adalet.az header logo
  • Bakı 7°C
24 Iyul 2018 10:22
10630
İDMAN
A- A+

Tərlan Əhmədov Bordinin elə səhvlərini açıb-tökdü ki...

«Mən Qurbanın, Sənanın və Zaurun komandalarının oyunlarını təhlil edə bilmərəm.

Özləri təhlil etməli, özləri qərar verməlidi, mənim deməyim düz çıxmaz».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan klubları üçün Avropa Liqasının 2018/19 mövsümü başa çatıb. İlk təsnifat mərhələsi hər üç təmsilçimiz üçün sonuncu olub.

Premyer Liqanın gümüş mükafatçısı "Qəbələ” Lüksemburq "Proqres”ini (0:2, 1:0), bürünc medalçı "Neftçi” Macarıstan "Uypeşt”ini (3:1, 0:4), Azərbaycan kubokunun qalibi "Keşlə” Malta "Baltsan”ını (1:4, 2:1) yalnız bir oyunda məğlub etsə də, ümumi nəticədə uduzub.

Yeganə olaraq «Qarabağ» üzümüzü güldürdü. Son illərin dəyişməz Azərbaycan çempionu «Olimpiya»nı Çempionlar Liqasından kənarlaşdırdı. Sloveniyada vurduğu 1 qolun hesabına.


9 ay çalışdığı «Neftçi»ni bu yay bürünc mükafatçı kimi tərk edən T.Əhmədov sabiq komandasının avro-debütünü dəyərləndirib.

Paytaxt klubuna son 4 ildə ilk dəfə medal qazandıran, bununla belə, müqaviləsi uzadılmayan təcrübəli mütəxəssis Roberto Bordinə haqlı iradlar bildirib, uğursuz sonluğun əsl səbəblərini açıqlayıb:

«Neftçi»dən hardasa haqqım çatır nələrsə deməyə. Doqquz ay ərzində komandanı hazırladım, çuxurdan çıxarıb qaldırdım dağın pik nöqtəsinə, verdim ki, buyurun, bu da sizin olsun. Söz yox, haqqım tapdalandı.

Həyatdı, belə şeylərlə çox üzləşmişəm. İstər futbol oynadığım illərdə, istərsə də məşqçiliyə başlayandan sonra.

Belə haqsızlıqlara artıq öyrəşmişəm, buna görə özüm-özümə qapanmıram, olaynları özümə dərd etmirəm. Çünki hər şeyi görən Allah var.

«Uypeşt»lə Bakıdakı oyuna dostlarımla oturub çay içə-içə baxmışam. Emin Mahmudov üçüncü qolu vurandan sonra dostlar dedi ki, «Neftçi»nin mərhələ keçmək şansı indi çoxdu.

Dedim, 3:1 az fərq deyil, ancaq gedib rəqibin qapıçısına təşəkkür etsinlər ki, iki topu onlara hədiyyə elədi. Yoxsa «Neftçi» qol vura bilməyəcəkdi. Komanda oyunu görmədüm. Hücum xəttindəkilər fərdi oyuna üstünlük verirdi. Ona görə də gözləyirdim ki, Budapeştdəki cavab oyununda hər hansı faciə ola bilər.

Dostlarıma demişdim ki, «Neftçi» mərhələni keçə bilməyəcək, çünki komanda oyunu yoxdu. «Bəh-bəh»lə iş olmur. Yanvarda Antalyada olan vaxt sizin sayta nə söyləmişdim? Yoxlama oyunlarını uduzan vaxt söz vermişdim ki, heç kim narahat olmasın, sezonun axırında komandanın hansı nəticə qazanacağını görəcəksiz.

Marafon uzun idi və biz də hesablamışdıq ki, mayda hansı səviyyəyə gəlib çatacağıq. Avrokuboklarda zəif rəqib olmur. İki oyunun nəticəsindən asılısan. Burda rəqibə hörmətlə yanaşmaq, düzgün analiz etmək lazımdı.

Bəli, «Uypeşt» keçiləsi rəqib idi. Özü də çox rahatlıqla! Bakıda 3:1 qalib gəlmişdiksə, deməli, orda daha aqressiv, daha istəkli, hücumameylli və rəqibi meydanın onlara aid hissəsində təzyiq altında saxlayaraq top vurmaq lazım idi.

Daha 5 müdaiəçi ilə meydana çıxmaq yox. Bu, düzgün deyildi. Yalnız qorxaq məşqçilər beş müdafiəçi ilə meydana çıxır. Fikirləşir ki, 1 qol vursun, sonra oyunu saxlasın.

