adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyul 2018 13:10
63970
MÜSAHİBƏ
A- A+

VAQİF ƏSƏDOVLA ATÜSTÜ SÖHBƏT

- Cənab polkovnik, siz heç vaxt kabinetinizdə rahat oturub iş görmürsünüz. Həmişə sizi elə ora-bura qaçan görmüşük. Yadımıza «Bəyin oğrulanması»ndakı Miriş obrazı düşür. Mirişin əlindən bir iş gəlmir, amma siz çox əziyyət çəkirsiniz...

- Mən kabinetdə oturan adam deyiləm. Uzun müddətdir ki, bir-birimizi yaxşı tanıyırıq. Yəni bu iş elə işdir ki, gərək kütlənin, cəmiyyətin arasında olasan...

- Əlbəttə, xalqın arasında olmaq polisi insanlara daha çox sevdirir. Elə sizi də camaata, insanlara sevdirən məhz bu xüsusiyyətlərdir. Sözün açığı, Vaqif Əsədov hər dəfə televiziya kanalında çıxış eləyəndə çoxları ona öz doğması, əzizi kimi baxır…

- Elə mənim özüm də insanlara öz yaxınım, əzizim kimi baxıram. Hər hansı bir adamı maşın vuranda, yaxud da o qəzaya düşəndə sanki öz doğmalarıma nəsə olur.

- Bu günlər sosial şəbəkədə bir görüntü yayıldı. Bakının Ziya Bünyadov prospektindəki tunelin birində bir neçə gənc maşını saxlayıb şampan partladırdılar…

- Təbii ki, sosial şəbəkədə yayılan hər bir görüntü yol polisi tərəfindən araşdırılır və aydınlaşdırılır. Əgər orda görünənlər öz təsdiqini tapırsa, bu barədə qanunauyğun ölçü götürülür. Hadisəni törədən istər vəzifəli şəxsin övladı olsun, istərsə də hər hansı sadə insanın. Fərqi yoxdur, əgər yol hərəkəti qaydası kobud surətdə pozulubsa, mütləq o, inzibati və cinayət məcəlləsinə cəlb ediləcək.

- Bizi də təəccübləndirən o yayılan görüntüdə deyilənlərə görə, şadyanalıq eləyənlər məmur övladlarıdı. Siz də deyirsiniz ki, kimliyindən asılı olmayaraq, qanunu pozanlar məsuliyyətdən kənarda qalmır…

- Çox vaxt müxtəlif saytlar və elə sosial şəbəkələrin özündə hər hansı məlumatı yayarkən sensasiya axtarırlar. Guya həmin hadisəni törədənlər də məmur uşaqlarıdır. Amma onların heç biri vəzifəli şəxsin övladı deyil.

- Vaqif müəllim, bəs kimin övladıdır onlar?

- Bax, bu sualı hələ indiyə kimi heç kim bizə ünvanlamayıb. Birnci dəfədi siz deyirsiniz, mən də onu obyektiv cavablandırıram. Ziya Bünyadovdan «20 Yanvar»a gedən tuneldə avtomobillərin qarşısını kəsib şadyanalıq eləyənlər köhnə avtomobil və elektrik hissələrinin satışı ilə məşğul olan gənclərdir.

- Bəs həmin gənclər bu qədər özlərinə arxayındırlar ki, yüz hoqqadan çıxırlar? Tuneldə maşınların hərəkətinə maneçilik törədib şampan partladırlar?

- Bayaq dedim axı, onlar xırda maşın hissələri alveri ilə məşğul olan cavanlardı. Tuneldə də çox qalmayıblar. Cəmi 25-30 saniyə vaxt keçiriblər. Elə bu müddətdən sonra yol açılıb. Həmin uşaqlar bəyin dostları olublar.

