adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyun 2018 17:53
13745
MƏDƏNİYYƏT
A- A+

Lahıclı misgər usta Nəzər Əliyevin sənət hekayəti

İsmayıllı müasirliklə qədimliyin yalnız təbiətini deyil, həm də etnoqrafik mənzərəsini əks etdirən qədim bir diyardır. Tarixin özü qədər yaşı olan İsmayıllının əsrarəngiz Lahıc qəsəbəsi misgərlik sənətinin beşiklərindən biri olub. Lahıcda yaranıb formalaşan misgərlik sənəti ənənəvi xalq sənəti olaraq nəsillərdən nəsillərə ötürülüb. Əlbəttə, ulularımızdan qalan mirasa layiqincə sahib durmağı bacarmalıyıq.

İsmayıllının lahıc qəsəbəsinə yol alanda məqsədim buradakı misgərlərin emalatxanasına baş çəkmək, onlarla ünsiyyət qurmaq idi. Lahıc məni həmişəki kimi qarşıladı, öz gözəllikləri, füsunkarlığı ilə ovqatımı qaldırdı.

İlk tanış olduğum usdad misgər Nəzər Əliyev oldu. Onun emalatxanası məni sözün əls mənasında keçmişlərə qaytardı. Usta Nəzərin emalatxanasında misgər əlilə gözəl cilanmış mis əşyalarla qarşılaşdım. Onun əl işləri olduqca maraqlıdır və o, ısimuzərlərə, güyümlərə, tavalara, qazanlara, bilərziklərə, sərniclərə həyat verir. Usta Nəzər ilə tanışlığım və onun emalatxaansında gördüklərim mənə bu sənətin tarixi keçmişi və müasir vəziyyəti haqqında geniş informasiya verdi. Usta Nəzər misdən əşyalar düzəltməyi bacaran tək-tük bacarıqlı ustalardandır. Ustanın mislə dostluğu, ünsiyyəti uşaq yaşlarından başlayıb. Sənətkar öz sənətinə elə bağlanıb ki, indiyə qədər də ondan qopa bilmir. O, sənətə gəldiyi ilk dövrləri belə xatırlayır:"Biz uşaq olanda valideynlərimiz bizi nəzarətsiz buraxmazdı. Onlar bizim hər addımımıza fikir verirdilər. Biz də dərsdən sonrakı vaxtlarımızı dükanda keçirərdik. Əvvəl-əvvəl işlərin necə getdiyini seyr edər, qulluğa baxardıq. Günlərimiz o emalatxanada keçdiyi üçün böyüdükcə iş proseslərin necə getdiyinin şahidi olursan. Və yavaş-yavaş işin qulpundan yapışırsan, işlədikcə də formalaşırsan. Əvvəl müəyyən hissələri düzəldirsən, sonra isə böyük işlər bələd olursan və işləyə-işləyə ustalaşırsan, usta kimi püxtələşirsən. O vaxtlar həyatın tələbinə uyğun olaraq tamamilə başqa əşyalar düzəldirdilər, indi isə tamam başqa. Uşqalıqda biz indi düzəltdiklərimizi düzəltmirdik. Bu qədər dekorasiya ilə məşğul olmurduq”.

Usta Nəzər sənətindən tamamilə fərqli bir sahədə - riyaziyyat müəllimi ixtisasi üzrə ali təhsil alıb. Qızıl medalla təhsilini başa vurub. Bir neçə il müəllim kimi də işləyib. Sənətə olan maraq və bir az da şəraitdən aslı olaraq pedaqoji fəalliyyətdən uzaqlaşaraq misgərliklə məşğul olmağa başlayıb:”Maaşlı işə baxanda bu iş nisbətən maddi ehtiyacı qarşılayır. Ümumiyyətlə, böyüklərdən də bizə nəsihət olunub ki, sənətin istənilən sahəsində çalışmaq insanı milyoçu etməsə də, borclu da qoymur. Nə qazansan, bilərsən ki, halal zəhmətin, alın tərin və əllərinin, göz nurunun sayəsində qazanarsan. Bu işin sayəsində normal yaşamaq mümkündür. Həm də gördüyün işdən həzz almaq da olur”.

Usta Nəzərin dediyinə görə misgərin ən birinci işi metalı tanımasıdır. Misdən əşyalar düzətməyin incəliyi, sirri doğru xammalı seçə bilməkdədir. Göz nurunun, incə zövq və böyük səbrin nəticəsi olan əl sənəti məhsullarını diqqətə layiq bir tərzdə düzəldən usta bu işlər üçün xammal seçimində də diqqətlidir: "Əlvan metal elə bir şeydir ki, heç vaxt xarab olmur. Hər hansı bir köhnə əşyadan istifadə edib yeni əşya düzəltmək mümkündür. Rusiyadan mis, latun, bronz gətirirlər. Bazarlarda satışda var. Hansından istəsən tapa bilərsən. Yetər ki, keyfiyyətli olsun. Bizim bu işlə məşğul olan xüsusi alverçilərimiz var. Onlar Rusiyadan metalı gətirirlər, biz də alırıq. Amma əvvəllər Azərbaycanın özündə də metal istehsalı olub. Gədbəydə, Qərbi Azərbaycanda metal mədənləri olub. Ordan xammalı filiz şəklində daşıyıb gətirər, burda emal edərdilər. O vaxtlar çətin idi. Amma indi nisbətən asandı. Çünki hazır material gəlir. Həm də ki, indi sənaye çox inkişaf edib və məhsulun keyfiyyəti də yaxşdır”.

Məlumdur ki, ən qədim dövlətçilik samovarları Azərbaycanda, İsmayıllı rayonunun Lahıc qəsəbəsində düzəldilib. Nəzər usta da samovarın simuzər olan vaxtlarından və simuzərin necə samovar olmasından, müasir samovarların yaranmasından danışır."Qədimdə İsmayıllıda 40-a yaxın sənətkarlıq sahəsi vardı. Onların içində ən çox yayılanı misgərlik olub. Həmin dövrdə misgərlərə tələbat daha çox idi. Eləcə də mis məmulatlara. Bizim iş adamlarımızın, o vaxtın dili ilə desək, tacirlərimizin Yaxın və Orta Şərq, Orta Asiya ölkələrində yerləri var idi. Misgərlərimizin məhsullarını aparıb bu ölkələrdə satırdılar. Köhnə, sınmış, istifadəyə yararsız əşyaları da ordan yığıb gətirirdilər. Bu işlə də çarvadarlar deyilən sənətkarlar zümrəsi məşğul olurdu. Çarvadar at sahiblərinə deyirdilər. Elə adam var idi 5, elə adam da var idi ki, 70 atı var idi. Məsələn, o adamların işi sərnişin, əsasən də yükləri daşımaq olurdu. Onların qrafikləri o qədər dəqiq olub ki, lazımi anda məhsulu vaxtında yerinə çatdırmalı idilər. Vaxt itirmək olmazdı. Bununla yanaşı vaxtlı-vaxtında ibadətlə məşğul olurdular. Çalvadarların da hər birinin xurcununda xüsusi bir əşya olurdu. Və həmin əşya bizdə simuzər adlanırdı. İndiki samovar kimi məşhurlaşan Rusiya əşyalarının əjdadı sayılan simuzər. Bax, onu kalvadarlar üçün yerli misgərlər hazırlayırdılar. Sonradan Rusiyada 17-ci əsrdə ilk silah zavodları açılır. O zavodlarda silah istehsalında lazım olan bilik və bacarıqları bizim silahsaz ustalardan öyrənmək lazım olub. Xüsusən də tüfəng lüləsinin içində mərminin uçuş sürətini artırmaq üçün yuva açmaq lazım gəlib. Və bu məqsədlə onlar öz xüsusi adamlarını ezam ediblər bura - Lahıca. O zamanlar da, misal üçün, Kürdəmirdən Lahıca qədər atla gəlirdilər. Nümayəndələr gələrkən bizim yerli çarvadarların xurcununda simuzəri görürlər. Çarvadarlar dayanmadan, ocaq qalamadan, vaxt itirmədən, düşərgə salmadan atın belində hərəkət edərkən də çay qaynadıb içir. Bu onlara çox qəribə gəlir. Onlar görürlər ki, bu elə yaxşı əşyadır ki, atın belində, vaxt itirmədən insan çay qaynadıb içə bilir, soyuq vaxtdırsa dəstəmaz almaq üçün su qızdıra bilir. Qayıdanda lazımi vərdişləri silahsaz ustalardan öyrənib gediblər. Özləri ilə də həmin o əşyadan - simuzərdən alıb aparıblar. Simuzər bu qədər yaxşı əşya olub. Sonradan görünür ki, Rusiyada silah zavodlarının ətrafında ilk samovar manufakturaları yaranıb. Quruluşu bizim simuzərdən götürsələr də, sonralar tədricən dəyişilərək indiki samovar olub. Fərq ondan ibarət idi ki, onlar bizim kimi misdən yox, sonralar latundan düzəltməyə başlayıblar. Çünki o silah zavodlarında patronları bürüncdən, latundan düzəldirdilər, onlar da hazır material kimi o zavodlardan xammalı əldə etməklə bizim tanıdığımız müasir, Rusiya samovarlarını düzəltməyə başlayırlar. İndi Rusiyada, Rusiyadan sonra Polşada, müasir dövrdə isə İranda samovar istehsal edirlər. Amma bunların hamsının əjdası Lahıc simuzərləri olub. Lahıc simuzərləri lazım olanda dekorativ bəzənirdi. Indi biz əsasən, naxışlısını düzəldirik. Çünki insanlar belə xoşlayırlar. Bir-bir düzəldiləndə usta onun su tutumu ilə od (kömür) tutmaq həcmini, nisbətini yaxşı fikirləşə bilir. Amma kütləvi istehsalda bunlar nəzərə alınmır”.

Usta Nəzər dedi ki, Sovet dövründə Rusiyada samovar istehsal edirdilər. Onun sözlərinə görə, amma sovet dövründə istehsal olunanlar çar dövründəkinə nisbətən faydalı iş əmsalı baxımından uduzurdular. "Samovarlar da bu baxımdan bizim simuzərlərə uduzurdular. Simuzərlərin faydali iş əmsalı yüksək olub. Simuzəri hazırlayarkən ustanın ustalığı ondadır ki, o nisbəti elə tapa bilsin ki, su çox olsa simuzər gec qaynamasın. Su az tutub, odluğu böyük olarsa bu da, alıcı üçün sərfəli deyil. Yanacağı çox işlədib, suyu az qaynatmalıdır. Ona görə də optimal bir variant tapmaq lazımdır ki, bu da, vərdişdən, çox işləməkdən, illərin insana verdiyi təcrübədən aslı olan bir şeydi. Bir simuzəri hazırlamaq üçün ortalama 40 gün vaxt lazım olur. Simuzərin bir xüsusiyyəti də var ki, yayda suyu bumbuz saxlayar, qışda isə qaynar. Ölçüsündən, dekorasiyasından da aslı oalraq qiymətlər müxtəlif olur. 150-600 manat arasında qiymətlər dəyişir”-deyə usta bildirdi.

Sifarişləri əsasən haradan almasına gəlincə, usta Nəzər dedi ki, ən çox Bakıdan sifariş alır:"Əsasən sifarişlə işləyirəm. Sifarişlər Bakıdan daha çox olur. Azərbaycanın başqa yerlərindən də sifarişlər qəbul edirəm. Həmçinin İsraildən, Latviyadan, müxtəlif ölkələrin burdakı səfirliklərindən də olur. Rusiya samovarlarının yenidən bərpasını da burda elətdirirlər. Lahıcda mümkün olmayan şey yoxdu. Sifarişi turistlərə satıram. Bilirəm ki, mənim adım olan əl işlərim Avropa ölkələrindən başqa, Avstiraliyada, Argentinada, Yeni Zellandiyada da var. Dünyanın dəmək olar ki, hər ölkəsində əl işimə rast gəlmək olar. Nə vaxtsa kimlərəsə maraqlı olsa taparlar, görərlər. Üstündə "Azərbaycan, Lahıc”, öz adımı və tarixi yazıram”.

Qeyd edək ki, usta Nəzərin düzəltdiyi əşyaların bir qismi Azərbaycanda, bir qismi isə xarici ölkələrdə sərgilənir. O, deyir ki, tədbirlərə dəvət edirlərsə mütləq gedirəm. Öz işlərini nümayiş etdirməkdən zövq aldığını deyən usta bildirir ki, sənətin təbliği naminə çox işlər görür:”Heç vaxt tənbəllik etmirəm. Milli Parkdakı bayram tədbirlərində əl işlərim həmişə nümayiş olunub. Hər il Expo Mərkəzdə turizm sərgisi olur, orda iştirak edirəm. Müxtəlif rayonlarda sərgilərim olub. Ölkəmizdən kənarda, Gürcüstanda, Avstriyada, Vyanada sərgilərim olub. Hara dəvət edirlər gedirəm. İşlərimi nümayiş etdirmək xoşuma gəlir. Bu, sənətkarlıqdan əlavə, bir mədəniyyətdir”.

Nəzər Əliyevlə söhbət etmək, onun öz sənəti ilə bağlı danışdıqlarını qələmə almaq çox xoşdur. Bu söhbətlərin faydası böyükdür. Qədim xalq sənətimiz olan misgərliyin bu gün yaşaması və usta Nəzər və onun yetirmələri, digər misgərlər tərəfindən yaşadılması çox vacibdir.

Ədil ƏDİlZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur