adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2018 13:02
8477
MƏMLƏKƏT
A- A+

YOL POLİSİ ÇƏTİN VƏZİYYƏTDƏ OLANLARA KÖMƏK ETDİ

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə «Ədalət»in birgə reydi

Sirr deyil ki, iyul və avqust aylarında havalar daha isti keçir. El arasında avqustu «qorabişirən» ay kimi tanıyırlar. Yəni bu ayda ən gec yetişən meyvələr istidən yetişir və bəhər verir. Təbii ki, havaların isti keçməsinin müəyyən kənd təsərrüfatı məhsullarına xeyri olsa da, insanlar üçün bir çox çətinlikləri də var. Yəni havalar həddindən artıq isti olanda avtomobilləri də idarə etmək bir qədər müşkül məsələyə çevrilir. Daha doğrusu, sükan arxasında əyləşmiş hər bir sürücü əgər həmin avtomobildə kondisioner yoxdusa bir qədər tıncıxır, istidən özünü yorğun hiss eləyir. Yorğunluq isə bəzi hallarda baş verə bilcək qəzalar üçün münbit şərait yaradır.

İsti havalarla bağlı və yarana biləcək çətinliklərlə əlaqədar olaraq Yol Patrul Xidməti Alayının bütün tağımları daha diqqətli mövqe tuturlar. Ən azından ona görə ki, bu cür havalarda uzaq məsafələri qət edən sürücülər məsuliyyətli olmalı və yol polisinin tövsiyələrinə qulaq asmalıdır. Havaların isti keçdiyi ilk günlərdən demək olar ki, yol patrul xidmətinin bütün tağımları mövcud problemin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər. Bu qabaqlayıcı tədbirlərdən biri ondan ibarətdir ki, stasionar postlarda hərəkət iştirakçılarının dincəlməsi və əl-üzlərini soyuq su ilə yuması üçün əlverişli şərait təmin edilib.


Belə bir şərait Yol Patrul Xidməti Alayının Bakı-Qazax avtomobil yolunun 368-ci kilometrindən 511-ci kilomterinə qədər xidmət aparılan postlarda da yaradılıb. Yol Patrul Xidməti Alayının 9-cu tağımında hava şəraitinin isti keçməsi ilə əlaqədar hərəkət iştirakçıları orda mövcud bulaqdan istifadə edərək isti havanın sıxıntılarından çıxa bilirlər.

«Kamaz» markalı maşının sürücüsü yol polisi əməkdaşı, polis baş serjantı Nəsir Həsənov tərəfindən saxlanılır. Polis əməkdaşı sürücüyə bildirir ki, uzaq məsafə qət etdiyi üçün bir qədər stasionar postda dincəlsin və əl-üzünü soyuq su ilə yuyub yorğunluğu canından çıxarsın. Bu diqqət və qayğını görən yük maşınının sürücüsü Əli Qasımov yol polisinə öz minnətdarlığını bildirir və maşından düşüb bulağa sarı gedir, orda əl-üzünü soyuq su ilə yuyur. Sonra maşından götürdüyü dəsmalla üzünü qurulayır. Dərindən nəfəs alır və bir rahatlıq hiss edərək yol polisi əməkdaşına təşəkkür eləyir.

Digər bir avtobus sürücüsünü isə polis baş serjantı Elşən İsmayılov saxlatdırır. Sürücü isə onun «saxla!» əmrinə tabe olur. Polisi dinləyəndən sonra onun çöhrəsində bir təbəssüm yaranır. Deyir ki, qardaş, nə yaxşı siz varsınız. Düzdür, hərdən biz də inciyirik, sizdən küsürük. Amma bu cür mədəni münasibət görəndə istər-istəməz sizə hörmətimiz birə-beş artır. Avtobus sürücü onu da bildirir ki, Bakıdan Qazaxa sərnişin daşıyır. Elə Nəvai postunda da bizi saxlatdılar, bir az dincəldik və sonra yolumuza davam etdik. İndi də burda polisin göstərişi ilə dayanmışıq . Özüm də, sərnişinlər də bu bulaqda üzümüzü yuyub sərinləyəcəyik və yenidən yola düşəcəyik. Vallah, adam bir qədər dincələndə, əl-üzünü soyuq su ilə yuyanda yorğunluğu da canından çıxır, yuxusu qaçır. Biz sürücülər elə deyirik ki, iki daşın arasında sərnişini aparaq, pul qazanaq. Bəzən çətin vəziyyəti nəzərə almırıq.


Reyd zamanı neçə-neçə avtobus və mikroavtobus sürücüsü saxlanılaraq tağım əməkdaşları tərəfindən maarifləndirildi. Təbii ki, isti havalarda bu cür qabaqlayıcı tədbirlərin keçirilməsi, izahat işlərinin aparılması baş verə biləcək qəzaların qarşısının alınmasında əvəzsiz rol oynayır. Ümumiyyətlə, 9-cu tağımın əməkdaşları çətin vəziyyətdə olan sürücülərə həmişə öz köməkliklərini göstəriblər. Bir dəfə postun yaxınlığında bir kişinin maşını sıradan çıxır və maşında da hamilə qadın olur. Kişi o dəqiqə posta girib yol polislərindən kömək istəyir. Yol polisi əməkdaşı da köməyini ondan əsirgəmir, hamilə qadını və kişini xidməti maşınla Gəncə şəhər xəstəxanasına çatdırır. Qızın qayınatası deyir ki, əgər vaxtında hamilə qadını yol polisi xəstəxanaya çatdırmasaydı, faciəli hadisə baş verərdi. Qadın da dünyasını dəyişərdi, uşaq da ölərdi. O qadının oğlu olur və uşağa onu xəstəxanaya aparan yol polisinin adını qoyurlar.

Doqquzuncu tağımın əməkdaşları bu ilin 7 ayı ərzində 4253 sürücü barəsində inzibati protokol tərtib ediblər. Onların arasında ötmə əməliyyatını pozan 550, sərxoş 28, hüquqsuz 40, etibarnaməsiz 40, manevr qaydasını pozan 122, sərnişin daşıymaya əməl etməyən 50, yükdaşıma qaydasını pozan 16 sürücü var. Təbii ki, bunların hər biri haqqında qanunauyğun tədbir görülüb. Ümumiyyətlə, bu tədbirlərin gerçəkləşdirilməsi elə özü də qabaqlayıcı bir proflaktika deməkdir.

Bu tağıma çox peşəkar, təcrubəli bir polis zabiti komandirlik edir. Başqa sözlə demiş olsaq, 9-cu tağımın komandiri, polis mayoru Aqil Məmmədovdur. O, bizimlə söhbətində yay mövsumu ilə əlaqədar olaraq həyata keçirilmiş və keçiriləcək tədbirlərdən danışdı. Aqil Məmmədov dedi ki, rəhbərlik bizim qarşımızda çox məsul bir vəzifə müəyyənləşdirib: kobud qayda pozuntularına qarşı mübarizəni daha da gücləndirmək! Əlbəttə, sürücülər arasında maarifləndirmə və izahat işləri də ön plana çəkilir. Məhz bunun nəticəsidir ki, xidmət apardığımız Bakı-Qazax yolunun 368-ci kilometrindən 511-ci kilometrinə qədər baş verə biləcək ağır qəzalar əvvəlki vaxtlarla müqayisədə aşağı enib. Üstəlik də biz müəyyən zamanlarda yaşayış yerlərindəki məktəblərdə, müəssisələrdə hərəkət iştirakçıları ilə səmimi söhbətlər aparırıq. Həm sürücülərlə, həm də piyadalarla aparılan bu söhbətlər çox səmimi və yaddaqalan olur, ümumi işimizə də müsbət təsir edir.


Biz reyddə olarkən bir daha yəqin etdik ki, isti havalarla əlaqədar olaraq tağım əməkdaşları sutkanın 24 saatını məsuliyyət hissiylə çalışırlar. Yəni ilk növbədə ona çalışırlar ki, xidmət apardıqları zaman ölümlə nəticələnən hadisələr baş verməsin. Tağımın əməkdaşlarından polis kapitanı Şahin Süleymanov, polis baş leytenantı Elnur Zeynalov, polis baş serjantları Nəsir Həsənov, Elşən İsmayılov, Babək Bəhramlı, polis serjantı Elşən Səmədov növbə ərzində tapşırılan işi peşəkarlıqla və vicdanla yerinə yetirməyə çalışırdılar.

Bir daha görülən tədbirlər onu deməyə əsas verir ki, yol polisi öz tərəfindən nə tələb edilirsə, o addımı atır. Bu addım eyni zamanda sürücülər və hərəkət iştirakçıları tərəfindən də vaxtında atılmalıdır. Yəni sürücü yol hərəkəti qaydalarına əməl etməli, piyadalarsa yolu təyin olunmuş yerdən keçməlidirlər. Bax, belə olanda qəzalar da baş verməz, ölüm və xəsarətalma halları qeydə alınmaz.

Reyddə iştirak edirdilər: Aqil MƏMMƏDOV- Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri, polis mayoru; Şahin SÜLEYMANOV – 9-cu tağımın baş inspektoru, polis kapitanı; Elnur ZEYNALOV – 9-cu tağımın baş inspektoru, polis baş leytenantı; Nəsir HƏSƏNOV – 9-cu tağımın inspektoru, polis baş serjantı; Elşən İSMAYILOV – 9-cu tağımın inspektoru, polis baş serjantı, Babək BƏHRAMLI – 9-cu tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı