CAVAD ZEYNALLA GÖRÜŞg AMMA ŞAİR KİMİ

VAQİF YUSİFLİ
26020 | 2018-07-21 09:42
Bir nasir kimi tanıdığım, "İkinci and", "Suya söylənən yuxu", "Şəhərə qar yağırdı" kitablarında hekayələrini, povestlərini oxuduğum Cavad Zeynalı bir neçə il bundan əvvəl "Köhnə kişilər" şeirlər kitabı ilə bir şair kimi gördüm. Ədəbiyyatda belə hadisələrlə həmişə qarşılaşmaq mümkündür. Bilirəm ki, Cavad Zeynal yaradıcılığa şeirlə başlayıb, amma çox keçmədən hekayələr yazıb və uzun müddət də onu hamı bir nasir kimi tanıyıb. Onun hekayələri öz təbiiliyi, təsvir etdiyi kənd həyatının koloritli təqdimi ilə diqqəti cəlb edirdi. Bu təbiilik onun şeirlərində də davam edir. Yaradıcılıq hansı janrda olursa-olsun, fərdi üslub, yəni yazıçıya məxsus olan bədii keyfiyyətlər yaşanır. Bax, Cavad Zeynalın şeirlərində bu yaşantıları görürəm. Onun şeirləri haqqında söhbətə başlamamışdan öncə Rəşad Məcidin-Cavadı yaxşı tanıyan gözəl şairimizin "Köhnə kişilər" kitabına yazdığı ön sözdən bir kiçik parçanı təqdim edim: "2010-cu ilin bir payız günü idi. Cavad Zeynal qəflətən "525-ci qəzet"də yanıma gəldi. Üzündə qəribə bir nigaranlıq, sıxıntı vardı. Nə idi bunlar? Bilmədim. Yaşına uyğun olmayan bir utancaqlıqla: - Bu qoca vaşımda şeir yazmağa başlamışam-dedi və əlindəki bükümü qarşıma qoydu: - Bax gör bunları üzə çıxarmaq olar? Şeirləri oxudum və məni tutdu. Şeirlər həm ədəbi ictimaiyyət arasında, həm də oxucularda böyük maraq doğurdu".
Cavad Zeynalın bütün şeirləri heca vəznindədir. Bunun səbəbini araşdırmaq istəməzdik, hər hansı şairin hansı vəzndə yazması əsas deyil, əsas odur ki, şeirdə fikir-hiss, qəlb və ağıl vəhdəti hiss olunsun. Şair bu dünyaya, təbiətə, cəmiyyətə, Vətənə, gözəlliyə, sevgiyə həsr etdiyi şeirlərində səmimi olsun, ən başlıcası, təzə söz desin, mənalı fikir söyləsin. Cavadın doğulduğu Füzulinin Gorazıllı kəndi indi düşmən tapdağındadır. Və Cavad "Uzaqdan boylandım dağlarımıza" şeirində o həsrəti, yurd yanğısını ifadə edir:

Uzaqdan boylandım dağlarımıza,
Ürəyim uçundu, səsim titrədi.
Göz yaşım gözümdə döndü ulduza,
Özüm yalan oldu, hissim titrədi.
Hər biri kimsəsiz qocalar kimi...
Elə bil bir azca yapıxmışdılar.
Qayalar dumanda bacalar kimi...
Elə bil bir göz də qıpıxmışdılar.

Tamam dəyişmişdi görü-görkəmi,
Solmuşdu mən görən al yamacları.
Həsrətdən göynəyən dodağım kimi,
Duman yalayırdı yal-yamacları.

Bulaqlar başında kürəklənirik,
Çöllərə düşürük, dirrik gəzirik.
Kürsüyə qalxanda körüklənirik,
Kürsüdən düşəndə birlik gəzirik.

Sinəmdə ahlarım qalxıbdı göyə,
Mən nələr çəkirəm bilməyin anam.
Məzarı yağıda qalıbsa deyə
İnciyib, yuxuma gəlməyir anam.
Vətəndə yurd həsrətini bundan da yaxşı ifadə etmək olarmı? "Məzarı yağıda qalıbsa deyə İnciyib, yuxuma gəlməyir anam" - nə qədər həzin duyğudur və nə qədər obrazlıdır. Cavad Zeynalın şeirlərində iki zaman üz-üzə gəlir.
Keçmiş və indi. Keçmiş həm xoş xatirələrlə, həm də nisgilli duyğularla doludur, indiki çağda isə həm keçmiş yaşayır, həm də bu gün. Bax, bu mənada Cavadın "Köhnə kişilər" şeiri maraq doğurur. Cavadın gördüyü köhnə kişilər "Göylərdən yerlərə işıq salırlar. ...Onlar şimşək idi - çaxıb getdilər". Amma indi "köhnə kişi" tapmaq çətindi. Çünki: "Elə dağıdırıq, sökürük ancaq, Elə hey didirik, didilirik biz. Qardaş xirtdəyinə çökürük ancaq, Kişilik taxtından itiririk biz".
Cavad Zeynal şeirə gec qayıtsa da, hiss olunur ki, illərdən bəri içində şeir yanğıları ona rahatlıq verməyib və 2010-cu ildən bu yana o yanğıları misralara çevirir. Şeirə, poeziyaya böyük sevgi var onun şeirlərində. O, ustadlara, onların sənətinə böyük ehtiramla yanaşır, şairliyi bu dünyanın ən cəfakeş insanları hesab edir.

Yapılmaz torpağa şair kürəyi,
Sönmək də çətindi, çaxmaq da çətin.
Alınmaz qaladı xalqın ürəyi,
Girmək də çətindi, çıxmaq da çətin.

Şairlər yaradan, şairlər quran,
Şairlər sözüylə şair olurlar.
"Şairəm söyləyir yerindən duran",
İlaxır olurlar, sair olurlar.
Cavad Zeynal çox həssas şairdi. Həssaslığın içində yazıqlıq yoxdu, heyrət var, həzin, kövrək duyğular baş-başadır, təəssüf də var, sevinc də, qəm də. Hiss olunur ki, Cavad böyük şairimiz Müşfiqə pərəstiş edir-"Dünyada bir Müşfiq məhv elədilər, Dünyaya gələnlər Müşfiq oldular" deyir. Bir neçə şairimiz "Yanıq Kərəmi" saz havasına qol götürüb oynayanları qınaq atəşinə tutublar. Cavad da elə. "Adam da yananı yandırarmı heç, Bu necə süzməkdi, nə oynamaqdı?". Böyük alim Ziya Bünyadovun qətli onu da yandırır: "45-də qəhrəman qayıdan kəsi Qoruya bilmədik öz içimizdə". Şeirlərində qocalıqdan gələn qərib küləklər də əsir: "Qatardan ayrılmış durna kimiyəm, Köç gedib, kimsə yox, tənha qalmışam" - deyir. "Elə oxşayıram" şeirində isə özü ilə milləti arasında bir oxşarlıq görür, bu da həssaslığın bir sonucu:

Ürəyim süfrədi-açıq və təmiz,
Bozaran sifətim tərs olmayır heç.
Başıma gələni unuduram tez,
Başıma gələnlər dərs olmayır heç.

Cavad Zeynalın şeirlərində həqiqət axtarışları - daha doğrusu, onu bir insan kimi narahat edən həyati məsələlər daha çox diqqəti cəlb edir. Deyir ki: "Min illərdi gəzirik, Haralara çapmırıq. Bir xəyaldı, deyəsən, Tapmırıq ki, tapmırıq".
Şairin də bütün ömrü həqiqət uğrunda mübarizələrdə keçir və Cavd da o şairlərdən biri. Bəzən istəyinə nail olur, bəzən yox. O həqiqəti əllərində tapır: "Əzəli qalamdı, məni qoruyur, Əzəli qalamı dünya sayıram. Qala əllərimə gecə baş qoyur, Qala əllərimdə yuxulayıram". Bəzən isə həqiqət axtarışları boşa çıxır, məğlubiyyətin etirafı səslənir: "Sürdüyüm bu ömür ömür deyilmiş, Ömür sanmamışam, yazıqlar mənə". Yaşın yetmişində səslənən bu etiraflar bir şair ömrünün sevincli, kədərli, enişli-yoxuşlu həyatının müxtəlif anlarını nişan verir. Axı, insan ömrü heç vaxt birxətli qaydada qala bilməz. Ümid də, ümidsizlik də, xoşbəxtlik də, bədbəxtlik də mütləq bir-birini əvəz etməlidir:

Vaxt olub gözümdə sökülübdü dan,
Açılan sabahlar səsləyib məni.
Üstümə atılan çirkab-çamurdan
İşıqlı olmağım gözləyib məni.
İşığa tuturam mən çox dibləri,
Çoxları düşünür səhv eləyirəm.
Üstümə yeriyən qara divləri,
Mən öz işığımla məhv eləyirəm.

Cavad Zeynalın 21 apreldə "525-ci qəzet"də dərc edilmiş şeirlərini də oxudum. Hiss olunur ki, Cavad yeni şeirlərində bir şair kimi poetik axtarışlarını davam etdirir. Mən onun səkkiz şeiri içərisində birini daha çox bəyəndim - "Göy sevgisi"ni.
Bu şeirdə C.Zeynalın təbiət hadisəsini poetik məna səviyyəsinə qaldırdığının şahidi oluram.
Neçə gündü yağış yağır, göyün bağrı sökülür, dağlar bu yağışdan lərzəyə düşür. Dünyanı yağış tufanı bürüyüb.

Günəş elə gizlənib,
Saçılmır ki, saçılmır,
Hıçqırığı ildırım
Bəxti qara qız kimi.
Qurumayır göz yaşı,
Ələyir payız kimi.
Göy sevgisi nə dərin,
Silkələyir Yeri də.
Eşqi daşa dəyibdi
Kimsəsi yox kiridə.

Göyün Yerə sevgisi belə olurmuş. Bir təbiət hadisəsində əbədi sevgi axtarışı...
Cavad Zeynalın şeirə qayıdışı onu bir ŞAİR kimi də tanıtdı. Amma axtarışlar hələ qabaqdadır. Bu yolda yorulmasın.


TƏQVİM / ARXİV