adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyul 2018 10:18
17822
İDMAN
A- A+

“Qəbələ” Futbol Akademiyasının uğuru

Ölkəmizdə idmana göstərilən diqqət və qayğı Azərbaycanı idman ölkəsinə çevirib. Bu diqqət və qayğının nəticəsidir ki, idmanla bağlı məqsədyönlü siyasət həyata keçirilir. İdmanın demək olar ki, bütün sahələrində əldə edilən uğurlar bunu deməyə əsas verir.

Gənclərin idmana və düzgün fiziki tərbiyəyə meyli, sağlam mənəvi və fiziki tərbiyə alması məqsədli bir şəkildə gücləndirilir. Bu da onu göstərir ki, dövlətin gənclər siyasətində gənclərin fiziki inkişafı və sağlamlığı əsas yerlərdən birini tutur. İdman artıq ölkəmizin ictimai həyatının mühüm hissəsidir. Tikilən idman qurğuları, Olimpiya kompleksləri, idman infrastrukturunun yenilənməsi bunun əyani sübutudur. Ölkədə idmanın kütləviliyinə nail olmaq, onu Azərbaycanın hüdudlarından kənarda təbliğ etdirmək prioritet təşkil edən məsələlərdəndir. Bu sahədə yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçün müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Peşəkar idmanla məşğul olmaq və sırf bu sahədə ciddi uğurlar qazanmaq kimi daha konkret hədəflər müəyyənləşdirilib. Bu isə eyni zamanda, mötəbər beynəlxalq yarışlardaölkəmizi təmsil edən, qalib olan, himnimizi səsləndirən idmançların nə qədər şərəfli bir işlə məşğul olduğunu ortaya qoyur.İdman hər bir ölkə üçün strateji sahələrdən biridir. Buna görə də son dövrlərdə ölkəmizdə sözügedən cəhətdən də idmanın inkişafına ciddi fikir verilir. Bu sahədə çox ciddi nailiyyətlərə imza atılıb. İdmançılar ölkəmizin təbliğində böyük rol oynamağa başlayıblar. Hər dəfə bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi hər bir azərbaycanlı üçün çox qürurvericidir. Vətənimizə gətirilən saysız qızıl, gümüş və bürünc medallar, ən mötəbər yarışlar nəticəsində ildən-ilə çempionlarımızın sayının getdikcə kütləviləşməsi də idmanın çox şərəfgətirici bir sahə olduğunu göstərir.



Son illərdə Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də futboldur. Futbolda ciddi irəliləyişlər var və bu, həm də uşaq futbolunun inkişafı deməkdir. Ölkə çempionatında iştirak edən komandalar futbolumuzun inkişafına töhfələrini verməkdədir. Həmin klublardan biri də "Qəbələ idman klubudur. Son illərdə "Qəbələ”nin ölkə futbolunun inkişafındakı rolu danılmazdır. Bu o deməkdir ki, "Qəbələ” Futbol Akademiyası uğurlu nəticələr əldə edib. Ölkə futboluna gənc və perspektivli futbolçular yetişdirən "Qəbələ” Futbol Akademiyasının yetirmələrindən biri də Mədətov Ülvi Ülfət oğludur. 2003-cü ildə dünyaya göz açan Ülvi əslən Ağstafa rayonunun Vurğun qəsəbəsindəndir. O, Qəbələ rayon 2 saylı məktəbdə təhsil almaqla yanaşı, həm də idmançı kimi yetişməkdədir. O, akademiyada futbola 2011- ci ildə 11 yaşlılarla başlayıb. Ülvi göstərdiyi baxımlı oyunla Milliyə də dəvət alıb. Gənc futbolçu Gürcüstan, Belarusiya, Litva, Macarıstan, Dağıstan və Türkiyədə bir neçə turnirdə iştirak edib və müxtəlif mükafatlar qazanıb. 2013-cü ildə I yer 2014-cü ildə II yer, 2015, 2016 və 2017-ci illərdə III yer, 2018-ci ildə II yer qazanan Ülvi 2013-cü ildə U-11 Liqasında 1-ci yer tutduğuna görə, daha sonra U-11 Liqasında 3-cü yer tutduğuna görə, U-15 liqasında 2-ci yer tuduğuna görə AFFA tərəfindən diplomlarla təltif olunub.

Ülvinin atası Mədətov Ülfət Bilal oğlu da futbolçu olub, "Avey - Ağstafa”, "Göyəzən”, "Şəmkir”, "Kəpəz”, "Xəzri”, "Buzovna”, "Ümid” (Bakı), "Naxçıvan Araz, "Turan” klublarında oynayıb. 18 illik futbolçu karyerasını bitirdikdən sonra məşqçi olub. Həmçinin, Azərbaycan Milli Komandasında da uzun illər çalışıb. Azərbaycanda ilk dəfə olaraq, 1997 – ci ildə Kəpəz Futbol Klubunda çempion, 1995 – cildə II yer, 1996 – cı ildə III yerin sahibi olub. İlk məşqçilik həyatı Ağstafada Uşaq Gənclər İdman Məktəbindən başlayıb, sonra "Qəbələ” klubu akademiyasına istedadlı uşaqlar gətirməklə məşğul olub və hazırda "Qəbələ”də 14 yaşlılardan ibarət futbol komandasının baş məşqçisidir. Komandası Azərbaycan çempionatında oynayır. Atasının yolunu davam etdirən Ülvi atası kimi müdafiəçi mövqeyində oynayır. Ülvinin arzusu Azərbaycanda ən yaxşı futbolçu olmaqdır. "Bunun üçün çox çalışmalıyam” - deyən Ülvi ölkənin əsas klublarında oynamaq, daha sonra legioner həyatı yaşamaq istəyir.



Qeyd edək ki, Ülvinin kiçik qardaşı 11 yaşlı Arzu da futbolçudur. O, da həmçinin "Qəbələ” Futbol Akademiyasının tələbəsidir. Azərbaycan çempionatında 10 və 11 yaşlılarda arasında keçirilən çempionatda 2 dəfə bürünc mükafat qazanıb. Yerli klublardan "Qəbələ”, xarici klublardan "Barcelona” fanatı olan balaca Arzu Messi kimi futbolçu olmaq arzusundadır. O da özünə örnək atasını, böyük qardaşını götürüb onlar kimi nümunəvi futbolçu olmaq istəyir. Ramos kimi futbolçu olmaq istəyən Ülvi isə xarici klublardan "Real Madrid”, yerli klublardan "Qəbələ”nin azarkeşidir. Ümid edirik ki, Ülvi də, Arzu da qarşılarına qoyduqları məqsədə çatacaq və ölkəmizi xaricdə də uğurla təmsil edəcəklər.

"Qəbələ” Futbol Akademiyasına və bu iki yeniyetmə futbolçumuza uğurlar, yeni-yeni mükafatlar, kuboklar arzu edirik.

Və sonda onu da qeyd edək ki, idmanın fəlsəfəsi yeniyetmə və gənclərə daha güclü aşılanmalıdır. İdman təkcə fəxri kürsüyə qalxmaq, uğurlu nəticələr əldə etmək, imkanı yaradan vasitə deyil, o, eyni zamanda, hər bir yeniyetmə və gənc üçün ilk növbədə fiziki-mənəvi sağlamlıq deməkdir. Və bütün bunları gənc və yeniyetmələrə aşıladığına görə "Qəbələ” Futbol Akademiyasına təşəkkürümüzü bildiririk.

Elçin Əliyev