keçirib, bütün çətinliklərə baxmayaraq bu gün də yaşayır. Mübağiləsi deyə bilərik ki, bəlkə də dünyanın heç bir yerində misgərlik Lahıcdakı qədər inkişaf etməyib. Keçmişdə Lahıc misgərlərinin ustalığı digər ərazilərin misgərləri üçün nümunə olub, bu gün də nümunədir. Başqa bölgələrdə fəaliyyət göstərən misgərlər Lahıc misgərlərindən çox şeylər öyrəniblər.

Bu gün Lahıc misgərlik sənəti sözün əsl mənasında yaşadılır, onun yaşaması, genişlənməsi, inkişafı üçün yeni nəfəsliklər açılır. Bu da çisgərlərin, sənətkarların qarşısına yeni vəzifələr qoyur. Hesab edirəm ki, lahıclı ustalar bu qədim xalq sənəti növünün gələcək nəsillərə itkisiz ötürülməsində xüsusi rol oynayacaq.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur