adalet.az header logo
  • Bakı 13°C
15 Iyun 2018 13:49
22102
MƏDƏNİYYƏT
A- A+

İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan misgərlik sənətinin izi ilə...

Lahıc əfsanələr, nağıllar diyarıdır sanki. Minillərin sınağından mətanətlə çıxan Lahıc dünən də, bu gün də qədim misgərlik sənətinin ata ocaqlarından biridir. Dünyanın milyon illik yaddaşında Lahıcın-bu füsunkar aləmin öz izi var. Bu gün o izlə saysız-hesabsız sənətkarlar, misgərlik sənətini dünəndən bu günə daşıyan insanlar irəliləyir. Zaman vardı ki, dünyanın ən müxtəlif ölkələrindən uzanan yollar Lahıcda birləşirdi. Qədim səyyahları, tacirləri, gözəllik aşiqlərini lahıc ustalarının əlinin sığalından yaranan qeyri-adi dərəcədə gözəl mis qablar özünə cəlb edirdi. Bu gün də Lahıc öz simasını qoruyur. İndi də Lahıc Azərbaycanın misgərlik sənətinin pardaxlandığı, çiçəkləndiyi bir məkan kimi mövcuddur.

Özüm İsmayıllıdan olsam da Lahıca barmaqla sayılacaq qədər getmişəm. Hər dəfə sıldırımlı yollarla üzü dağlara tərəf yol alanda sanki bu yolu birinci dəfədir gedirəm hissinə bələnmişəm həmişə. Ssıldırım qayalar öz qartal görkəmi ilə vahiməli salıb hər zaman məni..Amma gözəlliklərə addım-addım yaxınlaşdıqca o vahimə əriyib, yoxa çıxıb. .

Rəhbərlik etdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günkü vəziyyətini geniş araşdırmağa imkan verir.

Dediyim kimi Lahıc nağıllar aləmidir sanki. Burada qədimliklə müasirliyin gerçək qurşağı formalaşıb.

Heç şübhəsiz ki, zaman dəyişir, bu özünü bəzən milli-maddi dəyərlərə yanaşmada da özünü göstərir.

Sirr deyil ki, illər əvvəl Azərbaycanın hər yerində, eləcə də, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların evində mis qablar, məişət əşyaları olardı. Analar böyük sevgi və qürurla qızlarına verdikləri cehizə mis qablar, evdə işlənən əşyalar da qoyardılar. Zaman – zaman mis qablar, əşyalar insanların məişət həyatında mühüm rol oynayardı. Bu həm sağlamlıq baxımından insanlara fayda verərdi, həm də maddi irsin ailələr tərəfindən qorunmasına, nəsillərdən nəsillərə ötürülməsinə səbəb olardı. Xörəklər mis qazanlarda bişərdi və süfrəyə də mis qablarda verilərdi. Bu cümələri yazarkən həmin səhnələr gözlərim qarşısında canlanır. Mis qablar, məcmayilər, qazanlar, aşsüzənlər, sərniclər, badyalar, dolçalar, satıllar, tərəzilər, səhənglər, daha nələr keçmir gözlərim qarşısından. Bu gün o nümunələrə muzeylərdə rast gəlirik, təəssüf ki, məişətimizdə o qablara çox nadir hallarda təsadüf edirik. Təbii dövr dəyişdikcə mis əşyalardan daha az istifadə olunmağa, bu da öz növbəsində misgərlik sənətinin əvvəlki önəminin itməsinə gətirib çıxardı.Bu gün mis qabda yemək bişirmək üçün ya gərək nənənin cehizlərinə qarşı vəfalı olasan, ya da şimal rayonlarına üz tutasan. Məsələn, mən bu halın yenidən şahidinə çevirilmək üçün İsmayıllının Lahıc qəsəbəsinə yol alacağam. Yəni ikinci yolu seçdim və bu yolda qarşılaşdığım bütün hadisələri, gördüklərimi inci kimi ipə-sapa düzəcəyəm. Üz tutdum İsmayıllının Lahıc qəsəbəsin gördüklərimi gələn yazımızda işıqlandıracağam.

İndi isə istəyirəm ki, Lahıc misgərlik sənətnin tarixinə diqqətinizi cəlb edim.