İkincisi də ki, mən hələ də Dario Federikonun «Neftçi»yə götürülməsinin səbəbini anlaya bilmirəm. Premyer Liqanı tərk edən, diviziona da getməyən, ümumiyyətlə, futboldan silinən bir komandanın futbolçusunun ölkənin ən köklü klubunda, Avroliqada nə işi var?

Darionun oynadığı futbol mənə çatmır – o, nə futbol oynamaq və neyləmək istəyir. Braliç də onun kimi. Xorvatiyalı müdafiəçi də, o «əjdaha» dedikləri hücumçu da bir neçə il qabaq Azərbaycanın bəzi ortabab klublarına təklif olunub. Hamısı imtina edib onları götürməkdən.

Ancaq bu gün hər ikisi «Neftçi»dədi. Bu da gözlənilən idi. Komandanın nə cinahları var, nə hücum xəttində aqressivlik var, nə zxətlər arasında əlaqə. Hər şeyi müdafiənin, qapıçının üstünə yıxmaq olmaz.

Komandanın oyunu yoxdu. Halbuki hazırlığa yetərincə vaxtları varıydı. «Neftçi»nin 4 cavabsız top buraıxması məni çox məyus edir. Biz hamımız o klubun yetirməsiyik, böyük futbola orda qədəm qoymuşuq.

Hər halda bəzi adamlardan daha çox biz istəyirik ki, «Neftçi»nin uğuru olsun. Varıq, yoxuq, haqqımızı yeyib-yeməyiblər, başqa məsələ. «Bəh-bəh»lə gətirilən, «bəh-bəh»lə qurulan iş öz bəhrəsini verməliydi.

Ümumiyyətlə, yeni gələn futbolçular istəkli görünmürdülər. Birinci təsnifat mərhələsində mübarizəni dayandıracaqdıqsa, onda nəyə lazım idi doqquz ay əziyyət çəkirdik? O stress hələ də məni tərk etməyib.

Doqquz ay zülmə qatlaşmaq, gecələr yatmamaq, səhər-axşam komandanı fikirləşmək mənə qalmışdı? Haqqımda yalan məluatlar yaydılar, bəzi sifarişli yazılar yazdılar, şər-böhtan atmaq istədilər – mən bunların hamısıyla üzləşdim. Axırda gedən komandanı gətir üçüncü yerə, sonra da qal işsiz – mənim yerimdə kim olsa, pis təsir edər ona.

Sənan Qurbanov yenicə götürüb komandanı. Zaur İsmayılov isə cavab oyununa 3 gün qalmış Yuri Maksimovu əvəzləyib. Hər ikisinə də zaman verilməlidi.

«Keşlə»nin uduzmasında İsmayılovun heç bir günahı yoxdu. Komanda onun rəhbərliyi altında yaxşı təsir bağışladı. Diqqətsizlik həmişə məğlubiyyətə gətirib çıxarır. «Keşlə» Maltada 4:1 yox, 2:1, hətta 3:1 uduzsaydı belə, yenə mərhələni keçərdi. «Keşlə» burda istəkli idi, çoxlu qol epizodu yaratdı.

«Qəbələ» səfərdə sonadək mübarizə apardı. Sənanı yenə alqışlamaq lazımdı, çünki yayda komandadan çox futbolçu gedib. Kapitan Cavid Hüseynovun zədəyə görə ilk oyunu buraxması da onun üçün problem idi. Amma hər halda Sənan bir məktəb keçdi. Mərhələ keçə bilməməkləri bizi üzür. Pis oynayardılar, ancaq mərhələ keçərdilər. Zaura da, Sənana da şans verilməlidi. Yaxşı komanda qurmağa layiqdilər.

«Qarabağ»ı hər birimiz tanıyırıq. Qurban Qurbanovun öz fəlsəfəsi var və bu yolla gedirlər. Çempionlar Liqasının təsnifat mərhələsində komandalar daha güclüdü. Burda hər ölkənin çempionu ilə qarşılaşırsan, daha diqqəli və ehtiyatlı olmaq lazımdı.

«Qarabağ» «Olimpiya»ya qarşı tədbirli oynadı, istəyinə də çatdı. Qurbanov doğru elədi. Hamımız bilirik ki, indi «Qarabağ»a hücumçu lazımdı. İnşallah, danışıqlar apaldıqları hücumçuları gətirəndən sonra heç bir problemləri qalmayacaq. Arzu edirəm ki, «Qarabağ» bu il də bütün Azərbaycanı sevindirsin».