- Adam lap məəttəl qalır. Əgər sosial şəbəkələrdə yayılanlara inansaq, onlar çox varlı, imkanlı adamların övladları olublar…

- Necə imkanlı adamın övladıdılar? Bu uşaqlardan üçü toyda geyindikləri kostyumu mağazalardan icarəyə götürüblər. Pulu olan adam gedib heç vaxt toyda geyinmək üçün kostyum icarəyə götürməz...

- Deyəsən, iki daşın arasında açılıb partladılan şampan elə o uşaqların özünün başında partlayıb...

- Biz araşdırmadan sonra onların on ikisini axtarıb tapdıq. Hər bir gənc törətdiyi kobud yol hərəkəti qaydası pozuntusuna görə, məsuliyyət daşıyır. Məsələn, onlardan beşi məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. Eyni zamanda, bir il sürücülük hüququ məhdudlaşdırılıb.

- Yəqin bu cür inzibati tədbirlərin görülməsi zaman-zaman öz nəticəsini verəcəkdir.

- Sizə bir sirr açım. Heç vaxt inzibati tədbirlərlə hər hansı problemi tamamilə aradan qaldırmaq mümkün deyil. Hər bir şey maariflənldirmə yolu ilə öz həllini tapır. Əgər bu uşaqların bir qədər savadı, heç olmasa hüquqi bilgisi olsaydı, başa düşərdilər ki, tuneldə tıxac yaratmaq açıq-aydın cəmiyyətə hörmətsizlik deməkdir. Bunun hüquqi dildə adı avtoxuliqanlıq adlanır. Yəni sən cəmiyyətə hörmətsizlik eləməklə yanaşı, digər insanların əsəblərilə oynayırsan…

- Hər halda, sizin müxtəlif televiziya kanallarında tez-tez yol hərəkəti qayadaları ilə bağlı söhbətləriniz bu və ya digər dərəcədə hərəkət iştirakçılarının maariflənməsinə, savadlanmasına xidmət eləyir...

- Buna söz ola bilməz. Heç vaxt sərt cəzalarla bayaq dediym kimi, hər hansı cinayətin qarşısını almaq mümkün deyil. Məsələn, İranda oğurluq eləyənin əlini kəsirlər, narkotika satanı edam edirlər. Amma görürsünüz, yenə orda oğurluq da olur, narkotika satan da tapılır. Deməli, bunun həlli yolu yalnız və yalnız insanların savadlanmasından və maariflənməsindən keçir.

- Savad dediniz, yadıma sizin çoxlu sayda televiziya söhbətləriniz, eyni zamanda yol polisinin piyadalarla bağlı keçirdiyi reydlər düşdü. Nə qədər əziyyət çəkirsiniz, söhbətlər aparırsınız, yenə piyadalar yolu təyin olunmamış yerdən keçir və bu zaman maşınla vurulurlar. Görünür, artıq maarifləndirmə də hərəkət iştirakçılarını bu yoldan döndərə bilmir…

- Mən sizinlə burda razılaşa bilmirəm. Çünki piyadavurma halları apardığımız maarifləndirmə və təbliğat işləri nəticəsində əvvəlki vaxtlarla müqayisədə xeyli azalıb. Amma yenə digər hadisələrlə müqayisədə piyadavuram halları çoxdur.

- Bax, görürsünüz, bizim dediyimiz fikrin üstünə qayıdırsınız…

- Sizin söylədiyiniz fikrə hörmətlə yanaşıram. Ancaq gəlin onunla razılaşaq ki, qaydalara əməl edən piyadalar da az deyil. Amma qaydalara əməl etməyən piyadalar daha çoxdur. Son vaxtlar qırx minə yaxın piyada yolu təyin olunamamış yerdən keçdiyinə görə, iyirmi manat məbləğində cərimə ediliblər.

- Amma Vaqif müəllim, noolsun, aldığımız məlumata görə, cərimə olunan piyadaların çoxu o pulu ödəmək istəmirlər və boyun qaçırırlar…

- Düzdür, belə hallar var və biz onu gizləmirik. Artıq onun da həlli yolları tapılıb. Əgər kimlərsə o cərimələri ödəmirsə, hər hansı xarici ölkəyə gedən zaman sərhəd keçid məntəqəsində problem yaşamalı olacaq. Ona görə də hər bir piyada qanunu pozduğuna görə, yazılmış cəriməni mütləq ödəməlidir.

- Bu yaxınlarda eşitdik ki, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edildiyi Bakı yollarında piyadaların o yolu qanunsuz keçməsi nəticəsində səksən manat məbləğində cərimə edilməsi nəzərdə tutulub.

- Bəli, düz eşitmisiniz. Qanuna əlavə olunmuş yeniliyə əsasən hərəkət sürətinin səksəndən artıq olduğu yerlərdə təyin olunmamış yerdən keçmək istəyən piyada qırx manat cərimə ödəyəcək.

- Üzr istəyirəm, heç iyirmi manatı bəzi piyadalar ödəmək istəmirlər, o ki qala səksən manat ola?!

- Birincisi, hər bir hərəkət iştirakçısı zəhmət çəkib yolun təyin olunmuş yerindən, yerüstü və yeraltı keçiddən istifadə etməlidir. Əgər hərəkət iştirakçısı təyin olunmamış yerdən keçirsə və o yolda da hərəkət sürəti səksəndən yuxarıdırsa, təbii ki, qanunu pozduğuna görə, həmin piyada haqqında xidmət aparan yol polisi elektron protokol tərtib edəcək. Protokol tərtib olunduqdan sonra isə mütləq cərimə ödənilməlidir. Yaxşı olardı ki, yol hərəkəti qaydasını piyada pozmasın və yol polisi də onu heç cərimələməsin.

- Deyəsən, hərəkət iştirakçılarının qanını qaraldan söhbəti çox uzatdıq. İndi də bir qədər nikbin notlar üstündə söhbətimizi davam etdirək. Yaxşı olar ki, hərəkət iştirakçıları ilə yol polisi arasında çox yaxşı və səmimi ünsiyyət yaradılsın.

- Biz bu ünsiyyəti həmişə yaratmışıq, yaradırıq və yaradacağıq. Bu barədə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov da kollegiya iclaslarında dəfələrlə söhbət açıb. Bizim qarşımızda bir vəzifə kimi qoyulub ki, yol polisi insanlarla daha səmimi, mədəni davranmalıdır. Və biz də həmişə çalışmışıq ki, buna əməl edək. Tapşırığa əməl etməyənlər təbii ki, məsuliyyətdən kənarda qalmırlar.

- Cənab polkovnik, siz həm də mətbuatın, jurnalistlərin, elə millət vəkili, qəzetimizin təsisçisi Aqil Abbasın dostusunuz. Söhbət düşəndə həmişə səmimi deyirsiniz ki, məndən və Aqil Abbasdan çox televiziyada çıxış eləyən yoxdur. Biz danışmaqdan yorulmadıq, amma insanlar da dediklərimizə əməl etməkdən yorulmadılar…

- Hamı bilir ki, mən nə dərəcədə səmimi adamam və heç vaxt boğazdan yuxarı danışmamışam. Jurnalistlər məni nə qədər çox istəyirsə, mən də onları onlardan da çox istəyirəm. Siz də bilirsiniz ki, mənim kabinetimin qapısı nəinki jurnalistlərə, bütün insanlara açıqdır. Çünki mənim xalqdan, millətdən gizli sirrim yoxdur. Mətbuat günü münasibəti ilə mən bütün jurnalistləri təbrik eləyirəm. Xüsusən də dostum və qardaşım Aqil Abbası və onun rəhbərlik etdiyi kollektivə öz təbriklərimi göndərirəm. Deyirəm ki, Allah sizi qorusun, qələminiz həmişə iti olsun! Və həmişə də haqqın, ədalətin yanında olasınız!..


Söhbəti yazdı: Faiq QİSMƏTOĞLU