Ənənəvi xalq sənəti olan Lahıc misgərlik sənətinin inkişafnaı, onun daha geniş areallara yayılmasına ciddi ehtiyac var. Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalının tarixi çox qədimdir. Onu da vurğulayım ki, Lahıc misgərlik sənəti 2015-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Lahıc Misgərlik sənətinin inkişafında ayrı-ayrı ustaların, ailə şəcərələrinin böyük rolu olub. Qədim çağlarda yaranan əsrlər uzunu formalaşan və böyük təkamül yolu keçən Lahıc misgərlik sənəti məşhur misgərlərin özləri və davamçıları tərəfindən yaşadılıb. Məlumatlara görə, Lahıcın məşhur misgərlərindən olan Əliyevlər sülaləsi, ilk dəfə bu sənətə 1725-ci ildən başlayıblar. Sözsüz ki, onlara qədər də bu sənətlə məşğul olan sənətkarla, ustalar olub. Lakin onların adları tarixdə qalmayıb. Adları tarixdə qalmasa da, əllərinin sehrindən yaranan yüzlərlə sənət incisi nəsildən-nəsiə ərmağan edilib.

Lahıc Misgərlik sənətinin müxtəlif dövrlərdə daha yüksək səviyyədə inkişaf etdiyini əldə olunan maddi-mədəniyyət nümunələrinin, etnoqrafik materialların timsalında görə bilirik.

Ekspertlərə görə, Lahıc Misgərlik sənətinin intibah dövrü XIX yüzilliklə bağlıdır. Məlumatlardan aydın olur ki, XIX əsrdən başlayaraq Azərbaycanda Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Həmin dövrdən başlanaraq Lahıcda külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb. Əksinə daha üstün olub. Belə olmasaydı ənənəvi xalq sənəti olan misgərlikdən söz açılanda ilk olaraq ağlımıza Lahıc gəlməzdi. Tarixi mənbələrə istinad etsək deyə bilərik ki, XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib və burada onlarla çeşiddə misgərlik nümunələri yaradılaraq yerli və dünya bazarına ixrac edilib. Lahıc ustalarının əl işlərinə bu gün dünyanın istənilən muzeyində, şəxsi kolleksiyalarda rast gəlmək mümkündür.

XX əsrdə də Lahıc Misgərlik sənəti yaşadılıb. Lahıclı ustaların emalatxanasında yaranan bu əsrarəngiz nümunələr məişətin bəzəyinə çevirilib. Bu dövrdə də lahıclı ustalar misgərlik sənətini davam etdirib, onu övladlarına ötürüb.

Lahıc misgərlik sənəti XXI əsrdə özünün tamamilə yeni mərhələsinə qədəm qoyub.

Qeyd edim ki, 2010-cu il aprelin 19-da Lahıcda "Misgər-tənəkəçi” kursu açılıb. İlk kursu Lahıcdan olan 12 nəfər gənc bitirib. Onlar qədim xalq sənətinin sirrlərinə yiyələnərək bu sənətin əbədi yaşayacağına böyük ümidlər yaradıb. Deyək ki, bu təlimin rəhbəri həm də bu sənətin bilicisi olan Nəzər Əliyev olub. İlk kursu bitirən gənclərin bir çoxu Lahıc Tarix-Mədəniyyət Qoruğunda işə düzəlib. Qalanları işə qəsəbədəki sexlərdə bu sənətlə məşğul olurlar. Yuxarıda vurğuladığım kimi 2015-ci ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Lahıc misgərlik sənəti təqdim edilib və həmin ilin dekabrın 3-də bu sənət UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Lahıc misgərlik sənəti dekorasiyada, mədəniyyətdə, poçt markalarında da əbədiləşdirilib. Onu da deyim ki, Lahıc misgərlik sənəti 2014-cü ilin dekabr ayında buraxılmış "Azərbaycan - Rumıniya birgə buraxılışı”na aid poçt markalarında təsvir olunubdur...

Layihənin növbəti saylarında Lahıc misgərlik sənətinin çağdaş nümayəndələri ilə görüşlərimizin, onların bu gün bu sənətin yaşadılması üçün göstərdikləri fəaliyyəti qələmə alacağam...

Adil Adilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur